Ana səhifə / İdman / Tərlan Əhmədov: ““Neftçi” 100 faiz məğlub olacaq”

Tərlan Əhmədov: ““Neftçi” 100 faiz məğlub olacaq”

Çempionlar Liqasının ilk təsnifat mərhələsində Tbilisi “Dinamo”sunu iki oyunun nəticəsinə əsasən məğlubiyyətə uğradan “Neftçi”nin növbəti rəqibi “Olimipiakos” olacaq. İkinci təsnifat mərhələsində Yunanıstan klubu ilə qarşılaşacaq flaqmanın oyunu haqda fikirlər birmənalı deyil. Komandanın qələbə qazanmasına baxmayaraq istənilən səviyyəyə gəlib çatmadığını düşünənlərdən biri də Azərbaycanın tanınmış mütəxəssislərindən olan, “Neftçi”nin sabiq baş məşqçisi Tərlan Əhmədovdur.
Veteran futbolçu Qaynarinfo-ya müsahibəsində həm komandanın çıxışları haqda düşüncələrini bölüşdü, həm də  qarşıdakı matçlarla bağlı şansları dəyərləndirdi. 
– “Neftçi”nin Gürcüstandakı və Bakıdakı matçı barədə nə deyə bilərsiniz? İki oyun arasında hansı fərqlər nəzərə çarpırdı?
– “Neftçi”ni mərhələ adladığı üçün təbrik edirəm. Hər halda bu bizi sevindirir. Amma getdikcə daha güclü rəqiblər gəlir. Bilirik ki, növbəti mərhələdə “Olimpiakos”la qarşılaşacaqlar. Bu “Dinamo”dan daha səviyyəli komandadır. İki oyun arasındakı fərqlərə gəlincə, demək olar “Neftçi” eyni səhvlərə yol verdi. İstər rəqibin qapımız ağzındakı yaratdığı qol epizodları, istər müdafiədəki boşluqlar, hamısı eyni səhvlər idi. Hansı ki, məğlub ola bilərdik. Hesabda geri düşmələrinə baxmayaraq özlərində güc tapdılar, qələbə qazandılar. Bu səhvlər aradan qaldırılmalıdır. Vaxt azdı, yeni transferlər olmalı və çoxdan komandaya qoşulmalı idi ki, mövqelərdə problemlər yaşanmasın. İki qolu Namiq Ələsgərov, ikisini də Emin Mahmudov vurub. Az qol vəziyyətləri yaradırıq. Halbuki rəqib iki oyunda daha çox təhlükəli vəziyyət yaratmışdı. Deməli, səviyyəli hücumçuya ehtiyac var. Düşünürəm ki, “Neftçi” üçün bu bir siqnaldır. Komandanın həm oyunu düzəlməlidir, həm müdafiədəki səhvlər yoluna qoyulmalıdır. Çünki daha səviyyəli komandalar bu səhvləri bağışlamayacaq. 
– Abasovun ilk oyundakı səhvlərdən nəticə çıxarmamasına səbəb nədir?
– Çox qısa vaxt var. Bu müddətdə həmin səhvlər düzələn deyil. Hər halda yeni transferlər olmalıdır. Son iki oyunda nə qədər səhvlərə yol verildiyini gördük. Bəlkə də bu müdafiədə rəqabətin olmamasından irəli gəlir. Yeni transferlər olmalıdır ki, futbolçularda arxayınlıq yaranmasın. Samir Abasovun bu səhvləri aradan tamamilə götürməsi mümkün deyil. Ancaq azaldılmalı idi. “Olimpiakos” dünən yoldaşlıq matçı keçirib və böyük hesablı qələbə qazanıb. Çox səviyyəli komandadır. Oyununa baxanda artıq bunu hiss edirsən. Asan oyun olmayacaq. 
– “Neftçi”nin yunan komandası qarşısındakı şansları necədir? Onların güclü və zəif tərəfləri hansılardır?
– Rəqibin güclü və zəif tərəfləri analiz olunmalı, son 4-5 oyunu izlənilməlidir. Hücuma hansı şəkildə keçirlər, müdafiəyə necə qayıdırlar, ən yaradıcı, yaxşı futbolçuları kimdir, komandanın fəlsəfəsi öyrənilməlidir. Fərqli taktikalar seçə bilərlər. Bu artıq “Neftçi”nin məşqçilər korpusunun üzərinə düşür. Şanslara gəlincə, düzdü, deyə bilərik ki, “Olimpiakos” daha təqdirəlayiqdir. Çünki “Nefçi” son 7 ildə nəinki Çempionlar Liqasında oynayıb, heç ölkə çempionu da ola bilməyib. Avrokuboklardakı təsnifat mərhələlərində mübarizəni bir-iki raunddan sonra dayandırıb. “Olimpiakos” bu mənada həm təcrübəlidir, həm də futbolçuları səviyyəlidir. Bütün bunlara baxmayaraq şanslar bərabərdir. Deyə bilmərik ki, “Neftçi” 100 faiz məğlub olacaq. Düzgün taktika və oyunçu seçimi həyata keçirilməlidir.
– Yay fasiləsində bir sıra dəyişikliklər həyata keçirildi. Çempion olmuş komandadan Honda ilə yanaşı bir çox futbolçular getdi. Onların mövqelərində boşluq hiss olunurmu?
– Yeni transferlər, rəqabət olmalıdır, bu mütləqdir. Bildiyim qədər cəmi 3 futbolçu transfer edilib. Gedənlərin yeri doldurulmalıdır. Həmişə demişəm, bizi Çempionlar Liqasında təmsil edən komanda daha güclü olmalıdır. Bilmirəm nə üçün gecikirlər. Ola bilsin futbolçu tapmaq çətindir. Azərbaycana gəlmək istəməyənlər var. Hər dəfə bunları eşidirik. Ancaq tezliklə yeni futbolçular alınmalıdır. Sezar Meza-Kolli Azərbaycan “mətbəxi”nə bəllidir. Onu tanıyırıq. Fərdi ustalığı var, texnikaya malik, oyunu dəyişə biləcək futbolçudur. Hücum xəttində problemlər qalır. Daha keyfiyyətli hücumçuya ehtiyac var. Alınan futbolçular komandaya xeyir verə bilər. Zamana ehtiyac var. Lakin bu 3 futbolçu heç də hər şeyi dəyişəcək gücdə deyil. Mövqelərə gəlincə, müdafiə xəttinə mütləq yeni futbolçular lazımdır. Ən problemli mövqe müdafiə xəttidir, çox boşluqlar var. Bir də hücumda çatışmazlıqlar var. Meza-Kolli ilə Namiq oynayır, ancaq daha yaxşı hücumçuya ehtiyac duyulur. 
– “Qarabağ”ın hər il qrup mərhələsində oynamaq ənənəsini “Neftçi”nin davam etdirməsi potensialı necədir?
– Hamımız bunu istəyirik. Müsahibələrimdə də qeyd etmişəm, “Neftçi” çempion olubsa, “Qarabağ”ın ənənəsini davam etdirməlidir. Ən azından komandalarımızdan bir neçəsinin Konfrans Liqasında qrup mərhələsinə düşməsini arzulayırıq. “Neftçİ” isə Çempionlar Liqasında yaxşı çıxış etməlidir. Bunu bacaracaq ya yox, deyə bilmərəm. Çünki ardıcıl şəkildə eyni səhvlərə yol verilir. ÇL-in qrup mərhələsinə düşmək şansı hələ ki, sual altındadı. Ancaq “Neftçi” üçün ümidimiz Avroliqa və Konfrans Liqasınadır. 
– Sizcə Samir Abasov “Neftçi”də nələri dəyişib? Hansı müsbət irəliləyişlərə nail olub?
– Komanda çempion olubsa və Çempionlar Liqasında ilk mərhələni adlayıbsa, deməli qalib ruhu var. Səhvlər azaldılmalıdır. Daha yaxşısını etmək üçün zaman lazımdır. Əvvəlki “Neftçi”ni görmüşdük. Bir neçə il əvvəl 6-7-ci yerləri bölüşdürürdü. Sonradan 2-3-cü yerlərə gəldi, bu il isə çempion oldu. Abasov gələndən sonra “Neftçi” çempion oldusa, deməli çox dəyişiklik var. Mübarizə, istək, qələbə ruhu, birlik yaranıb. Bunlarla yanaşı səhvlər də var. Səhvlərin olmaması mümkün deyil.
– “Səfər qolu” qaydasının ləğv edilməsinə münasibətiniz necədir?
– Normaldır, çünki futbol daha baxımlı, aqressiv və sürətli olacaq. Səfərdə komanda 1 qol vururdu, evdə müdafiədən oynayırdı və ehtiyat edirdi. Çalışırdı ki, hesabı qorusun və top buraxmasın. Futbol sönük gedirdi. İndi artıq hamı bilir ki, səfər qolu yoxdu. İstəyirlər ki, daha çox qol vursunlar və nəticə qazansınlar. Hətta gördünüz, “Neftçi” səfərdə qələbə qazanmışdı. Bakıda qol buraxandan sonra belə oyunun taleyi tamamilə dəyişdi. Oyun aqressivləşir, məşqçilər inkişaf edir, çıxış yolu axtarırlar. Çalışırlar elə hesabla qələbə qazansınlar ki, rəqib oyunu bərabərləşdirə bilməsin. İndi matçlar daha çox əlavə vaxta gedəcək. Komandaların gücü daha çox bəlli olacaq. Məşqçi korpusunun işi, komandaların 120 dəqiqəlik oyuna hazırlığı göz qabağında olacaq. Təsnifat mərhələsində ardıcıl bir neçə oyun əlavə vaxta qədər uzana bilər. Məşqçilərin işi çətinə düşür. Bütün bunlarla yanaşı, futbolda ədalət bərpa olunur. Çünki əvvəl qorxaq futbola daha çox üstünlük verilirdi. Düzdü, ədalət hələ VAR sistemi gələndə bərqərar olmuşdu. Əllə qollar vurulurdu, cərimə meydançasında elə hadisələr baş verirdi ki, görmürdün. Yalnız videotəkrar zamanı qaydaların pozulduğunu anlayırdın. İndi həm VAR sisteminin tətbiq edilməsi, həm də “Səfər qolu” qaydasının ləğv olunması futbolun inkişafı baxımından ədalətlidir. Artıq süni, qorxaq deyil, daha çox aqressiv, inamlı, hücum futboluna üstünlük veriləcək.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …