Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / Qurban Qurbanov: “Komandada heç kimin yerinin göründüyünü düşünmürəm”

Qurban Qurbanov: “Komandada heç kimin yerinin göründüyünü düşünmürəm”

“Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub. Son oyunlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram”.

“Report”un Gəncəbasar bürosunun məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov səfərdə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb…

– Mahir Mədətovun iştirak ərizəsinə salınmamasının səbəbi nədir?

– Yaxşı formada olmadığından, onu iştirak ərizəsinə salmağı lazım bilmədim.

– Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Bu, onun daha yaxşı oyun sərgiləməsinə nə dərəcədə kömək olacaq?

– O, son vaxtlar yaxşı təsir bağışlayır. Qol vurmasına sevindim. Lakin bu, hələ heç nə deyil. Elə epizodlar var ki, daha yaxşı oynamalıdır.

– Ağabala Ramazanov uzun zədədən sonra heyətə qayıdıb…

– O da zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.

– Artıq ən yaxın izləyicinizi bir xeyli qabaqlayırsınız. Bu, gələcək oyunlarda sizə motivasiya cəhətdən çətinlik törətməyəcək?

– Əlbəttə, çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir Mədətov, Ramil Şeydayev oyunlara yaxşı köklənməlidirlər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər.

– Xama Billiatın meneceri “Qarabağ”dan təklif aldıqlarını deyib…

– Bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik.

– Sanki komandada Dino Ndlovunun yeri görünür…

– Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odur ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiklərimin hamısı komandadadır.

– Yayda hansı mövqeni gücləndirmək istəyirsiniz?

– Açığı, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelərə danışıqlar apardığımız futbolçular var.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …