Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “Qəbələ” gümüş medalları qazandı, “Neftçi” bürüncə namizəddir

“Qəbələ” gümüş medalları qazandı, “Neftçi” bürüncə namizəddir

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

4 oyunun hamısı eyni günə təsadüf edib. Yalnız “Keşlə” – “Qarabağ” matçı daha erkən başlayıb.

Qalan 3 oyun isə gümüş və bürünc medalların taleyi baxımından önəmli olub. “Qəbələ” “Sumqayıt”la səfər matçında inamlı qələbə qazanaraq, xallarını 49-a yüksəldib və gümüş medalları təmin edib. İlk qolu 37-ci dəqiqədə Baqali Dabo, ikincisini isə 88-ci dəqiqədə kapitan Cavid Hüseynov vurub. Bununla da Dabo aktivindəki qolların sayını 14-ə çatdıraraq, bombardirlər siyahısında vahid liderliyini davam etdirib.

Digər görüşlərin nəticələri də “Sumqayıt” üçün arzulanan olmayıb. “Neftçi” “Səbail”lə görüşdə qələbəyə imza atıb. Qolları 33-cü dəqiqədə Namik Ələskərov, 37-ci dəqiqədə Rəhman Hacıyev, 80-ci dəqiqədə isə Lukas Qomes vurub. “Səbail” 83-cü dəqiqədə Yevgeni Koçukun penalti zərbəsi ilə təsəlli qolunu vurub.

İlk yarıda həm də “Səbail”in baş məşqçisi Samir Əliyev hakimi təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Bu qələbə sayəsində xallarını 43-ə çatdıran “Neftçi” 3-cü yerə yüksəlib. 23 xala malik “Səbail” isə çempionatı 7-ci pillədə başa vurub.

Nəhayət, “Zirə” autsayder “Kəpəz”lə görüşdə çətinliklə də olsa, qələbəyə nail olub. Meydan sahibləri hələ 8-ci dəqiqədə Milan Düriçin meydandan qovulmasından sonra azlıqda qalıblar. Lakin 41-ci dəqiqədə Riçard Qadze hesabı açıb. İlk yarının uzatma dəqiqəsində “Zirə” daha bir zərbə alıb. Bu dəfə təyin olunmuş penaltini “Kəpəz”in kapitanı Şəhriyar Rəhimov dəqiq yerinə yetirib. Lakin 74-cü dəqiqədə Tellur Mütəllimov yenidən yerli komandanı önə çıxarıb. Bundan 5 dəqiqə sonra isə Kamran Abdullazadə qırmızı vərəqə alıb və nəticədə tərəflər oyunu hərəyə 10 futbolçu ilə başa vurublar. 2:1 hesablı qələbə qazanan “Zirə” xallarını 41-ə çatdıraraq, 4-cü pilləyə yüksəlib. 40 xalı olan “Sumqayıt” isə 5-ci pilləyə enib.

Bürünc medal və Avropa Liqasına vəsiqə şansı verən 4-cü yerin sahibi son turda “Sumqayıt” – “Zirə” və “Kəpəz” – “Neftçi” matçlarından sonra müəyyənləşəcək. İstənilən halda, “Neftçi” ən azı 4-cü yeri tutacaq. (Report)

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …