Ana səhifə / İdman / “Şəhriyar heç bir yarışa öz hesabına getmir” – Vitse-prezident

“Şəhriyar heç bir yarışa öz hesabına getmir” – Vitse-prezident

Xəbər verdiyimiz kimi, azərbaycanlı qrossmeyster, beynəlxalq turnirlərdə tarixi qələbələrə imza atan Şəhriyar Məmmədyarov özünə sponsor tapa bilməməsindən şikayətlənib. O, ard-arda yarışlara çıxmaqdan yorulduğunu və bunu pula görə etdiyini bildirib. 

Məsələ ilə bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov “Qafqazinfo”ya danışıb.

Federasiya rəsmisi bildirib ki, Məmmədyarov heç bir yarışa öz hesabına getmir və onun dahi idmançı kimi sponsor axtarması normaldır:

“Şəhriyar dahi idmançıdır. Hazırda ağır turnirdə çıxış edir və yorğunluğunu dilə gətirir. Burada təhqiramiz heç nə yoxdur. O, heç bir yarışa öz hesabına getmir. Milli komandanın tərkibində federasiya, klubun heyətində isə klub onun xərclərini qarşılayır. Şəhriyar hər bir yarışa xüsusi dəvət alır və bu dəvəti dəyərləndirir. Özünün xərci yalnız şahmat məktəbinə və məşqlərinə gedə bilər. Başqa heç bir xərc yoxdur. Azərbaycan dövləti daim onun arxasındadır. Hansı yarışa gedibsə, həmin yarışdan sonra mükafatlandırılıb. Ona hər cür şərait yaradılıb”.

Məmmədov dünyanın digər məşhur şahmatçılarının çoxlu sayda sponsoru olmasından da danışıb: “Qərb və bizdə idmana ayrılan diqqət fərqlidir. Məsələn, Karuananın yetişməsində ABŞ və ya İtaliya dövlətinin heç bir rolu olmayıb. Ona sponsorlar dəstək olub. Ola bilər ki, Şəhriyar məşqləri üçün əlavə xərclər istəyir və ya dahi idmançı kimi ona daha çox dəyər verilməməsindən, sponsorların olmamasından narazıdır. Burda da tam haqlıdır. Onun açıqlamasında qeyri-adi nəsə axtarmaq yanlışdır”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …