Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Qəbələ”nin baş məşqçisi azarkeşlərdən üzr istədi

“Qəbələ”nin baş məşqçisi azarkeşlərdən üzr istədi

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubuna evdə 0:2 hesabı ilə uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib.

Virtualaz.org bildirir ki, gənc mütəxəssis  matçı şərh edib və azarkeşlərdən üzr istəyib: “İlk öncə azarkeşlərimizdən üzr istəyirəm – həm öz adımdan, həm də komandam adından. Adımıza yaraşmayan futbol oynadıq. İkinci matçda daha hazırlıqlı olacağıq. Bu, bizim üçün çox ağır siqnal oldu. Düzəlməyən bir şey yoxdur, komanda şəklində bu yükün altından çıxa biləcəyik.

Evimizdə 2 top vurublarsa, biz də səfərdə bunu etməliyik. İntizamlı futbol oynamaq şərtilə qol və ya qollar vurmaqla çalışacağıq…

Oyunçularımıza sürətli futbol tapşırmışdım. Amma bu hər zaman alınmır. Bu gün meydanda sürət yox idi. Futbolçularımız çoxlu top itkilərinə yol verdilər.

Fasilədə oyunumuzda düzəlişlər etməyə çalışdım. Bilirdik ki, rəqibdə xətlərarası sıxlıq olacaq və orda top almalı idik. Sonradan məcburən cinahlardan hücum qurmağa çalışdıq. Ancaq düşündüklərimizi reallaşdıra bilmədik…

İkinci oyunda daha yaxşı “Qəbələ” görə biləcəksiniz. Bunu indidən sizə söz verə bilərəm”.

Lüksemburqun “Proqres” klubunun baş məşqçisi Paolo Amodio isə bildirib ki, bu qələbəni haqq ediblər: “Oyun boyunca düzgün oynadıq. Sıx oynadıq. şansımızı gözlədik. Futbolda da hər zaman şans lazımdır. O bu gün biz tərəfdə idi. Komandanızın da bir neçə qol imkanı oldu, ancaq istifadə edə bilmədi.

Biz bura hazırlıqlı gəlmişdik və qələbə istəyimizə çatdıq.

İndi cavab görüşünə hazırlaşacağıq. Bizim də hazırlaşmağa, rəqib kimi, bir həftə vaxtımız olacaq.

Deyə bilmərəm ki, biz artıq ikinci raunddayıq. “Qəbələ”nin gücünü bilirik. İkinci matçda mübarizə sıfırdan başlayacaq”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …