Ana səhifə / İdman / Şəhriyar yenə şikayətləndi – “Yenidən ayağa qalxacam”

Şəhriyar yenə şikayətləndi – “Yenidən ayağa qalxacam”

Bir müddət öncə sponsor və dəstək olmamasından şikayətlənən Şəhriyar Məmmədyarov yenidən gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, bu dəfə türkiyəli yazar Dimes Hak beynəlxalq qrossmeysterimizin dəstəksiz qalması ilə bağlı feysbukda paylaşım edib. 

Hak Şəhriyara məşqçisinin olmamasını xüsusi vurğulayıb: “Şəhriyar Məmmədyarov namizədlər turnirindən kənarda qaldı. Bu onun üçün psixoloji olaraq zərbədir. Ona diqqət ayrılmamasına xüsusi diqqət çəkmək lazımdır. Məmmədyarov yarışlarda komanda yoldaşlarının köməyi ilə çıxış edir. Bu mənəvi dəstək olsa da, bəzi görüşlərdə ona məşqçi lazım olur. Bu daha peşəkar səviyyədə həll edilməlidir”.

Şəhriyar özü də paylaşıma şərh verərək yazılanları acı həqiqət adlandırıb: “Sözləriniz acı həqiqətdir. Adamın “like” etməyə əli də gəlmir. “Özü yıxılan ağlamaz” deyiblər. İnşallah, hər şey yaxşı olacaq, yenidən ayağa qalxacam”.


Qeyd edək ki, Şəhriyar ötən il də sponsorsuzluqdan şikayətlənmişdi. O, çox turnirlərdə oynadığına görə yorulduğunu əsas gətirmişdi. Məmmədyarov əlavə etmişdi ki, məhz pula görə bir çox yarışlara qatılır və bu onun vacib turnirlərdə yaxşı çıxış etməsinə mane olur. Sözügedən status günlərlə ölkə ictimaiyyətində müzakirələrə səbəb oldu. 


Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov isə “Şəhriyar heç bir turnirə öz hesabına getmir, ona dövlət tərəfindən hər cür dəstək göstərilir. Lakin mən də istəyərdim onun şəxsi sponsoru olsun” deyə açıqlama vermişdi. 

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …