Cümə axşamı , Oktyabr 21 2021
Ana səhifə / İdman / Zaur Ramazanov: “Keşlə”nin Konfrans Liqasında yeri yox idi…”

Zaur Ramazanov: “Keşlə”nin Konfrans Liqasında yeri yox idi…”

Azərbaycanın tanınmış veteran futbolçusu Zaur Ramazanov klublarımızın avrokuboklardakı çıxışları ilə bağlı fikirlərini bildirib.
O, Qaynarinfo-ya açıqlamasında təmsilçilərimizin çıxışlarını və qrup mərhələsinə düşmək şanslarını dəyərləndirib. Zaur bəy ikinci təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Yunanıstanda “Olimpiakos”a məğlub olan “Neftçi” haqda bunları söyləyib: “Neftçi” pis deyil. Bir məqam var ki, 5 müdafiəçi ilə oynayırlar. Amma ümumilikdə quruluş pis deyil. İndi durub desəm ki, “Neftçi”nin vəziyyəti yaxşı deyil, bu düz olmaz. Komanda bu gün nəsə etmək istəyir. İstənilən halda “Olimpiakos”la oyun çətin olacaq. “Dinamo” ilə qarşılaşmaya gəlincə, hamımız bilirdik ki, onlar bizdən zəifdirlər. Ona görə də “Neftçi” onları keçməyə borclu idi. “Olimpiakos”la oyunda “Neftçi”yə ümid çox azdır. Komandada hücum xətti zəifdir. Təkcə Namiqlə iş alınmaz. Gördünüz, Namiq zədələndi, hücum zəiflədi. Nəsə etmək istəyirlərsə, ön xəttə yaxşı hücumçu almalıdırlar. Bir də ki, müdafiədə çox səhv edirlər, boşluqlar yaradırlar. Məsələn, “Dinamo” elə də güclü rəqib deyildi. Ancaq o oyunda belə “Neftçi”də boşluqlar yaranırdı. Hətta həmin səhvlərə görə qol buraxdılar. Sanki bir-birilərini başa düşmürlər. Mən elə görürəm”.
Keçmiş futbolçu “Neftçi”nin yeni transferlərinin çıxışlarına da toxunub: 
“Düzünü desəm, hələ heç nə görmürəm. Yenidirlər, bəlkə gələcəkdə nəsə ola bilər. Hazırda isə kömək etdiklərini, yaxud təkan verdiklərini görmürəm. “Neftçi”də bilirdilər ki, Çempionlar Liqasındakı rəqiblər güclü olur. Hər ölkənin çempionu iştirak edir. Ona görə də komandanın heyəti əvvəlcədən qurulmalı, gücü müəyyənləşdirilməli idi. Təlim-məşq toplanışında anlamalı idilər ki, onlara nə lazımdır, çatışmazlıqlar hansılardır. Bəlkə istədikləri futbolçuları tapmayıblar. Bilmədiyimiz məqamlar ola bilər. Bəlkə gəlmək istəyənlər daha çox maliyyə tələb ediblər. Məncə, rəhbərlikdən əvvəl məşqçi hansı mövqelərə futbolçu lazım olduğunu düşünməlidir. Rəhbərlik istəmirsə, deməli, liqada irəliləmək, qrupa düşmək haqda fikirləşməməlidirlər. Ancaq rəhbərlik iddialı danışırdı. Bunun üçün yaxşı transferlər edilməlidir”.
Ramazanov “Qarabağ”ın Konfrans Liqasındakı ilk matçı haqda da danışıb: 
“Qarabağ” həmişə Çempionlar Liqasından başlamağa öyrəşmişdi. Kim deyirsə İsrail komandası zəifdir, belə deyil. Dünən oyunda idim. Mənə güclü rəqib kimi göründülər. Sadəcə, qapandılar ki, heç-heçəyə oynasınlar. Bir məsələ də var. “Qarabağ” həmişə ev oyunlarını çox zəif keçirir. Yəni qol vurmaq baxımından zəiflik göstərirlər. Ancaq səfərdə həmişə yaxşı çıxış edirlər. Düşünürəm ki, belə də olacaq. Burda da yaxşı oynadılar. Sadəcə, real qol vəziyyətlərindən yararlana bilmədilər. Bir də ki, yeni transferlər o qədər də ürəkaçan deyil. Ramil Şeydayev “Qarabağ”da əvvəl də olub. Ancaq özünü göstərə bilməyib. Bəlkə məşqçi onda nəsə görüb deyə, yenidən transfer ediblər. Məncə, baş məşqçi ona inanır və yenə şans verəcək. Əvvəl də birlikdə çalışıblar. Qurban onu tanımasaydı, inanmıram ki, transfer edərdi. Fikrimcə, yeni transferlər də olacaq. “Qarabağ” əlinə düşən imkanlardan istifadə edə bilmədi. Bəxtsizlik yaşadıqlarını düşünürəm. Həm də ilk oyunlar həmişə çox ağır olur. Çünki təlim-məşq toplanışından qayıdırlar, sonra yenidən meydana çıxırlar. Bunların təsiri olur. Çempionatda həmişə birinci oyun kimin kimdən daha güclü olduğu bilinmir. “Qarabağ”da isə əksinədir. Həmişə ilk oyunda zəif oynayırlar. Komandada oyun quruluşu var. Mənə elə gəlir səfərdə rahatlıqla keçəcəklər”.
Zaur Ramazanov “Keşlə” və “Sumqayıt”ın çıxışları haqda da düşüncələrini bölüşüb. O, xüsusən də “Keşlə”nin Konfrans Liqasına getməməli olduğunu bildirib: 
“Soçi” haqda geniş danışmağa ehtiyac yoxdur. Güclü komandadır. “Keşlə” isə nə transfer etdi, nə də… Sanki hər şeylə razılaşmışdı. 0:3 uduzduqları oyuna baxmamışam. Amma inanın, məndən soruşanda, cavab verirdim ki, Rusiyada ən azı 2-3 qol olacaq. “Keşlə”də o gedir, bu gəlir. Nə qədər məşqçi dəyişikliyi olar? Bu gün “Keşlə”nin tutduğu yerlə kubok uyğun gəlmir. Mən elə başa düşürəm ki, “Keşlə”nin Konfrans Liqasında yeri yox idi. Məsələn, oraya “Zirə” getsəydi daha yaxşı oyunlar göstərə bilərdi. Çempionatda “Zirə”yə haqsızlıq edildiyini düşünürəm. Siz də mənim yerimə olsaydız, eyni sözləri deyərdiz. Görürsünüz haqq öz yerini tapır. “Sumqayıt”a gəlincə, onların da oyununa baxmadım. Amma səfərdə heç-heçə etmək fikrimcə, uğurdur. “Çukariçki” səviyyə baxımıdan üstündür. Deyilənə görə, serbiyalılar çoxlu qol vəziyyəti yaratsalar da, istifadə edə bilməyiblər”.
Maraqlıdır veteran hücumçu bu klublarımızdan hansına daha çox ümid bəsləyir? 
“Qarabağ”dan qrupa düşməyi gözləyirəm. Buna öyrəşmişik. “Neftçi”yə də ümidlər var. Kənardan danışmaq, “zəif komandalar” demək düzgün deyil. Komanda ora gəlib çıxırsa, deməli, zəif deyil. Zəif bilirsinizmi necə ola bilər? Məsələn, “Keşlə” kimi komanda təsadüfən gedib ora çıxıb. Belə hal bir-iki dəfə yaşana bilər. Amma “zəif” sözü yoxdur. Təcrübə demək olar. “Qarabağ” daimi oynadığına görə, ola bilər, daha çox mərhələ keçsin. Yenə də, hər zaman qarşısına özü kimi köklü bir klub çıxa bilər. Elə başa düşürəm ki, “Qarabağ” çox irəli gedəcək. Sadəcə, transferləri yarımçıq qalıb. İstədikləri futbolçuları tapa bilməyiblər. Məsələn, Mahir Emrelinin yeri görünür”.
Millimizin sabiq üzvü “səfər qolu” prinsipinin ləğ olunmasını yaxşı hal kimi dəyərləndirib: 
“Əla qiymətləndirirəm. Çox gözəldir. Çünki məsələn, kimsə səfərdə təsadüfi qol vurub gedir. Bu isə maneəçilik yaradır. Amma bu, ədalətli, ürəkaçan qərardır. Kim nəyə layiqdir, elə də olacaq”.

Həmçinin oxuyun

Oyundan əvvəl stadionunun tablolarında Əşrəfoğlunun şəkli əks olundu – FOTO

Koronavirusdan dünyasını dəyişmiş tanınmış jurnalist Elnur Əşrəfoğlunun xatirəsi “Qarabağ” və Qazaxıstanın “Kayrat” komandaları arasında UEFA …