Şənbə , Noyabr 28 2020
Ana səhifə / İdman / Şəhriyar Məmmədyarov:”Dünyanın ən güclü üç şahmatçısı arasında yer almaq gözəl hissdir”

Şəhriyar Məmmədyarov:”Dünyanın ən güclü üç şahmatçısı arasında yer almaq gözəl hissdir”

İddiaçılar turniri mənim üçün uğurlu oldu. Belə turnirdə, əlbəttə, əsas məqsəd birinci yeri tutmaqdır. Amma ikinci yer də yaxşı nəticədir.

Bu sözləri Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov Azərtac-a müsahibəsində deyib.

Qrossmeyster bildirib: “İddiaçılar turnirində Fabiano Karuananın əla formada olması birincilik şanslarımı azaltdı. Amma ümumilikdə nəticədən razıyam. FIDE reytinqində ikinci pillədə qərarlaşmışam. Sözsüz ki, ikinci yerdə olduqdan sonra əsas hədəfim birinci pilləyə yüksəlməkdir. Amma birinci yerin sahibi Maqnus Karlsendir. Hazırda o, həqiqətən dünyanın ən güclü şahmatçısıdır və birinci olmağa tam layiqdir. Ancaq mən yenə də çalışacağam ki, nəticələrimi yaxşılaşdırım. Əslində dünyanın ən güclü üç şahmatçısı arasında yer almaq gözəl hissdir”.

İddiaçılar turnirindən sonra kifayət qədər istirahət edə bildiyini vurğulayan şahmatçımız deyib: “İddiaçılar turnirindən sonra çox yorğun idim və yaxşı istirahət etdim. İndi məni məşhur şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” super turniri gözləyir. Bu turnirdə mənə rusiyalı qrossmeyster Vladimir Fedoseev kömək edəcək. Ümid edirəm ki, onun dəstəyi ilə yaxşı nəticə göstərəcəyəm. İki dəfə bu güclü turnirin qalibi olmuşam və bu, böyük nəticədir. Üçüncü dəfə də qalib olsam çox sevinərəm. Özümü turnirə hazır hiss edirəm”.

Dünya çempionu Maqnus Karlsenin “Shamkir Chess 2018” super turnirinin favoriti olduğunu bildirən Şəhriyar Məmmədyarov qeyd edib: “Karlsen Şəmkirdə çox yaxşı oynayır. İki dəfə iştirak edib və ikisində də qalib gəlib. O, bu turnirdə sabit oyunu ilə seçilir. Maqnusun bu dəfə də yaxşı oynayacağı çoxlarında şübhə yaratmır. Fikirləşirəm ki, bizi çox maraqlı mübarizə gözləyir”.

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …