Ana səhifə / İdman / Təcrübəli futbolçu Azərbaycanda dopinqlə bağlı durumdan danışdı: “Millidə köklü dəyişikliklərə ehtiyac var”

Təcrübəli futbolçu Azərbaycanda dopinqlə bağlı durumdan danışdı: “Millidə köklü dəyişikliklərə ehtiyac var”

“Zirə”nin və millimizin sabiq üzvü Ruslan Abışıov Qaynarinfo-ya müsahibə verib. Təcrübəli futbolçu həm futbolda dopinqlə bağlı durumdan danışıb, həm də öz karyerası ilə bağlı sualları cavablandırıb.
– Hazırda futbolumuzda dopinqlə bağlı vəziyyət nə yerdədir?

– Dünya idmanında dopinqə qarşı mübarizə ilə bağlı problemlər vardı. 2016-cı ildə AMADA yaradıldı. Çox böyük işlər görüldü. Mən də 3 ilə yaxındır agentliyə futbol sahəsində dəstək olmağa çalışıram. Düzdür, 3 ilə yaxın AMADA tərəfindən izlənilən oyunçu olmuşam. Tez-tez, elə olurdu, səhər saat 5-də gəlib yoxlama keçirirdilər. Bütün yarışlarda idmançılara təmiz qələbələr qazanmağı arzu edirəm. Oyunlar vaxtı gəlib bizi də izləyirlər. Ciddi yoxlamalar olur. Açığı, əvvəllər belə hallara rast gəlinmirdi. Son dönəmlərdə isə tez-tez belə hallar baş verir. Hətta məni də gəlib yoxlayırlar. Oyundan əvvəl və ya sonra testdən keçdiyim vaxtlar olub. Əlbəttə, bu çox yaxşı haldır. Futbolçular, idmançılar öz sahələrində daha da peşəkarlaşırlar. Qadağan olunmuş preparatlardan bacardıqları qədər istifadə etməyəcəklər. Biləcəklər ki, hər an yoxlamaların gəlməsi mümkündür. 
– Futbolda az da olsa dopinqlə bağlı problemlər yaşanıb. Məsələn elə Mahir Şükürovu misal çəkək. Həmin vaxtlar belə bir qrup yaradılsaydı, bu cür hallarla rastlaşa bilərdik? 
– Mahir milli səviyyəli oyunlardan sonra dopinqə düşmüşdü. Əvvəlki vaxtlarda qrup olsaydı, bəlkə də Mahir kimi bəzi futbolçular da bundan istifadə etməzdilər. Şükürlər olsun, ölkəmizdə belə bir təşkilat var və futbolçuları çəkindirir. İnanıram ki, bundan sonra heç bir futbolçumuz ciddi şəkildə dopinq yoxlanışına düşməz. 
– Karyeranızla bağlı nə yenilik var? Nadir hallarda meydana çıxırsınız. Bəlkə futboldan getməyi düşünürsünüz?
– Hələ bu barədə heç nə fikirləşmirəm. Özümdə güc hiss edirəm. Oynamağa gücüm var. Hər şeyi zaman göstərəcək. Qarşıdakı oyunları düşünürük, mövsüm bitsin, yaxşı nəticələr olsun. Sonra oturub məsləhətləşmək olar. Başqa kluba keçmək haqda hələ düşünmürəm. Əlbəttə, oynamaq istəyirəm. Amma yenə də baş məşqçinin qərarından asılıdır. Hər zaman ona hörmət edirəm. Eyni zamanda meydandan kənar da yardım etməyə çalışıram. Şans versə, hər zaman oynamağa hazıram. Artıq çempionatın biməsinə bir ay qalıb. Çox vacib, kubok oyunları var. Mövsümün sonunu gözləyək. 
– Milli komandanın son oyunları və baş məşqçinin açıqlamaları birmənalı qarşılanmadı. Siz nə düşünürsünüz bununla bağlı?
– De Byazi gələn gündən hamı onu tənqid edir. Onun qalmasını isəyən futbolçular da vardı. Sonda qərarı AFFA rəhbərliyi verir. Bizim danışmağımızla bağlı heç nə dəyişmir. Öz qərarlarına uyğun hərəkət edirlər. Mən istəyərdim ki, millimiz uğur qazansın. Çünki komandamızı təbliğ edirəm. Küçədə məni görəndə də milli barəsində suallar verirlər ki, bəs niyə millimiz zəif çıxış edir? Onlara cavab vermək mənim üçün də çətindir. Bu barədə mediada, televeziyada çox danışırlar. Sonda yenə də AFFA özlərinə görə doğru olan qərarı verir. Danışılacaq bir söz yoxdur. Gözləyirik ki, millimiz digər millilər kimi inkişaf etsin, yaxşı nəicələr göstərsin. 
– Millimizdə oynamış təcrübəli futbolçu kimi, öz durumunuzu necə qiymətləndirirsiniz? Heyətə düşməkdə çətinlik yaşayırsınız.
– Heyətə düşmək baxımından çətinlik çəkdiyimi deyə bilmərəm. Hər zaman millidə oynamağa hazıram. Karyeramı bitirmək fikrində deyiləm. Bizdə belə bir düşüncə var ki, futbolçunun 33-34 yaşı varsa, karyerasını bitirməlidir. Amma bir futbolçu özünə, rejiminə fikir verirsə, özünü yaxşı hiss edirsə, daim yaxşı çalışırsa, bunun önəmi yoxdur. 35 yaşında da eyni futbolu oynaya bilər. Nə qədər gücüm var, oynamağa çalışacağam.
– Millətlər Liqası ilə bağlı proqnozlarınız necədir?
– Nəsə demək çətindir. Son oyunlar göstərdi ki, ümidverici bir şey yoxdur. İki aya yaxın vaxt qalıb. Çox güman ki, yenə də milliyə həmin fubolçular dəvət alacaq. Artıq baş məşqçini kənara qoyub milli ruh, forma üçün oynamaq lazımdır. Çünki zaman göstərir ki, baş məşqçinin dedikləri ilə futbolçuların oyunu üst-üstə düşmür. Futbolçular sözü bir yerə qoyub ölkə üçün oynamalıdır.
– Ötən tsikldə topladığımız 1 xaldan sonra millidə köklü dəyişikliklərə ehtiyac var?
– Əlbəttə, nəticə yoxdursa, dəyişikliklər olmalıdır.

Həmçinin oxuyun

“Qarabağ”ın keçmiş futbolçusu Ukraynada ağır yaralandı

“Qarabağ”ın sabiq futbolçusu Aleksandr Voskoboynik Rusiya-Ukrayna müharibəsində yaralanıb.Bu barədə rusiyalı teleşərhçi Aleksey Andronov məlumat verib.Onun …