Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / İqtisadiyyat / “Ələt ofşoru” ətrafında nə baş verir? – İLGİNC DETALLAR

“Ələt ofşoru” ətrafında nə baş verir? – İLGİNC DETALLAR

Azərbaycanda yaradılmasına başlanan Ələt Azad İqtisadi Zonası ətrafında yenidən müzakirələr başlayıb. “Ələt Azad İqtisadi Zonası haqqında” Qanuna yerli şirkətlərin AİZ-də fəaliyyətinə icazə verilməsini nəzərdə tutan dəyişikliklərin edilməsi bir sıra deputatlar tərəfindən etirazla qarşılanıb. Deputat Qüdrət Həsənquliyev həm parlamentdə, həm də ondan sonra mediaya açıqlamasında qanunun bəzi bəndlərinin ölkə konstitusiyasına zidd olduğunu deyib: ““Ələt Azad İqtisadi Zonası” gömrük rüsumlarından və vergilərdən azad ərazi kimi ölkəyə xarici investisiya cəlb etmək məqsədilə yaradılmışdı. İndi yerli şirkətlərə də ixracı stimullaşdırmaq adı ilə həmin ərazidə fəaliyyət imkanı yaradılır və qanunun 24.2-ci maddəsinə görə, onlar Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürə biləcəklər (yəni ofşorlara). İxracı stimullaşdırmaq lazımdırsa, qəbul edilən qərarlar bütün sahibkarlara şamil olunmalıdır. Prezident qeyri-neft sektorunda ixracı stimullaşdırmaq üçün “İxracın və investisiyaların təşviqi” Fondu yaradıb və ixrac olunan malın gömrük dəyərinin 3 faizi dövlət büdcəsi hesabına sahibkara qaytarılır. Bu, yetərli deyilsə, əlavə qərarlar qəbul oluna bilər, amma hamı üçün. Konstitusiyanın 149-cu maddəsi tələb edir ki, normativ hüquqi aktlar “bərabər mənafelərə bərabər münasibətə” əsaslanmalıdır.

Bundan başqa, əlavə olunan 16.1-1-ci maddəyə əsasən, Azad Zonanın səlahiyyətli qurumu müəyyən kateqoriyadan olan işçilərin gəlirlərinə vergi tətbiq edə bilər. Bu da konstitusiyanın 94-cü maddəsinə ziddir. Həmin maddənin 15-ci bəndinə görə, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər barədə Milli Məclis 63 səs çoxluğu ilə qanun qəbul etməlidir. Bu səlahiyyət heç bir dövlət orqanına verilə bilməz. Vergilər Məcəlləsinin 190-2-ci maddəsi də bu mənada konstitusiyanın kobud şəkildə pozulmasıdır. 1991-ci ildə qəbul olunmuş “Aksizlər haqqında” Qanunda da qeyd olunurdu ki, hər il büdcə qanunu ilə yanaşı, aksiz vergilərinə cəlb olunan malların siyahısı və dərəcələri də Milli Məclis tərəfindən təsdiq olunur. Ali nümayəndəli orqanın (parlamentin) iştirakı olmadan heç bir dövlət idarəetməsi hakimiyyət bölgüsünə əsaslanan hüquqi dövlətdə vergi dərəcələrini, rüsumları müvafiq icra hakimiyyəti orqanı təkbaşına müəyyən edə bilmir. Bizim konstitusiya da buna yol vermir”.

Qüdrət Həsənquliyev: “İnsanlar düşünəndə ki, bu qaragüruh hakimiyyətə gələ  bilər, onları dəhşət bürüyür”

Qüdrət Həsənquliyev 

Deputat “Ələt Azad İqtisadi Zonası haqqında” Qanunun 26-cı maddəsinə  dəyişikliyi də əsas qanunumuza zidd hesab edib: “Həmin normaya görə, insan və vətəndaş hüquq və azadlıqları ilə bağlı mübahisələr də Azad Zonanın müstəsna yurisdiksiyasına aiddir. Bu isə konstitusiyanın 71-ci maddəsinin kobud pozulmasıdır.  Ona görə azad zonanın səlahiyyətli qurumu əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar Əmək Məcəlləsindən fərqli qaydalar nəzərdə tuta bilməz. Bunu yalnız konstitusiyanın ”Əsas insan və vətəndaş hüquqları və azadlıqları” adlanan 3-cü fəslinin normaları nəzərə alınmaqla Milli Məclis qanun qəbul etməklə edə bilər”.

Sədr təyin olunan Valeh Ələsgərov kimdir? - DOSYE » Anews.az Azərbaycan  xəbər portalı

Valeh Ələsgərov

“Ələt Azad İqtisadi Zonası”nın İdarə Heyətinin sədri, sabiq vitse-spiker Valeh Ələsgərov isə  vurğulayıb ki, layihə Prezident Administrasiyası daxil olmaqla, bir çox dövlət qurumlarında müzakirə olunub, heç kim konstitusiyaya zidd heç nə aşkar etməyib. Valeh Ələsgərov deputatlardan şikayətlənib: “Bir nəfər olsun gəlib işlərin necə getdiyi ilə maraqlanmadı, niyə burda oturduğumuzla maraqlanmadı. Buna görə də xahiş edirəm, əgər imkan varsa, gəlin yerində bütün məsələlərə baxın”.

Milli Məclisin digər üzvü, iqtisadçı-alim Vüqar Bayramov bildirir ki, qanuna  təklif edilən dəyişikliklərə əsasən, daxili qaydalarla müəyyən edilən hallarda və azad zonada fəaliyyət göstərən hüquqi şəxslər bütün vergilərdən azad olunacaqlar: “Dəyişikliyə görə, artıq iqtisadiyyatın əsas vergiödəyiciləri azad zonaya satdıqları mallara görə ƏDV, göstərdikləri xidmətlərə görə isə ödəmə mənbəyində vergitutmadan azad olacaqlar. Bu, zonada fəaliyyət göstərən sahibkarların yerli məhsul və xidmətlərə tələbini artırmaq məqsədi daşıyır.

Əsas iqtisadiyyatdan mal və xidmətlərin alınmasında yeni qaydalar tətbiq olunacaq. Bu zaman bu alqı-satqı ƏDV və ödəmə mənbəyindən tutulan vergilərdən azad edilir. Bu, zonada çalışan şirkətlərə yerli mal və xidmətlərdən istifadəni təşviq etmək məqsədi daşıyır.

Hesab edirəm ki, əsas iqtisadiyyatda fəaliyyət göstərən yerli sahibkarlar üçün zona ilə əməkdaşlıq zamanı xüsusi təşviq məqsədəuyğun olardı. Ələt Azad İqtisadi Zonasında fəaliyyət göstərən sahibkar istehsal etdiyi məhsulun ən azı 75 faizini ixrac etməlidir. Bununla yanaşı, digər 25 faizin ölkə daxilində satılması yerli sahibkarların rəqabət imkanlarına təsir edə bilər. Buna görə də məhz zonada istehsal edilən məhsulların ölkə daxilində satılmasının rəqabətə təsirlərinin ayrıca qiymətləndirilməsinə ehtiyac var. Çünki bu 25 faiz kifayət qədər ciddi rəqəmdir. Bu, əsas iqtisadiyyatda eyni mal və xidmətlərin istehsalçısı olan şirkətlərin rəqabətdə uduzmasına səbəb olacaq. Buna görə də əsas iqtisadiyyatdakı belə sahibkarlar üçün də eyni hüquqlar nəzərdə tutulmalıdır”.

V.Bayramova görə, qanunda AİZ-də çalışacaq şəxslərin əmək  və sosial hüquqları daha aydın və konkret ifadə olunmalıdır.

Rövşən Ağayev: “...Hökumət ekologiyaya sədaqətini başqa yolla da sübut edə  bilər”

Rövşən Ağayev

İqtisadçı-ekspert Rövşən Ağayevin “Yeni Müsavat”a dediyinə görə, dünyada azad iqtisadi zonalarda yerli şirkətlərin də fəaliyyətinə icazə verilməsi təcrübəsi var: “Hətta İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ümumiyyətlə, hesab edir ki, yerli və xarici investora münasibətdə heç bir halda diskriminasiya tətbiq olunmamalıdır. Lakin dünyada fərqli ölkələrdə fərqli təcrübələr var. Məsələn, azad iqtisadi zonalarla bağlı ən yüksək nəticələr əldə etmiş Birləşmiş Ərəb Əmirliklərində – Dubayda yalnız xarici investora icazə verilir zonada qeydiyyatdan keçməyə. MDB ölkələrindən Rusiya və Qazaxıstan azad iqtisadi zonalarla bağlı nisbətən daha irəli gediblər. Onlarda yerli şirkətlərə də zonada qeydiyyatdan keçməyə icazə verilir. 2018-ci ildə Rusiyada azad iqtisadi zonalarda qeydiyyatdan keçmiş 400-dək şirkətin cəmi 80-i xarici investor idi. Qazaxıstanda da təxminən eyni vəziyyətdir. Bu ölkələr zonalara xarici investorları cəlb edə bilmirlər, məcbur olub yerlilərin orada işləməsinə şərait yaradırlar”.

Ekspertin fikrincə, daha yaxşı olardı ki, Ələt AİZ-də də yalnız xarici şirkətlərin fəaliyyətinə icazə veriləydi: “Azad iqtisadi zonanın fəlsəfəsi daha çox xarici investor cəlb etməkdir. Xarici investisiya həm də qabaqcıl texnologiyaların, innovasiyaların ölkə iqtisadiyyatına cəlbinə şərait yaratmaq deməkdir. Bu olmayacaqsa, onsuz da yerli investorlar üçün kifayət qədər əlverişli şərtlər yaradılıb. Götürək elə investisiya təşfiqi sənədini. Bu sənədi alan investorlar 7 il gəlir və mənfəət vergisinin 50 faizindən, ƏDV, torpaq və digər vergilərdən tam azaddırlar. Yəni yerli investorlar üçün hökumət onsuz da əlverişli şərtlər yaradıb. Bizim kimi inhisarlaşmanın olduğu, iqtisadi sistem üzərində ictimai nəzarətin, parlament nəzarətinin olmadığı ölkələrdə bunun fəsadları o olacaq ki, onsuz kifayət qədər imtiyaz almış monopol iqtisadi qruplar həm də azad iqtisadi zonanın verdiyi pereferensiyalardan gen-bol istifadə edəcəklər. Öz kapitallarının ölkədən daha rahat şəkildə çıxarılması imkanı qazanacaqlar. Hökumət bu prosesdə maraqlıdırsa, imkan verəcək ki, daha çox monopol qruplardan olan şirkətlər gedib orada fəaliyyət göstərsinlər. Bu halda ən azı belə bir yanaşma tətbiq oluna bilər: yerli sahibkar zonadan daxili bazara satdığı məhsula görə bütün vergilərə cəlb olunsun. Yəni indiki qanuna əsasən istehsal etdiyi məhsulun 25 faizə qədərini daxili bazarda sata bilər. Əgər belə olarsa, bu, eyni məhsulun istehsalçısı olan digər sahibkar üçün qeyri-bərabər rəqabət mühiti formalaşdıracaq. Bunun qarşısını almaq üçün azad zonadan daxili bazara satılan mal və xidmətlərin vergiyə  cəlb olunması çox vacibdir”.

R.Ağayevin fikrincə, Ələtdə yaradılan azad iqtisadi zonanın modeli də kifayət qədər maraq doğurur: “Dünya praktikasında belə zonalar ya azad ticarət zonası kimi, ya azad ixrac zonası kimi yaradılır. Yaxud sərbəst iqtisadi zona ixtisaslaşmış istehsal – yüksək texnoloji, hansısa tekstil və ya emal sənayesi məhsulları istehsalı üzərində qurulur. Açığı, Ələtdəki azad zonanın hansı prinsip əsasında yaradıldığı da bilinmir hələ. Bir də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının əsas tövsiyələrindən biri budur ki, bu sistemin şəffaf işləməsi, bütün sahibkarlara diskriminasiyasız davranılması üçün, effektiv olması üçün azad iqtisadi zonanın idarəçiliyi müstəqil direktor şurasına həvalə olunmalıdır. Adətən dünya təcrübəsində müstəqil direktorlar şurasında dövlət qurumları ilə yanaşı peşəkar biznes adamlarının, hətta mümkündür ki, xaricdən cəlb olunmuş insanların təmsilçiliyi təmin olunur. Azərbaycanda isə bildiyiniz kimi, idarəçilik təyin olunan şəxsə həvalə edilib”.

Həmçinin oxuyun

Avropa Komissiyasının Prezidenti: “Azərbaycan qaz təchizatında alternativ tərəfdaşdır”

Rusiya qazından başqa etibarlı təchizatçılara doğru şaxələndirmək üçün çox üsul var. ABŞ, Norveç və Azərbaycan …