Ana səhifə / İdman / “Olympus Park” borclanıb – İdman klubunun sökülməsinə görə ekspertiza təyin olundu

“Olympus Park” borclanıb – İdman klubunun sökülməsinə görə ekspertiza təyin olundu

“Bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır”.

Bunu məhkəmə iclasında “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev deyib. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf edib.

Məhkəmə çəkişməsi isə Bakıda idmançıların klubunun gecə ilə uçurulması, bu günə qədər kompensasiya ödənilməməsi ilə bağlı şikayətlərə görə davam edir.

Musavat.com xatırladır ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib. Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdır.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunub ki, dağıdılan əmlakın qiymətləndirilməsi üçün ekspertiza təyin edilsin. Ekspertizanın keçirilməsi “Əmlak Ekspert Mərkəzi” MMC-yə tapşırılıb.

Zərərçəkmiş tərəf isə müstəqil “Legitim Qiymətləndirmə və Consulting” MMC-yə müraciət edərək dağıdılmış əmlakı qiymətləndirib. MMC idman klubunun dağıdılması nəticəsində dəymiş zərərin təxmini bazar qiymətini 1.425.000 manat olaraq qiymətləndirib.

İlham Sərdarov əlavə edir ki, dağıdılmış əmlakının bazar qiyməti ilə hesablanması konstitusiyanın 29-cu maddəsinə ziddir: “Yəni, dövlət layihəsi olanda söküləcək obyektin, mənzilin bazar qiyməti hesablanır. O da əvvəldən ədalətli şəkildə hesablanıb, ödənildikdən sonra. Burda isə özəl şirkət olduğu üçün ancaq bərpa edilmə qiymətləndirilə bilər”.

Bildirək ki, “RS Construction” MMC İlham Sərdarova qanunsuz olaraq sökdüyü obyektinə görə 162 min manat təklif edir. Bundan başqa, İlham Sərdarovdan etdiyi şikayətlər nəticəsində “RS Construction” MMC-nin işgüzar nüfuza vurulmuş zərərin əvəzi olaraq 1 milyon manat məbləğində pul tələb edir.


Bildirək ki, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 28.08.2020-ci il tarixli tikinti işlərinin dayandırılması barədə qərarına əsasən, Xətai rayonu, Cavanşir və Sadıqcan küçələrinin kəsişməsində yerləşən “RS Construction” MMC-nin sifarişi ilə həyata keçirilən 3 ədəd 12 mərtəbəli yaşayış binalarının tikintisi dayandırılıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …