Azinforum.az xəbər verir ki, bu sözləri Qol.az-a açıqlamasında “Zaqatala” klubunun prezidenti, futbol veteranı Musa Qurbanov qardaşı Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə təyin edilməsinə münasibət bildirərkən deyib.

Q.Qurbanovun milliyə gəlməsi son günlərin əsas müzakirə mövzusudur. Bu səbəbdən futbolda və həyatda Q.Qurbanova ən yaxın şəxslərdən olan M.Qurbanovun fikirlərinə də yer verdik.

Musa Qurbanovun sözlərinə görə, qardaşı millinin baş məşqçisi olmağı özünün vətəndaşlıq borcu hesab edir, bununla qürur hissi keçirir: “Heç vaxt millidən gələn təklifi rədd edə bilməzdi. Çünki rəhbərlik və bütün futbol azarkeşlərinin ondan nəsə gözləntisi varsa, millidə çalışmamaq düzgün olmazdı. Ancaq mütləq millidə işləməliyəm deyə bir məqsədi də olmayıb. Düşünürəm ki, onun bu təyinatı millimiz üçün uğurlu olar. Qurbanı yaxından tanıyan insan kimi bilirəm ki, o, əlindən gələn hər şeyi edəcək ki, millimizi irəli aparsın. Amma Qurban sehrbaz deyil, nə də əlində sehrli çubuğu var ki, deyək millimiz çox qısa zamanda mütləq yaxşı nəticələr göstərəcək. Uğurlu nəticələr üçün zaman lazımdır”.