Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / İdman / “Problem məşqçilərdə deyil, ümumi futbol idarəçiliyindədir”

“Problem məşqçilərdə deyil, ümumi futbol idarəçiliyindədir”

Son günlər idman aləmində Qurban Qurbanovun millidən ayrılması məsələsi gündəmdədir. Qurban Qurbanov istefa verəndən sonra bir çox suallar meydana gəlib, amma onlara cavab verən yoxdur. Həmin suallara cavab isə sadəcə zamanın axınına buraxılıb. Sputnik Azərbaycan futbol mütəxəssislərində müraciət bəzi qaranlıq suallara cavab axtarıb. Suallar isə belə olub: Qurban Qurbanov millidən ayrılandan sonra onun yerinə ancaq xarici namizədlərin adları hallanır. Niyə milli komandaya Qurban Qurbanovu əvəzləyəcək yerli məşqçi yox, məhz xarici məşqçilər namizəd kimi göstərilir? Ümumiyyətlə Qurban Qurbanovdan güclü məşqçi gətiriləcəyi məsələsinə münasibətiniz.

Sabiq FİFA referisi, tanınmış hakim Tahir Süleymanov bildirib ki, Azərbaycan futbolunun mövcud durumunda bataqlıqdan çıxmaq, inkişafın təmin olunması yolları müzakirə edilməlidir. Öncə mətbuata açıqlama verilmişdi ki, Qurban Qurbanov ilə 6 il müqavilə imzakayıblar, sonradan bəlli oldu ki, rəsmi olaraq 3 illik müqavilə imzalanıb.

Ölkə futbolunun dərdi əlcək kimi məşqçi dəyişiklikləri deyil, başqa məsələlərdir.

15 ildir dövlətin futbola yüksək səviyyədə qayğısı var. Bu illər ərzində Torres, Foqts, Prosineçki, Qurbanov millidə məşqçilik ediblər. Nəsə dəyişib?! İldən-ilə futbolumuzda daha da acınacaqlı vəziyyət yaranır. İtirilən illəri göz önünə gətirib problemlərin tək baş məşqçi məsələsi olmadığını anlamaq çətin deyil. Bunu sıravi azarkeş də anlayır. Məşqçilər dəyişir, dəyişdirilir, federasiyada məsul vəzifələri isə eyni insanlar tutur. 100 milyonlarla vəsait xərclənir, AFFA ideoloqları isə heç bir məsuliyyət daşımırlar.

Bəs inkişaf strategiyasını, idarəçiliyi, ümumi cavabdehliyi, məsuliyyəti kim daşıyır?! Belədirsə, bu strukturlara nə ehtiyac var?! Milyonların havaya sovrulmasına kimlər cavabdehlik daşımalıdırlar?!

Futboldan bixəbər insanlar futbolu zəbt ediblər, monopoliyaya çeviriblər. Ətrafda qohum, dost-tanış qalmayıb, hamısını futbolun “inkişafı”na cəlb ediblər, xalqın, dövlətin sərvətini ata malı kimi xərcləyirlər. Futbolda həvəskar təfəkkürlə, şəxsi məqsədlərlə peşəkar futbol idarə oluna bilməz”.

“Təəssüf ki, bir çox futbol adamları da “bir parça çörək” dərdi ilə futbola yox, futbolu dağıdanlara qulluq edirlər.

Məşqçilər Komitəsi bəyan edir ki, ölkədə hazırda ən yaxşı məşqçi olan Qurban Qurbanov gedibsə, mütləq əcnəbi məşqçi olmalıdır. Bunu o insanlar dilə gətirir ki, vaxtilə hamısı milli komandaya və aşağı yaş qrupları üzrə yığmalara dəfələrlə və uzun müddət rəhbərlik ediblər. Kimlərəsə xoş gəlmək üçün özləri-özlərini “vururlar”. Belə çıxır ki, onların heç biri yığmalara layiq olmayıblar. Hətta bunu biz yox, özləri deyir”-deyə hakim əlavə edib.

Tahir Süleymanov qeyd edib ki, illərini futbolda keçirmiş insanlar futbolumuzun problemlərini yaxşı bilirlər: “Bu məsələləri qaldırmaq əvəzinə federasiyada oturan səlahiyyət sahiblərinin məkrli planlarını millətə sırıyırlar.

Prosineçki millimizdə çalışdı, indi isə baş məşqçi olduğu yığmanı Millətlər Liqasında qrup qalibi etdi. Bu bir daha sübut edir ki, problem məşqçilərdə deyil, ümumi futbol idarəçiliyindədir. Deməli, Azərbaycan futbolunda dərin təhlillər aparılmır, üzdən yanaşmalar çoxluq təşkil edir. Belə durum futbolu dağıdanlara sərfəlidir.

90-ların müharibə, siyasi-iqtisadi xaos dönəmində ölkə çempionatında onlarla klublar çıxış edirdi. İndi isə yarıtmaz futbol siyasətilə 8 komandalı açıq “Bakı birinciliyi” keçirilir. Klubların da çoxu süni yaradılmış komandalardı. Bölgələrdə futbol məhv edilib.

Futbol genefondu məhv edilib. Uşaq-gənclər futbolunda bərbad durum yaşanır, texniki məğlubiyyətlər baş alıb gedir. Kağız üzərində isə 140 min futbolçu qeydiyyata alınıb”.

O, iddia edir ki, Qurban Qurbanov illərini futbola vermiş şəxsdir: “Milliyə gəldikdən sonra ümumi futbolda köklü islahatlara başlanılmalı, yeni inkişaf modeli hazırlanmalı idi. Bunun isə tək bir yolu var idi, futbolda olan bütün sağlam qüvvələr cəlb olunmalı idi. Amma əksinə bir ilə Qurban Qurbanov göndərildi”.

Bir sözlə ölkə futbolunun dərdi tək baş məşqçi deyil, daha qlobaldır. Belə vəziyyət davam etdikcə, istəyir dünyanın ən yaxşı məşqçisi cəlb edilsin, ciddi irəliləyiş ola bilməz.

Azərbaycan futbolunda işlək sistem formalaşmayınca, istədiyimiz inkişafın təmin edilməsi mümkünsüzdür” deyə futbol üzrə mütəxəssis əlavə edib.

Futbol yazarı Kənan Məstəliyev bu gün AFFA-da baş verənlərə maraqlı mövqe bildirib: “AFFA-nın əcnəbi mütəxəssis üzərində fikirləşməyinin səbəbi odur ki, ölkənin ən güclü yerli mütəxəssisini yola saldılar.Hal-hazırda Azərbaycanda Qurban Qurbanovdan yaxşısı yoxdur, ona görə də məcburən xaricdən mütəxəssis gətirəcəklər. 99 faiz ehtimalla əcnəbi məşqçi gələcək. Ancaq o gələnin uğur qazanacağına ümid yoxdur. Çünki əldəki material bəllidir. Bu oyunçular isə AÇ-2020-yə ancaq turist kimi getmək olar. Yeni məşqçinin Qurban Qurbanovdan güclü olduğunu iddia etmək isə, düz olmaz. Gəlsin görək hələ nə edir, nə bacarır, sonrasına baxarıq.

Sonda onu deyim ki, “ağlı olan bura gəlməz”.

Həmçinin oxuyun

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə …