Ana səhifə / İdman / “Necə yəni “Qarabağ” komanda deyil?” – Eldar Mansurov

“Necə yəni “Qarabağ” komanda deyil?” – Eldar Mansurov

Bəstəkar Eldar Mansurov “Qarabağ” komandası haqda dediyi və sosial şəbəkələrdə müzakirələrə səbəb olan fikirlərə aydınlıq gətirib.

O, Qol.az-a açıqlamasında fikirlərinin düzgün başa düşülmədiyini bildirib:

“Məni azdan-çoxdan tanıyırsınızsa, bilirsiniz ki, danışıq tərzimdə şüvənlik yoxdur. Məni düzgün başa düşün, neçə illərdir “Neftçi” azarkeşiyəm, amma “Qarabağ”la heç bir düşmənçiliyin yoxdur. Dəfələrlə verilişlərdə “Qarabağ” azarkeşlərinin arasında olmuşam. Nə mən onları təhqir etmişəm, nə də onlar məni. Bəli, mən “Neftçi”ni flaqman hesab edirəm. Hər ölkənin bir flaqmanı olur. Mən bunu deməklə “Qarabağ”ı təhqir etmirəm ki. Mənim dediklərimi düzgün yazmayıblar. Mən heç camiə sözünün nə olduğunu bilmirəm. O Eldar Mansurovam ki, 1990-cı illərdən indiyədək nə qədər Qarabağ, məcburi köçkünlər haqda mahnılar yazmışam. İndi nə oldu, məni ayaq altına atırsınız? Erməni axtarırsınız? Hər şeyi siyasiləşdirirlər. Mən siyasət adamı deyiləm, yaradıcı adamam. Uşaqlıqdan bir fikrim olub, “Neftçi”ni dəstəkləmişəm”.

Eldar Mansurovun “Qarabağ” komanda deyil” ifadəsi daha çox narazılığa səbəb olub. O isə əslində bu cür demək istəmədiyini qeyd edib: “Necə yəni komanda deyil? Mən istəsəm də, istəməsəm də, “Qarabağ” komandadır. Sadəcə demişəm ki, “Qarabağ” Azərbaycanın yığma komandasıdır. Yəni heyətində oynayanların çoxu millimizin futbolçularıdır. “Qarabağ” Azərbaycanın ən güclü futbolçularını özündə toplamış bir komandadır. “Qarabağ” da, “Neftçi” də ölkəmizi Avropada layiqincə təmsil edib. “Neftçi” ilk dəfə Avroliqanın qrupunda oynayıb. Bunu deməməliyəm mən? “Qarabağ”da oynayan yerli futbolçu var – Mahir Emreli, onun oyununu çox bəyənirəm. Ümumiyyətlə, “Qarabağ”ın heyətində yerli oyunçu çoxdur. Bu da yaxşı haldır. Mən legionerlərin əleyhinəyəm. İstəyirəm öz uşaqlarımız oynasın.”

E.Mansurov “Qarabağ” və “Neftçi”nin çempionluq mübarizəsində şanslarını necə görürsünüz?” sualını isə belə cavablandırıb: “Mən bundan sonra futbol haqda danışmaqdan qurtardım. Bu kitabı bağlayıram. Heç kim məndən heç nə soruşmasın. Top yumrudur, hansı daha bərk vursa, dəqiq vursa uğur qazanacaq. Bir azarkeş kimi dediyim sözə görə məni ölkədə siyasi düşmənə çevirirlər. Ona görə də daha bu işlərə qarışmayacağam. Ona görə yox ki, qorxuram. Ona görə ki, əsəblərimin sakit olmasını istəyirəm”.

Xatırladaq ki, Eldar Mansurovun “Futbol+” qəzetində yayımlanan müsahibəsində bu ifadə olub: “Açığı, mən “Qarabağ”ı komanda saymıram. “Neftçi”ni “sındırdılar” və Ağdam klubu bu fürsətdən istifadə etdi. “Qarabağ”ı adına görə irəli çəkdilər. Bəlkə elə deyil? “Qarabağ” nə vaxtdan böyük camiə olub? “Neftçi” başqa aləmdir”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …