Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / Tofiq Bəhramovun oğlu: “Atamı İngiltərədə hamı tanıyır”

Tofiq Bəhramovun oğlu: “Atamı İngiltərədə hamı tanıyır”

“Vaxt gələcək “Qarabağ” “Çelsi”ni 7-0 məğlub edəcək”

Azərbaycanın əfsanəvi futbol hakimi, 1996-cı ildə keçirilən Dünya Çempionatının finalında verdiyi qərarla tarixə düşən Tofiq Bəhramovun oğlu Bəhram Bağırov AzVision.azın suallarını cavablandırıb.

-Bəhram bəy, necəsiniz?

-Yaxşıyam, amma çox gəzə bilmirəm, bir az zəifləmişəm. Hazırda müalicə alıram. Təzyiqim yüksək olduğuna görə səhhətimdə problemlər yaranır.

-Futbol matçlarını izləyirsinizmi? Məsələn, “Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına baxdınız?

– Bəli, “Qarabağ”- “Çelsi” oyununu izlədim. Çempionlar Liqasına çıxmaq böyük uğurdur. Amma “Çelsi” çox güclüdür. “Qarabağ” yaxşı futbol klubudur. “Çelsi” isə təcrübəli klubdur. “Qarabağ” yavaş-yavaş inkişaf edəcək, təcrübə qazanacaq. “Çelsi” “Qarabağ”ı 6:0 məğlub etdi, amma vaxt olacaq “Qarabağ” “Çelsi”ni 7:0 məğlub edəcək.

– “Neftçi” çox zəifləyib. Sovet dövründəki “Neftçi”dən əsər-əlamət qalmayıb.

– Doğrudur, “Neftçi” zəifləyib, amma “Qarabağ” güclənib.

– Bakıda keçirilən “Qarabağ”- “Roma” oyununu Olimpiya stadionundan izlədiniz?

– Yox, təzyiq probleminə görə evdən çıxa bilmirdim. Çalışıram oyunları televizordan izləyim.

-Maraqlıdır, “Qarabağ” ingilislərə böyük hesabla məğlub oldu, amma atanızın qərarı ilə İngiltərə illər öncə dünya çempionu olmuşdu.

– “Qarabağ” uduzanda qəribə hisslər keçirdim. Qəbul edək ki, bu, oyundur. Həm də “Qarabağ” “Çelsi”dən zəifdir, ona görə məğlub oldu. İki-üç ildən sonra “Qarabağ” da güclənəcək.

-Tofiq Bəhramovu ingilislər hələ də unutmayıblar. Bəs sizə qarşı münasibətləri necədir?

– İngilislər mənə həmişə hörmət göstərirlər. Məndən müsahibələr alırlar. Britaniyanın ölkəmizdəki səfirliyi bayramlarda məni tədbirlərə dəvət edirlər.

-Atanız sağ olsaydı, Azərbaycan futbolu hansı səviyyədə olardı?

-İndi hər şey dəyişib. Hazırda yaxşı futbol mütəxəssisləri, məşqçilər var. O vaxt Sovet dövrü idi. Şərait tam fərqli idi. Zaman keçdikcə inkişaf özünü göstərir. Onda “Neftçi”yə daha çox maraq vardı, indi isə “Qarabağ”a…

Atam peşəkar mütəxəssis idi. O, futbolla yaşayırdı. Həyatını futbola həsr etmişdi. Tofiq Bəhramov Azərbaycanı çox sevirdi. O, dünyanın 52 ölkəsində Azərbaycanı futbol sahəsində tanıdıb.

-Ənənəvi olsa da, soruşmaq istərdim: 1966-cı ildə tarixə düşən İngiltərə-Almaniya oyununda atanızın qərarı doğru idi? Yəni, həmin epizodda qol var idi?

-Atam ən doğru qərarı vermişdi. O epizodda 100 faiz qol var idi.

-Atanız bu haqda nə deyirdi?

-Atam həmişə deyirdi ki, həmin oyun zamanı qol vurulub. Kritik qərara görə, atam heç vaxt peşman olmayıb. Həmin epizodda top 10 santimetrə qədər qapıya girmişdi. Yəni, qapı xəttini keçmişdi. İllər ötsə də, atamın doğru qərar verdiyinə əminəm.

-Atanızın son günlərini necə xatırlayırsınız?

-Atamın ürəyi xəstə idi, iki dəfə infarkt keçirmişdi. Ağır günlər keçirirdi.

-Tofiq Bəhramov ailədə necə bir insan idi?

-Atam bir az əsəbi idi. Futbol oyunlarına görə həyəcan keçirirdi. Daha çox xaricə gedən zaman onda narahatlıq hiss olunurdu.

– Mətbuatda belə məlumat yayılmışdı ki, Tofiq Bəhramova daimi yaşaması üçün İngiltərəyə dəvət olub, amma qəbul etməyib.

-SSRİ vaxtı vəziyyət fərqli idi. Belə bir şey mümkün deyildi. Hətta deyim ki, atam heç vaxt Almaniyada olmayıb.

İndiyə qədər İngiltərədə “Uemblİ” stadionunun qarşısında quraşdırılmış monitorda 1966-ci ildə atamın idarə etdiyi oyun zamanı vurulan qol nümayiş etdirilir. Atamı İngiltərədə hamı tanıyır. Ona hörmətlə yanaşırlar.

-Ailənizdə Tofiq Bəhramovun yolunu davam etdirən varmı?

-Oğlum atamın adını daşıyır. O da Tofiq Bərahmovdur. Amma, futboldan uzaqdı, tamamilə başqa sahədə çalışır.

-Tofiq Bəhramov adı sizə nələri qazandırıb?

-Atamın adına hamı hörmət edir. Buna görə bizə heç vaxt ziyan gəlməyib. Əksinə, bu ad bizə çox şey qazandırıb. Atama görə mənə hər yerdə hörmət edirlər, tanıyırlar.

-Atanız sizin üçün ən çox nə ilə yadda qalıb?

-Atam nəvələrini çox sevirdi. Onları tez-tez bulvara gəzməyə aparırdı. Çalışırdı boş vaxtlarını ailəsinə sərf etsin. Bakı və ailəsi onun üçün çox əziz idi.

-Siz niyə atanızın yolunu davam etdirmədiniz?

-Tofiq Bəhramov kimi adamlar yüz ildə bir dəfə dünyaya gəlirlər. Adi bir hakim olmağa nə var ki…

-Atanızın adını daşıyan stadiona gedən zaman bilet alırsınız?

-Bilet nədir? Mən heç vaxt bilet almıram. Biletsiz keçirəm. Atamın adı mənim biletimdi. ViP zalda əyləşib, oyunları izləyirəm.

-Tofiq Bəhramovu sevənlərə nə demək istərdiniz?

-Hər kəsə can sağlığı arzu edirəm. Futbolu sevin. İnşallah “Qarabağ” da, milli komandamız da qalib olacaq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …