Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Sabiq futbolçu: “Elə iyrənc söhbətlər oldu ki, futbola gəlişimə nifrət etdim”

Sabiq futbolçu: “Elə iyrənc söhbətlər oldu ki, futbola gəlişimə nifrət etdim”

Azərbaycanın sabiq futbolçularından olan Ramal Hüseynov karyerasını bitirdikdən sonra xeyli müddətdir işsiz qalmışdı. Ancaq bu yaxınlarda Hüseynovun “Səbail”lə müqavilə imzaladığı xəbəri yayıldı. Bakı klubunun akademiyasında seleksiyaçı-məşqçi kimi fəaliyyətə başlayacağı deyilən Hüseynovla söhbətləşdik. 
O, Qaynarinfo-ya müsahibəsində bu məsələyə münasibətini bildirməklə yanaşı, Azərbaycan futbolunun problemlərinə də toxundu.
– “Səbail”də fəaliyyətə başladığınız deyilir…
– Mənə də telefon vasitəsilə bu barədə məlumat veriblər. Amma tam dəqiq deyil. Hələ ki, məsələ açıq qalıb. 
– Klub rəhbərliyi ilə danışıqlarınız olub?
– Elə-belə, iş barəsində tam rəsmilik, konkret hansı işlə məşğul olacağımla bağlı məlumat yoxdur. Özüm də fikirləşirəm, hələ qərar verməmişəm. 
– Nə fikirləşirsiniz, çalışmaq fikriniz var?
– İnşallah işləyəcəyəm. Amma konkret təkliflər yoxdur. Yaxın günlərdə nəsə olsa, sizinlə də paylaşacağam.
– “Səbail”in akademiyasındakı şərait və uşaq futbolunun durumu ilə tanış olmusunuz?
– Eşitmişəm, maraqlanmışam. Akademiyalarında kimlərin olduğu ilə bağlı məlumatlar öyrənmişəm. Orada çalışanların hamısı fubol oynamış insanlardır. Məsələn, Mirbağır İsayevin orada çalışdığını bilirəm. Bir tərəfdən bu məni sevindirir. Amma iş barəsində dəqiq heç nə yoxdur.
– Məşqçi kimi ciddi təcrübəniz olmayıb. Bu mənada haradan və necə başlamağı düşnürsünüz?
– Açığı, bu barədə fikrim yoxdur. Amma məşqçiliyə gəlincə, necə oynamışamsa, elə də fikirlərim var. Yəni bəziləri kimi, Yutubdakı videolara baxıb məşq keçməyəcəyəm. Məşqçilərdən görüb-götürdüyümü tətbiq edəcəm. Böyük futbol oynamısansa, mühiti görmüsənsə, bu, hər şeyə dəyər. Bu, oxumaqdan da yüksəkdir. Ancaq oxumaq lazımdır. “C” kateqoriyasını veriblər. “B”ni də almaq üçün gələn ildən oxumağı düşünürəm. “C” kateqoriyası ilə uşaq futbolunda çalışa bilərəm. Böyük yaş qruplarında işləmək üçün “B” kateqoriyası almalyam. Yenə də rəhbərlikdən asılıdır, sənin bacarıqlarına baxır. Ola bilər təcrübəyə üstünlük verirlər. Digər tərəfdən məşqçi praktikam olmasa, “B”ni ala bilmərəm. Məşqlərə baxmalısan, kimlərdənsə nəsə götürməlisən. İstənilən halda məşqçi kimi çalışmağa hazıram. Mənim kimi oynamış futbolçuların hamısı məşqçilik etməyə hazırdır. Biz çox güclü məşqçilərin əlində olmuşuq, millilərdə oynamışıq, Avropanı gəzmişik. Belə insanlar məşqçilik barəsində əziyyət çəkmir. Sadəcə, oxumaqla bağlı çətinliklər olur. Mən 15 yaşında bütün millilərimizdə oynayırdım. Evə getməyə vaxtım yox idi. Bəzən təyyarəni dəyişib U-19-a, yaxud əsas millinin oyununa gedirdim. Bunları da məncə, nəzərə almaq lazımdır. O vaxt məktəbdə təhsil ala bilməməyimin səbəbi də bu idi. 
– “Səbail” tez-tez maliyyə problemləri ilə gündəmə gəlir. Bu mənada sizə məvacib verməkdə çətinlikləri olacağını düşünmürsünüz?
– Açığı, bu məsələ ilə deyil, sadəcə, klubda kimlərin olub-olmaması ilə maraqlanmışam. Koordinator Mirbağır müəllimdir. O olan yerdə heç bir problem yaşanmaz. Maliyyəni bir kənara qoyuram, fubol tərəfindən danışıram. Futbolçu yetişdirmək mənasında Mirbağır müəllimi tanıyırsınız.
– “Səbail”də Zaur Ramazanovu əvəzləyəcəyiniz bildirilir. Bizdə olan məlumata görə, o da şəraitdən narazı qaldığı üçün gedib.
– Məni maraqlandıran akademiyadır. “Səbail”in akademiyası sabah üçün faydalıdır. Ulduz futbolçular yetişdirə bilərlər. Bəzi klublarda olmayanlar orada var. Çalışanlar futbol oynamış insanlardır. Bütün bunlar xoşuma gəldi. Belə kollektivdə işləmək mənim üçün xoş olar. Bu, maliyyədən daha önəmlidir. Seleksiyaçı-məşqçi kimi çalışsam, böyük fikirlərim var. Hər yerə getmək, uşaq axtarmaq lazımdır. Elə yerlər var ki, oradakı uşaqlar Azərbaycan üçün ulduz ola bilər. Amma batıb qalıblar. Gedib gətirmək lazımdır. Bunu həmişə demişəm. Rayonlara, lazım olsa, kəndlərə də getməliyik. Əlbəttə, xaricə də uşaq göndərmək, yaxud oradan gətirmək olar. Ancaq bunu əvvəlcə rəhbərliklə danışmaq lazımdır. Uşaq futbolu nə üçündür? Yetişdirmək lazımdır.
– Hazırda Azərbaycanda uşaq futbolunun durumunu necə qiymətləndirirsiniz?
– Səviyyə çox aşağıdır. Bu gün millimizə kənardan futbolçu gətirmək istəyiriksə, deməli, uşaq yetişdirə bilmirik, aşağıdan yuxarı qalxan yoxdur. Bu, həmişə belədir. Bir klubun uşaq futbolunda problem varsa, o, heç də yaxşı deyil. Hər şey uşaq futbolundan başlayır.
– Son vaxtlar hansı klubların aşağı yaş qruplarından ibarət komandalıarının şəraiti ilə tanış olmusunuz?
– “Qarabağ”da, “Neftçi”də, “Sabah”da olmuşam. Sumqayıta da getmişəm. Onlardan “Neftçi”nin, “Səbail”in, “Sabah”ın akademiyası bir az ürəkaçandır. Buna çox sevinirəm. Heç olmasa nəsə var, buna da şükür. Neçə illərdir Azərbaycanda uşaq futbolunda irəliləyiş yoxdur, futbolçu yetişmir. Bədbəxtçiliyimiz ondadır ki, 21 yaşına çatanda deyirlər, qocalmısan. Aşağı yaş qruplarında oynayıb gəlir, U-21-ə çatanda deyirlər “olmaz”. Limit gənc futboçuları məhv edir. O cümlədən legioner limiti də faydasızdır. Bizim vaxtımızda 3+2, həm də klublar çox idi. İndi əziyyət çəkirlər. Futbolçu çox oynamalıdır ki, təcrübə yığsın.
– Çempionatımızı izləyirsiniz? Hansısa dəyişikliklər var?
– Dəyişiklik, irəliləyiş görmürəm. 8 komanda var, klublara baxırsan, ürəkaçan bir şey yoxdur. Yəqin ki, bunun da günahkarları var. Əksər vaxtlarda AFFA-nı günahlandırırlar. Ancaq mən keçmişdə futbol oynamış, hazırda AFFA-da oturanları, veteranları, Vaqif Sadıqovu, Şahin Diniyevi, Ağasəlim Mircavadovu, Şakir Qəribovu günahlandırıram. Çünk futbolu bilirlər, amma heç nə etmək istəmirlər. Oturublar sakit, qulaqları dinc. Pullarını alıb sakit dayanırlar. Vallah, bizim vaxtımızda az qalırdılar millinin baş məşqçisi olmaq üçün bir-birilərini döysünlər. İndi çəkiliblər kənara. Mənim də acığıma gələn budur. Sizin orada oturmaq deyil, klublarda olmaq, iş görmək vaxtınızdır. Məsləhət verməlisiniz, klubları inkişaf etdirməlisiniz. Yalandan oturublar AFFA-da. Jurnalistlərə də sözüm var ki, həmişə AFFA-nı tənqid edirlər. Bir dəfə də o veteranlardan yazsınlar, soruşsunlar ki, niyə oturmusunuz? Məsləhət verib iş görə bilmirsinizsə, AFFA-da oturmağın nə mənası var? Pul, inkişaf deyirdilər. Bizim vaxtımızdan fərqli, indi çoxlu stadionlar var, hər cür şərait yaradılıb. Siz eləməlisiniz.
– Millimizin durumu ilə bağlı düşüncələriniz necədir?
– Oyunlarda necə olduğunu gördük. Əvvəl necə idilərsə, elə də yerlərində fırlanırlar. Bir addım irəliləyiş yoxdur. 
– Əksəriyyət bu tsikl üçün açıqlanan heyətin ən yaxşı olduğunu düşünür…
– Mən deyərdim ki, ən zəif heyətimizdir. Namik Ələskərov, yaxud Mahir Emreli Avropanın hansı bərkgedən ölkəsində oynayır? Bizim vaxtımızdakı heyət hələ heç vaxt olmayıb. Bunu təkcə mən deyil, azarkeşlər, millinin oyununa baxanlar da deyir. Mahir harada oynayır? Polşa çempionatı bizimkindən bir balaca üstündür. Başqa nəyi var ki? Emreli getsin Türkiyə Superliqasında oynasın, deyim ki, bu, başqa məsələ. Türkiyə çempionatı dünyada ən güclülərdəndir. Araz Abdullayevi tərifləyirdilər. O, millidə neçə yaşında oynayıb? Haradasa 17-18 yaşında. Amma demirlər ki, Ramal Hüseynov Avropada oynayan ən gənc futbolçu olub. 15 yaşında 1 milyon 200 minə “Hammarbü”yə transfer olmuşam. Sadəcə, Bolqarıstanla oyunda zədələndiyim üçün o klubda qala bilmədim. Həkimlər demişdilər ki, daha futbol oynaya bilməyəcəyəm. 
– Neçə vaxtdır işsizsiniz?
– 4 ildir işsizəm. Şükür, Allah dolanışığımı verir. Neçə klubla görüşdüm. Uşaq futbolunda çalışdırmağa komanda istədim. Ancaq elə iyrənc söhbətlər oldu ki, futbola gəlişimə nifrət etdim.
– Nə tələb edirdilər?
– Biri deyir, “gözlə, zənglə gələnlər getsin, sonra səni çağıracağam”. İnanın ki, məhz belə dedilər. Digəri məndən universitet diplomu istəyir. Adlarını açıqlamıram, özləri oxuyanda biləcəklər. Deyirəm ki, AFFA mənə kateqoriya verib, bu, keçərli deyil? Cavab verirlər ki, “xeyr diplom lazımdır”. Məsələn, “Neftçi”yə getdim, məşqçilərin hamısı vaxtilə futbol oynamış insanlardır. Adamın xoşuna gəlir. “Səbail”də də belədir. Qalanlarına baxdım, heç birini tanımadım. Neçə ildir futboldayam, amma adlarını eşitməmişəm. Ona görə də uşaq futbolumuz bu gündədir. 
– Bir ara klub yaratmaq istəyirdiniz…
– “Turan Bakı” klubunu yaratdım. Pandemiyadan sonra oradan ayrıldım. Klubu da vaxtilə mənimlə birlikdə “Bakı” futbol klubunda çalışmış Aslan müəllimə təhvil verdim. Klub hazırda elə öz adı ilə fəaliyyət göstərir. Mən Nihat adlı, 2005 təvəllüdlü futbolçu hazırladım. İndi “Neftçi”də oynayır. Milliyə də dəvət alır. Uşağı üzə belə çıxarırlar. Bunu bacarıramsa, deməli, nəsə edə bilirəm.

Həmçinin oxuyun

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …