Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İdman / “UEFA apellyasiya şikayətimizi qəbul etmədi, CAS-a müraciət edəcəyik” – Nurlan İbrahimovun vəkili

“UEFA apellyasiya şikayətimizi qəbul etmədi, CAS-a müraciət edəcəyik” – Nurlan İbrahimovun vəkili

UEFA tərəfindən “Qarabağ”ın Mətbuat Xidmətinin Rəhbəri Nurlan İbrahimova verilən cəza həddindən artıq sərtdir və hesab edirik ki, UEFA bu qərarı aramsız təzyiq altında qəbul edib.

Bunu Oxu.Az saytına açıqlamasında Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev deyib.

Vəkil bildirib ki, bununla bağlı qərar qəbul ediləndən sonra UEFA-ya verdikləri apellyasiya şikayəti qəbul edilməyib:

“Təəssüf ki, şikayətimiz qəbul edilmədi. Zənnimizcə, bunda süni əngəllər də əsas rol oynadı”.

F.Haqverdiyev qeyd edib ki, bu gün qitənin ali futbol qurumuna daha bir etiraz ünvanlasalar da, yenə də cəhdləri uğursuz olub:

“Növbəti etirazımız da UEFA tərəfindən bu gün verilmiş qərarla, apellyasiya şikayətinin mahiyyətinə baxılmadan qəbul edilmədi. Hesab edirik ki, UEFA-nın qəbul etdiyi qərar əsassızdır, belə ki, qurumun apellyasiya şikayətinin mahiyyətinə baxmadan onu qəbul etməməsi nəticəsində Nurlan İbrahimovun ədalətli məhkəmə araşdırması hüququ tamamilə pozulub. Nurlan bəy iş üzrə etirazlarını, sübutlarını, işin halları ilə bağlı izahatlarını təqdim etmək hüququndan məhrum edilib”.

Vəkil bildirib ki, iş üzrə hüquqi həll imkanları tükənməyib:

“Bu qərardan sonra İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət hazırlanıb veriləcək. Ümid edirik ki, qeyd etdiyimiz pozuntular CAS tərəfindən aradan qaldırılacaq və yekunda Nurlan bəyə münasibətdə ədalətli qərar veriləcək”.

Fərid Haqverdiyev proses zamanı məsələ ilə bağlı Nurlan İbrahimova dəstək olan hər kəsə təşəkkür edib:

“Bu müddət ərzində dəstək olan, maraqlanan hər bir kəsə həm öz, həm də Nurlan bəyin adından təşəkkür edirəm. Dəstəyiniz üçün minnətdaram”.

Həmçinin oxuyun

Güləşçilərimiz turnirdə 10 medal qazanıblar

Güləş üzrə Azərbaycan millisi Türkiyənin Antalya şəhərində keçirilən “Çempionlar” turnirini 10 medalla başa vurub. Azərbaycan …