Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Voleybol Federasiyasına üçqat dəstək – Dövlət başçısı hər 3 oyunu tribunadan izlədi…

Voleybol Federasiyasına üçqat dəstək – Dövlət başçısı hər 3 oyunu tribunadan izlədi…

Sentyabrın 25-də qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “A” qrupunda yer alan Azərbaycan milli komandası Almaniya yığması üzərində inamlı qələbə qazanaraq dörddə bir finala yüksəlib.
Prezident İlham Əliyev dalbadal hər üç matçda milli komandamızın oyununa baxıb.
Dövlət başçısının hər üç oyuna baxmağa gəlməsi voleybolçularımıza ruh verib və onlar bütün oyunları qələbə ilə başa vurublar.
Bu məqam həm ölkə rəhbərinin Azərbaycan idmanına göstərdiyi diqqətin, həm də voleybolçularımıza və bütövlükdə bu idman növü üzrə fəaliyyət göstərən federasiyaya yüksək etimadının nəticəsidir. Bu günədək belə bir hal yaşanmayıb ki, Prezident ölkəmizdə hansısa idman növü üzrə keçirilən yarışlara bir neçə gün ardıcıl baxmağa gəlsin. Doğrudur, dövlət başçısı Azərbaycanda keçirilən əksər beynəlxalq yarışları şəxsən tribunadan izləyib. Bununla da idamana olan diqqətini nümayiş etdirib, Azərbaycan gənclərinin idamana marağının artırılmasına stimul verib. Nəzərə almaq lazımdır ki, Prezidentin kifayət qədər sıx iş qrafiki var və belə yarışları izləməyə əlbəttə ki, vaxtı yoxdur. Ancaq ölkə rəhbəri işlərinin çoxluğuna baxmayaraq, belə yarışlarda mütləq iştirak edir. Prezident dəfələrlə bildirib ki, hətta tribunadan baxmağa imkanı olmayanda, o, mütləq televiziya vasitəsilə milli komandalarımızın yarışlarını izləyir. Və bunu bütün idmançılarımız bildiyindən onlar daha həvəslə və məsuliyyətlə oynayırlar.
Təbii ki, Azərbaycan bu yarışlara çox ciddi hazırlıq işləri görmüşdü. Xatırladaq ki, Prezidentin 2016-cı il 18 noyabr tarixli sərəncamı ilə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb. Dövlət başçısının sərəncamında qeyd olunur ki,  Avropa Voleybol Konfederasiyasının 2016-cı ilin sentyabr ayındakı yığıncağında 2017-ci ildə voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 3 qrup oyununun, play-off mərhələsi oyunlarının və final oyununun 19 sentyabr–01 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycanın  idman sahəsində qazandığı nailiyyətlərə verilən yüksək qiymətin təzahürüdür. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin, xüsusən ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, eləcə də bir çox idman növləri üzrə Dünya və Avropa çempionatlarının, Dünya Kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu Avropa çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır.
Budur, artıq Avropa çempionatı yüksək səviyyədə keçirilir və Azərbaycan idmançıları ardıcıl qələbələrlə bizi sevindirirlər.
Prezidentin sərəncamı ilə yaradılmış, Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərlik etdiyi  təşkilat komitəsi bu çempionata ciddi hazırlaşdığından hər şey öz qaydasındadır. Ancaq ədalət naminə deyək ki, bu işdə Voleybol Federasiyasının xüsusi əməyi var. Voleybol Federasiyasının kollektivinə həm bu çempionatın yüksək səviyyədə təşkilində xüsusi əməyi olduğuna, həm də yarışa qələbələrlə bizi sevindirən belə komanda çıxardığına görə çox sağ ol demək lazım. Prezidentin ardıcıl üç yarışa baxmağa gəlməsi də bu federasiyaya yüksək etimadın nəticəsi idi və ölkə rəhbəri bununla həm təşkilat komitəsindən, həm də Voleybol Federasiyasının (Xatırladaq ki, federasiyanın prezidenti Cavid Qurbanovdur) fəaliyyətindən  nə qədər razı olduğunu ifadə etmiş oldu.
Azərbaycan voleybol komandasının Avropa çempionatında belə uğurlu çıxışı Voleybol Federsiyasının və idmançılarımızın zəhmətinin bəhrəsidir. Bildiyimiz kimi, Azərbaycanda voleybol hələ XX əsrin ortalarından məşhurlaşmağa başlayıb. Xüsusilə qadın voleybolu ölkədə inkişaf edib. Dünyada ilk və hələki yeganə 4 dəfə Olimpiya mükafatçısı olan voleybolçu məhz Azərbaycan voleybol məktəbinin yetirməsi olan İnna Rıskaldır. 18 yaşlı azərbaycanlı voleybolçu İnna Rıskal SSRİ milli komandasıyla 1962-ci ilin dünya çempionatında iştirak edib. Yalnız finalda məğlub olan SSRİ yığması gümüş medallara sahib çıxıb. Bu gənc azərbaycanlı voleybolçunun beynəlxalq arenada ilk uğuru olub. İlk altılığın əsas oyunçusuna çevrilən İnna Rıskal ardıcıl olaraq 4 Olimpiya Oyunlarında iştirak edib və komandanın liderlərindən birinə çevrilib. O, Yay Olimpiya Oyunlarında qazandığı 4 medalla tarixi rekorda imza atıb. Qürurvericidir ki, bu rekord hələ də yenilənməyib və  Azərbaycan voleybolunun yetirməsi bu ünvanı daşıyır. Belə ki, İnna Rıskalla bərabər daha bir Azərbaycanlı voleybolçu, Bakı voleybolunun yetirməsi Vera Lantratova da iki dəfə SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarının mükafatlarını qazanıb. Daha bir qürurverici fakt ondan ibarətdir ki SSRİ yığması kimi böyük voleybolçu seçiminə malik olan voleybol komandasının heyətində iki azərbaycanlı voleybolçu çıxış edib və onun ən böyük uğurlarında pay sahibi olub.
1966 və 1972-ci illərdə Azərbaycanın qadınlardan ibarət “Neftçi” voleybol klubu SSRİ çempionatının bürünc mükafatlarını qazanıb. Neftçi voleybol klubunun oyunçuları həmçinin 1967-ci ildə Azərbaycan milli komandası adı altında SSRİ ölkələri çempionatlarının bürünc mükafatlarını əldə ediblər.
Bakının BMKZ komandası ilk müstəqil Azərbaycan voleybol klubu adı altında Avropa Kuboklar Kuboku turnirində iştirak edib və yalnız finalda məğlub olaraq Avropa Kubokunun gümüş medalını qazanıb. Müstəqillik qazandıqdan sonra Azərbaycan qadın milli voleybol komandası 1994-cü ildə Braziliyada keçirilən dünya çempionatında iştirak edib və 9-cu yeri tutub. Sənədlərin doldurulması zamanı edilən səhvlərin ucbatından yüksəlişdə olan Azərbaycan milli komandası Beynəlxalq Voleybol Federasiyası tərəfindən 3 il müddətinə diskvalifikasiya olunub. Olduqca qüvvətli və perspektivli voleybolçulara malik olan Azərbaycan voleybolu bu üç il ərzində inanılmaz itkilərə məruz qalıb. Və beləliklə Yelena Şabovta, Alla Həsənova, Alla Teterina, Viktoriya Ravva, Oksana Məmmədyarova kimi oyunçular Türkiyə, Rusiya və başqa ölkələrə üz tutublar. Bu oyunçularla yanaşı Feliks Məmmədov, Faiq Qarayev kimi tanınmış mütəxəssislər də Türkiyə kimi ölkələrə gediblər. Onların səyi nəticəsində Türkiyədə voleybol daha da inkişaf etməyə başlayıb. Faiq Qarayev Türkiyə milli komandasını Avropa Elitasına çıxardaraq böyük bir uğura imza atıb. Uzun müddət Türkiyədə çıxış etdikdən sonra İlham Əliyevin şəxsi təşəbbüsü ilə Faiq Qarayev və voleybolçu qızlarımız Azərbaycan voleyboluna qaytarılıblar. Ancaq bəzi oyunçular voleybol komandamıza qayıtmayıblar. İndi onlar Fransa, Türkiyə kimi komandaların heyətində qazanılan uğurlarda pay sahibidirlər. Amma onlarsız belə uğur özünü çox gözlətməyib. Son illər Voleybol Federasiyasının uğurlu fəaliyyəti nəticəsində milli komandamız möhtəşəm nailiyyətlərə imza atıb. Bütün bunların nəticəsidir ki, komandamız bu gün həm Prezident İlham Əliyevi, həm də bütün xalqımızı sevindirdi.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …