Ana səhifə / İdman / Şahbaz Xuduoğlu futbol klubu yaratdı – FOTOLAR

Şahbaz Xuduoğlu futbol klubu yaratdı – FOTOLAR

“Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu doğulduğu Yardımlı rayonunun Hamarkənd kəndində azyaşlılardan ibarət futbol klubu yaradıb.
Bakupost.az xəbər verir ki, “Qırğılar” adlandırılan bu klubun necə yaradılması ilə bağlı naşir yazı paylaşıb. Həmin yazını olduğu kimi təqdim edirik:

Azərbaycanın birinciləri
Artıq bir ildən çoxdur, hər həftəsonu kəndə gedirəm. Yol üç saatdan çox vaxtımı alsa da, tənbəllik etmirəm.
Bu yaşımda kəndi, orada yaşayan insanları yenidən kəşf edirəm. Ot biçən, yol keçən, heyvan otaran, çörək bişirən hər kəsin elə zəngin dünyası var ki, söhbətlərdən vəcdə gəlirəm.
Kənd məktəbinə getmişdim. Qış ayı olsa da, yer quru idi. Məktəbin yanındakı yamacda uşaqlar futbol oynayırdılar. Uşaqların vaxtı oynamaqdan daha çox dərəyə diyirlənən topu gətirməyə gedirdi.
Məktəbə stadion lazım idi. Bu barədə Sadat müəllimlə danışdım. Öncə rəsmilərin diqqətini bu işə cəlb etmək variantını götür-qoy etdik. Bir az danışandan sonra başa düşdüm ki, stadionu öz gücümüzə düzəltməliyik. Xahiş etdim, elə yanımdaca DT-75 bıçaqlı traktorun sürücüsü Rəşidlə danışdı. Məlum oldu ki, Yol İdarəsinin yalnız bir Greyderi varmış, onun da işi başından aşırmış.
Rəşid sabahdan işə çıxacaqdı.
Yazadək stadion hazır olmalıydı. Üç aydan çox müddətdə üç traktorun səyi nəticəsində stadion hazır oldu.
Stadionun ətrafında dəmirdən tor olmasa, top yenə meydandan çıxan kimi dərəyə diyirlənəcəkdi. Bir dəfə Mədət müəllim köhnə dəmirlər satılan bazara gedəndə mənə dedi ki, işlənmiş torbaları almaq daha ucuz olar. Və elə də etdik. Stadionun ətrafına dəmirlər basdırıb tor çəkdik, qaynaq işini Amid gördü.
Növbəti həftə oyuna baxmağa getdim. Kənd uşaqları pərakəndə şəkildə oynayırdılar. Komanda ruhu yox idi. Onlarlarla söhbətimdə komandanın vacibliyindən danışdım. “Qırğılar” adını da hər kəs bəyəndi. Artıq kəndimizin komandası vardı, adı da “Qırğılar”. İlk görüşümüzdən sonra azyaşlı oyunçu Zaur atasına demişdi ki, daha bazar günləri heyvana getməyəcək. “Və hər gün bir saat mənə futbol oynamağa icazə verəcəksən”.
Zaur Hüseynəli kişinin nəvəsidir. Hüseynəli kişi məşhur dərzçi idi, eşdiyi vələmir kəndirdən möhkəm olardı, bağladığı dərzə barmaq girməzdi, istəyirsən, dağdan at, bir ot belə yerə düşməzdi. Uzaqlarda ot biçənlərdən bəziləri onu xüsusi olaraq dərz bağlamağa dəvət edərdilər.
Komandanı şəkilləndirmək lazım idi. Böyüklər kiçiklərdən ayrı qrupda olmalıydı. Qruplara telefon nömrəmi verdim və növbəti həftəsonunadək oyunçuların siyahısını, ayaq və bədən ölçülərini istədim.
Bir neçə gün sonra azyaşlıların siyahısı artıq məndə idi, Cavad instaqram üzərindən tələb olunan bütün məlumatları mənə yazmışdı. Çox sevindim, demək, yeniyetmələr arasında koordinator tapılmışdı.

Cavad Tərxan dayının nəvəsidir. Tərxan dayı oxumuş adam idi, mütaliəni çox sevirdi, təhsilə çöx önəm verirdi. Bakıya gələndə tələbə olan həmkəndlilərinə dəyərdi. Tələbələrin cibinə pul qoyardı. Bunu bir özü bilərdi, bir də o tələbə. Kənddə ilk tibb məntəqəsini o tikdirib, başqa bir neçə mütərəqqi işlər onun adı ilə bağlıdır.
Bu barədə əcnəbi dostuma mütəmadi danışıram. Böyük azarkeşdir, “Qarabağ” divanəsidir. O da hər dəfə kənddən qayıdanda gördüyüm işlərlə maraqlanır. Onunla Gənclik Malldakı idman dükanlarına gedib “Qırğılar” üçün idman forması axtardıq. Orada baha oldu. Sədərəyi əlinin içi kimi tanıyan Günelə mesaj yazdım, ora getsə, xəbər edəcəkdi. Bütün siyahı və ölçüləri də ona göndərdim, rəngləri də müzakirə etdik.
Artıq həftənin dördüncü günü axşam “Qırğılar”ın geyimləri hazır idi.
Azyaşlılar arasında bu işdə artıq iki sirdaşım vardı: Cavad və Zaur. Şənbə günü səhər onları evə dəvət edib geyimləri təhvil verdim. Söz verdilər ki, yalnız oyun zamanı geyəcəklər.
Axşam oyunlarına tamaşaya getdim. Sarı, qırmızı, mavi rəngli futbolçular. Gerçək qırğı kimi idilər.Onları görəndə özümdən asılı olmadan kövrəldim.
Hətta bu gün bu sətirləri yazanda da kövrəlirəm. Çünki bu dünyada məndən başqa heç kəs bilmir ki, bu uşaqlar Azərbaycanın birincisi olacaqlar.
Oyunu saxlayıb bir az söhbətləşdik. Azərbaycanın birincisi olmağa söz verdilər.
Mən də dedim, başladığımız bu işi şərəflə davam etdirməyə Tanrı bizə yardım etsin.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …