Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / İdman / Sabiq nazir: “Futbol ticarətə çevrilib”

Sabiq nazir: “Futbol ticarətə çevrilib”

Azərbaycanının sabiq Xarici İşlər naziri Hüseynağa Sadıqovun Sport7.az saytına müsahibəsi
Hüseynağa Sadıqov – 1988-1991-ci illərdə Azərbaycan SSR-nin sonuncu, 1991-ci ildə isə Azərbaycan Respublikasının ilk Xarici İşlər Naziri vəzifəsinə çalışmışdır. 
Daha sonra o, 1992-2005-ci illər arasında Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olaraq fəaliyyət göstərmişdir. 
Müsahibədən öncə Hüseynağa müəllimin haqqında oxuduqda, daha çox siyasi fəaliyyəti haqqında məlumatlar öyrənmişdim.  Lakin müsahibə zamanı çox maraqlı bir məqamın üstü açıldı. Belə ki, tanınmış diplomat gənclik illərində futbolla məşğul olub. Lakin zaman keçdikcə diplomat olmaq sevgisi futbol sevgisini üstələyib.  

– Hüseynağa müəllim, futbolla maraqlanırsınız? – (Gülür)… Gənclik illərimdə futbolçu olmuşam. Mən İçərişəhərdə anadan olmuşam. Elmlər Akademiyası ilə Sabir bağı arasında meydança vardı. İndi orada avtomobil dayanacağı qurublar. O vaxtlar həmin ərazi boş idi. Biz də məktəb komandaları ilə futbol oynayardıq. Oyunum ilə seçilərdim və bizi izləyən yaşlılar məni alqışlayardılar. Mənə ləqəb olaraq Ələkbər Məmmədov deyirdilər. Qol vuranda, “Sağ ol, Ələkbər Məmmədov” deyərdilər. Elə həmin şəxslər məni  “Neftçi”nin gənclərdən ibarət komandasına yazdırmışdılar. Futbolçu olmağımı istəyirdilər. Rəhmətlik Tofiq Bəhramov ilə tanış idik. Beynəlxalq dərəcəli hakim Eldar Əzimzadə isə qonşum idi. 
– Bəs necə oldu ki, futbolu buraxıb siyasəti seçdiniz?– Məktəbi bitirənə yaxın fikrim dəyişdi. Diplomat olmaq istəyirdim. Hətta 8-9-ci sinifdə oxuyarkən, Moskva Diplomatiya İnstitutunun direktoruna məktub yazmışdım ki, “Diplomat olmaq istəyirəm. Bu sahədə çalışıb, ömrümü, həyatımı vətənimə xidmətə həsr etmək istəyirəm”. Maraqlı bir deyim vardı, “Diplomatiya yeganə sahədir ki, orada rüşvətxorluq yoxdur”. (gülür)… Mən də gənc idim, elə fikirləşirdim. 
Məktubuma cavab gəldi ki, buyurub imtahanlar verə bilərsiniz. Sonda diplomat oldum. 9-10-cu sinifdən sonra başqa idman növlərinə keçdim. Atıcılıq ilə məşğul oldum. Məktəbdən göndərmişdilər. Və o vaxtı Sovet ölkələri arasında Tiflisdə keçirilən spartakiadada qaliblərdən biri oldum və idman ustası normativini verdim. Və futbol keçdi ikinci plana. Xarici dillər institutuna daxil oldum. Bitirdikdən sonra da getdim diplomatiya üzrə 5 il Almaniyada işlədim. 
– Daha sonra da Xarici İşlər Naziri olaraq çalışdınız…– Bəli. Azərbaycan SSR-nin sonuncu, müstəqil Azərbaycan Respublikasının isə ilk Xarici İşlər Naziri mən olmuşam. Çətin dövr idi. Faktiki olaraq biz Xarici İşlər Nazirliyini yaratdıq. Çünki məni nazirliyə təyin edəndə, cəmi 14 nəfərlik heyət vardı. Amma mən 1992-ci ildə səfir gedəndə, artıq 100-dən çox işçimiz vardı. İndi keçək futbola…  

– Hansı komandanın azarkeşi olmusunuz? – “Neftçi” azarkeşi olmuşam. SSRİ-də isə Moskvanın “Dinamo” və “Spartak” komandalarına baxırdım. Amma sizə düzünü deyim ki, son dövrlərdə futbolla heç maraqlanmıram. Ancaq Avropa və Dünya çempionatlarına baxıram. Bir məqamı da qeyd edim ki, bütün idman növləri içərisində futbol dünyada ən məşhur və insan orqanizmi üçün ən xeyirlisidir. Stadiona oyun izləməyə gələn azarkeşlər qışqırırlar, həyəcanlanırlar və özləri də bilmədən sağlamlıqlarına böyük xeyir verirlər. Adrenalin ifraz olunur və insanın qan təzyiqi tənzimlənir. Ona görə də futbolun orqanizmə xeyri var. 
Ancaq nəyə görə maraqlanmadığımın səbəbini açıqlayım. Çünki beynəlxalq oyunlarda quraşdırılmış oyunlar keçirilir. Bu rüşvətxorluqdu. Buna görə qədər federasiya rəsmiləri, məşqçilər, futboçular həbs olundu. Ancaq bunun kökünü kəsmək mümkün deyil. Davam edir. Artıq futbol ticarətə çevrilib. Ona görə məndə belə adamlara qarşı ikrah hiss yarandı. 
– Bura ölkə futbolunu da aid edirsiniz?– Ölkə futboluna aid məndə xəbərlər yoxdu. Çünki ölkə futbolunun miqyası o dərəcədə böyük deyil. Amma beynəlxalq yarışlarda belə bir sözdələşmə olduğundan, həqiqi idman mübarizəsinin şahidi olmuruq deyə maraq itir. Elə bil ki, orta əsrlərdə muzdlu əsgərlər olurdu, gedib hansısa ərazini zəbt edirdilər, futbolda da muzdlu oyunçular oynayır. Şəxsən bu hal mənim xoşuma gəlmir. Ona görə də marağım itib.  

– Bəli, futbolda artıq idman mübarizəsi yox, bukmeker kontorlarının oyunları dönür. Ölkə futbolu ilə bağlı onu qeyd edim ki, çempionatımızda cəmi 8 komanda çıxış edir. Bunlardan cəmi biri region komandasıdı. 5-6 komanda AFFA-nın nəzarətindədir, bölgələrdə də futbol məhv olunub. Ölkənin futbol çempionatına “Topaz” bukmeker kontoru sponsorluq edir. Bunu necə qiymətləndirirsiniz?– Maraqlanmadığım üçün nə çempionat, nə də bu şirkət haqqında məlumatım yoxdu. Vəziyyət belədirsə, çox pisdi. Belə olmamalıdı. Əgər qeyd etdiyiniz şirkət rüşvətxorluqla məşğul olmursa, yalnız sponsorluq edirsə, başqa məsələ. Ancaq bu şirkət oyun alqı-satqısı ilə məşğuldursa, artıq ona qarşı heç bir güzəşt olmamalıdır. Ancaq fakt olmalıdı. Faktsız danışmaq olmur. Sponsorluq edən şirkət təmiz olmalıdır. 
– Futbolçu olduğunuzu qeyd etdiniz. Maraqlıdır, futbolçu olduğunuz illərdən yadınızda qalan ən maraqlı xatirəniz hansıdır?– Dediyim kimi, Elmlər Akademiyası və Sabir bağı arasındakı sahədə, bir də Passaj bazarının yanında Bülbül adına musiqi məktəbinin həyətində futbol oynayardıq. Orada oynayanda 3 nömrə ilə müdafiəçi kimi çıxış edərdim. Bir dəfə elə oldu ki, rəqib hücumçunun topunu aldım və digərlərini aldadaraq irəlləyib qol vurdum. Qol vurduqdan sonra başım qapının dirəyinə dəydi. O an gözümdən qığılcım çıxdı. Onda mənə kənardan dedilər ki, “İndi sən Ələkbər Məmmədov yox, Qladiatorsan!” (gülür)…

Həmçinin oxuyun

Azərbaycanın 4 idmançısı dopinqə görə cəzalandırıldı

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə görə cəzalandırılan növbəti idmançıların adlarını açıqlayıb. AMADA-dan verilən məlumata görə, …