Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Premyer Liqada mövsümə yekun vuruldu: “Qarabağ”dan qələbə

Premyer Liqada mövsümə yekun vuruldu: “Qarabağ”dan qələbə

Bu gün Azərbaycan Premyer Liqasında 2018/2019 mövsümünə yekun vurulub.

Son turun bütün oyunları eyni gündə keçirilib. Amma həm mükafatçılar, həm də sonuncu yerin sahibi öncədən bəlli olduğu üçün bu qarşılaşmalar formal xarakter daşıyıb.

Bu gün yaşıl meydana öncə “Keşlə” və “Səbail” komandaları çıxıb. Bürünc medalları təmin edən sonuncular ev oyununda 1:4 hesabı ilə uduzublar. Ardıcıl ikinci darmadağını alan Aftandil Hacıyevin yetirmələri mövsümün son iki görüşünün hərəsində 4 qol buraxıb. Autsayder isə 7 turluq qələbə həsrətinə son qoya bilib.

5-ci yer uğrunda mübarizə aparan Bakı klublarının duelində də darmadağın qeydə alınıb. “Zirə” səfərdə “Sabah”ın qapısından üç cavabsız qol keçirib. Bu, Samir Abasovun yetirmələrinə mövsümü 5-ci pillədə başa vurmaq imkanı verib. Elşad Əhmədovun komandası isə 7-ci pilləyə yuvarlanıb.

Buna “Sumqayıt”ın “Qəbələ” üzərində qələbəsi səbəb olub. Minimal hesabla qalib gələn meydan sahibləri 6-cı sıraya yüksəliblər. “Qəbələ” isə tarixində ilk dəfə sumqayıtlılarla görüşdən qolsuz ayrılıb.

Həm tura, həm də mövsümə mərkəzi oyunla yekun vurulub. Çempionatı ilk iki pillədə bitirən “Qarabağ”la “Neftçi” paytaxt təmsilçisinin meydanında görüşüblər. Qaçırılan penaltiylə erkən qol imkanını əldən verən “Neftçi” məğlub duruma düşsə də, fasiləyədək iki dəfə fərqlənib. İkinci 45 dəqiqədə isə ağdamlılar öncə tarazlıq qolu vurublar, son dəqiqələrdə isə qələbə topuna imza atıblar.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …