Şənbə , Dekabr 4 2021
Ana səhifə / İdman / Millimizin sabiq baş məşqçisi susqunluğunu pozdu

Millimizin sabiq baş məşqçisi susqunluğunu pozdu

Əsgər Abdullayev Naxçıvana getdikdən sonra, demək olar, bir kənara çəkilib öz işləri ilə məşğul olmağa başladı. Uzun müddətdir mətbuatda da açıqlamalarına rast gəlmədiyimiz mütəxəssisin bu yaxınlarda AFFA-nın Məşqçilər Komitəsinə üzv seçildiyi məlum oldu. Hazırda komitədə fəaliyyətini davam etdirən millimizin sabiq baş məşqçisi nəhayət susqunluğunu da pozdu. Təbii ki, Əsgər bəyə ölkə futbolu, yığmanın uğursuzluğu, çempionatımızdakı rəqabət, “Qarabağ”ın Konfrans Liqasındakı çıxışları, sabiq klubu “Neftçi”nin durumu və sair məsələlərlə bağlı suallarımız vardı. 
Qaynarinfo-ya müsahibə verən mütəxəssis bütün suallarımızı cavabalandırdı.ƏTRAFLIDirol Azerbaijan
– Naxçıvana gedəndən sonra ortalıqda görünmədiniz, mətbuatda da açıqlamalarınıza, demək olar, rast gəlinmirdi. Sanki nədənsə küsüb kənara çəkilmişdiniz…
– Müqavilə əsasında Naxçıvanda işləyəsi oldum. Bir çox işlər gördük. Uşaq futbolunda beş yaş qrupundan ibarət komanda yaratdıq. AFFA tərəfindən məşqçilər üçün C kateqoriyası üzrə kurslar keçirildi. O cümlədən hakimlər üçün də kurslar təşkil olundu. Baza tikildi, stadionlar inşa edildi. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar oyunlar dayandırıldı. İşimizə maneə yaradan pandemiya oldu. Müqaviləm başa çatandan sonra Bakıya qayıtdım və Vaqif Sadıqovla görüşdüm. Çox sağ olsun, mənə Məşqçilər Komitəsində çalışmağı təklif etdi, fikirlərini də rəhbərliyə bildirdi. Mən də qəbul etdim. Elə fürsətdən yararlanıb AFFA rəhbərliyinə təşəkkür edirəm ki, təklifə müsbət cavab verdilər.
– Naxçıvanda neçə il fəaliyyət göstərdiniz?
– Müqaviləm iki illik idi.
– Naxçıvanda qalıb işləməyi təklif etmişdilər?

– İşləməyim üçün etiraz yox idi. Gördüm ki, mənim üçün də çətindir. Aylarla evdə olmamaq… Birinci Divizionda, ya da Güclülər Dəstəsində iştirak edən komandalar tez-tez səfərlərə gedib-gəlir. Belədə hiss olunmur. Amma aylarla evdən, ailədən aralı qalmaq bir qədər çətinlik yaradırdı. Pandemiya dönəmində məşqlər də uzun müddət məhdudlaşdırılmadı. Ona görə də müqavilə bitəndən sonra halallaşıb ayrılmağı qərara aldım.
– Orada olduğunuz müddətdə Naxçıvan futbolu hansı inkişaf mərhələlərini keçdi?
– Naxçıvanda insanlar xarakterə malikdir. Orada futbolu inkişaf etdirmək mümkündür. Hər şey qaydasında idi. Komandada cavanlaşdırma prosesi aparılırdı. Demək olar, futbolçuların 70-80 faizi yerlilər, yəni naxçıvanlılar idi. Bakıdan da təcrübəli futbolçular aparmışdıq ki, onların inkişafında vasitəçi olsunlar. Çox yaxşı komanda yığmışdıq. Hətta Türkiyədə yoldaşlıq matçı keçirdik, 4:0 hesablı qələbə qazandıq. Orada da komanda özünü çox yaxşı tərəfdən göstərdi. Həvəskarlar liqasında oyunlarımız olmalı idi. Ancaq pandemiyaya görə davam edə bilmədik. 
– Bizdə olan məlumata görə “Araz”ı Birinci Diviziona gətirmək istəyirdiniz. Ancaq bu alınmadığı üçün ayrılmaq qərarına gəldiniz.
– Əlbəttə, bu da bir faktdır. Birinci Divizionda olsaydıq, gediş-gəliş də tezləşərdi. Uzun müddət eyni yerdə qalmaq çətinlik yaradır. Rəhbərliyə təşəkkür edirəm ki, hər bir şərait yaratmışdılar. Bu, danılmaz faktdır. Amma problem uzun müddət bir yerdə ailədən ayrı qalmaq idi. Bütün şərait yaradılmışdı, hər şey yüksək səviyyədə idi.
– Orada olduğunuz müddətdə Azərbaycan çempionatında baş verənləri izləyirdinizmi? Nələr dəyişib?
– Əlbəttə, daha yaxşısını istəyərdik. Ciddi dəyişikliklər görmürəm. AFFA-da işlədiyim üçün demirəm. Amma əvvəlki vaxtlarla müqayisə etsək, görərik ki, hər bir şərait yaradılıb. Stadionlar inşa olunur, komandalarda problem yoxdur. Hər şey normaldır. Məncə, daha çox çalışmalıyıq. AFFA tərəfindən şərait yaradılıb, qalan hər şey biz məşqçilərin boynundadır.
– Son illərdə Azərbaycan çempionu da dəyişdi, “Neftçi” qızıl medallara sahib oldu. Bu, nəyin hesabına baş verdi?
– Rəqabət olan yerdə, çempionların hər il eyni qalması ehtimalı o qədər də yüksək deyil. “Neftçi” keçən il sona qədər rəqabət apardı və çempionluğu qazandı. Nə qədər rəqbət olarsa, futbolun və futbolçunun inkişafına o qədər böyük təsir edər.
– “Neftçi” bu mövsüm gözlənilən oyunu göstərə bilmir. Ötən mövsümkü “Neftçi” ilə indikini müqayisə edəndə hansı fərqlər görünür? Eyni zamanda “Qarabağ”la bağlı da fikirləriniz maraqlıdır, dəyişikliklər varmı?
– Rəqabət hazırda bu iki klub arasında gedir. Hər iki komandaya uğurlar arzulayıram. Builki “Qarabağ”ın sərgilədiyi oyun ürəkaçandır. Çox yaxşı futbol göstərirlər. Hər halda nəticələri göz qabağındadır. “Neftçi”dən də bu il nəsə gözləyirdik. Təəssüflər olsun ki, bu il gözlədiyimizi görmədik. Uğurlar arzulayıram, gələcəkdə bu cəhətdən özünü daha yaxşı göstərər. 
– Hazırda “Neftçi”də hansı çatışmazlıqları müşahidə edirsiniz?

– Bunu müzakirə edib danışmaq, baş məşqçinin işidir. Mən onu deyə bilərəm ki, daha yaxşı oyun sərgiləməyə qadirdilər. Onu da gərək etsinlər.
– Ümumiyyətlə, Premyer Liqada çıxış edən komandalarımızın durumu ilə bağlı düşüncələriniz necədir? Hansılar müasir futbolla ayaqlaşa bilir və ya çox geri qalır?
– Ayrı-ayrı klubları müzakirə etmək istəməzdim. Ancaq onu deyim ki, “Qarabağ” öz oyunu ilə düzgün yolda olduğunu göstərir. Azərbaycanı çox layiqli şəkildə təmsil edirlər, sağ olsunlar. “Neftçi” də bu yolun davamçısı olmağa çalışmalıdır.
– Bəs digər klublarımızla bağlı nə düşünürsünüz?
– “Qəbələ” dişlərini yaxşı qıcayıb. İstəklidirlər, oyuna həvəslə çıxırlar. “Sumqayıt”ın “Neftçi” ilə oyununu izləmişdik. “Sumqayıt”ın oyunundan xoşum gəldi. Ancaq sabit oyun sərgiləməlidirlər. Məsələn, “Neftçi”yə qarşı göstərdiyi oyunu, “Sabah”la matçda görmədik. Komanda stabil olmalıdır ki, nəticə qazansın. Digər klublarımız da pis deyil. Amma “Qarabağ”la rəqabət aparacaq qədər güclü deyillər. 
– Bu mövsüm hansı komandanı çempionluğa ən yaxın namizəd kimi görürsünüz?
– Əvvəlcədən proqnoz vermək çətindir. Futbol elə bir şeydir ki, öncədən nəsə demək olmur. Hər halda göstərilən oyunlara görə çempionluğa ən real namizəd əvvəlcə “Qarabağ”ı, sonra “Neftçi”ni görürəm.
– “Qarabağ”ın Konfrans Liqasında qrupdan çıxmaq şanslarını necə dəyərləndirirsiniz?
– Qrupdan çıxmaq şansı qazanıb. Belə davam edərsə, növbəti mərhələyə yüksəlmək ehtimalı çox yaxşıdır. Ancaq belə bir məsəl də var: “Əsas məsələ startdan birinci başlamaq deyil, finişə birinci çatmaqdır”. “Qarabağ”a da finişə birinci çatmağı arzu edirik. Azarkeşlərə verdikləri sevincin davamı gəlsin.
– Neçə illərdir Premyer Liqada eyni komandaları görürük. Aşağı dəstədən yüksələn yoxdur. Buna münasibətiniz necədir? İndiki məqamda komandaların sayını artırmaq mümkün deyil?

– Şəxsi fikrimdir, Premyer Liqada bölgələrə də yer ayrılmalıdır. Ən azı 10-12 komanda olsa, rəqabət də artacaq. Mütləq bölgə təmsilçiləri əlavə edilməlidir. Birinci Diviziondan Premyer Liqaya qalxamaları üçün qarşılarında məqsəd də olmalıdır. Bunu etsək, daha yaxşı olar. Çalışmalıyıq ki, ən azı iki komanda Premyer Liqaya yüksəlsin.
– Əvəzedicilərin Birinci Diviziona qoşulmasına necə baxırsınız? Sizcə də bu inkişafın qarşısnı alan səhv addım deyilmi?
– İndiki dönəmdə maddi çətinlik olduğu üçün komandalar AFFA, dövlət tərəfindən maliyyələşdirilir. Bunu nəzərdə tutub dedim ki, gələn ildən bölgələrdən ən azı iki komanda Premyer Liqada oynamalıdır. Yəqin ki, əvəzedicilərin Birinci Diviziona qatılması maliyyə ilə bağlıdır.
– Millimizlə bağlı fikirləriniz maraqlı olardı…
– Səhv etmirəmsə, yığmanın qarşıda 3 oyunu qalıb. Oyunlar başa çatsın, məncə, daha sonra bu barədə danışmaq uyğun olar. Yalnız onu deyim ki, milli daha yaxşı oynaya bilərdi.
– Təcrübəli mütəxəssis kimi uğursuzluqların səbəbini nədə görürsünüz?
– Milli klublardan asılıdır. Klublar isə millidən asılı deyil. Azərbaycanda çox az futbolçu legioner həyatı yaşayır. Futbolçularımız xaricdə nə qədər çox olsa, bir o qədər millinin gücünü artıracaqlar. Mən o vaxt millidə çalışanda bir çox futbolçu xaricdə çıxış edirdi. Belədə daha baxımlı oyun sərgiləyirdilər. Legioner olmaq o deməkdir ki, futbolçu əsas heyətə düşmək, qruplarda oynamaq üçün öz üzərində daha çox çalışmalıdır. Həm də yığmanın güclənməsində səbəbkar olar. İndi xaricdə oynamaq üçün şans var. Futbolçular çalışmalıdır ki, üzrələrində çox işləsinlər və daha güclü klublara dəvət alsınlar.
– De Byazi gələndən sonra millidə hər hansı inkişaf görünür?
– Həmişə demişəm və hamıya fikrimi çatdırmağa çalışıram. Mən heç vaxt məşqçiləri müzakirə etməyi xoşlamıram. Məşqçi məşqçini müzakirə deyil, müdafiə etməyi bacarmalıdır. Amma yığılan xalları nəzərə alsaq, bu bir qədər xoşagəlməzdir. Qarşıdakı oyunlarda xal götürmək ehtimalı olmalıdır. Ən azı bunun üçün çalışılmalıdır.
– Az öncə legionerlərdən söz açdınız. Hazırda xaricdə çıxış edən legionerlərimizin – Mahir Emrelinin, Namik Ələskərovun, Anton Krivotsyukun, Vüsal İsgəndərlinin oyunlarını izləmək imkanınız olurmu?
– O qədər də çox izləmək imkanım olmayıb. Amma epiozdlara baxsaq, Mahirin pis təsir bağışlamadığını deyə bilərəm. Bu haqda həm eşidirik, həm görürük. Dayanmamalıdırlar, daha yaxşı oynamalı və rəqabət aparmalıdırlar.
– Son vaxtlar Polşa mətbuatında Mahirlə bağlı xoşagəlməz xəbərlər yazılır. Yəni, içki məsələsi-filan. Ümumiyyətlə, Mahirə nə məsləhət görərdiniz?
– Futbol elə bir oyundur ki, ömrünün 10-15 ilini ona həsr edirsən. Sonra futbol öz ömrünü sənə həsr edir. Futbol meydanlarına çıxdığın vaxt münasibət başqa cür olmalıdır. Təkcə Mahir haqda danışmıram. Hər bir futbolçunun karyerası 15 il, yaxud qısa da ola bilər. Bu müddət ərzində bütün həyatını ona sərf etməlisən. O imkanı qazanmısansa, əldən buraxmaq lazım deyil.
– Məşqçilər Komitəsinin qarşıdakı planları necədir? Sizin fəaliyyətiniz nədən ibarət olacaq?

– Məşqçilər Komitəsinə üzv seçiləndən sonra orada çox böyük işlər getdiyini görürəm. Əksəriyyət düşünər ki, bura gəldiyim üçün belə qiymətləndirirəm. Əslində elə deyil. Gənc məşqçilər dəvət edilir. Onlarla söhbətlər aparılır. Futbola aid bir çox şeylərlə bağlı müzakirələr olur. Rəhbərliyə öz tövsiyələrimizi veririk. Biri var öz gözünlə görəsən, biri də var eşidəsən. Burada çalışdığım üçün kimisə tərifləmirəm, öz fikrimi deyirəm. Böyük işlər görülür və hamısı yazılı şəkildə rəhbərliyə çatdırılır. Görəcək işlərimiz çoxdur. Çalışmalarımız müsbət şəkildə irəliləyir.
– Həmin tövsiyələrə rəhbərliyin yanaşması nə dərəcədə qaneedicidir?
– Bizim işimiz tövsiyələr verməkdir. Qərarları isə biz qəbul etmirik. Bu işə rəhbərlik tərəfindən baxılır. Futbola aid bir çox işlərin həyata keçirilməsində bizimlə məsləhətləşirlər. 
– Millilərimizin uğursuzluqlarına görə baş məşqçi, AFFA rəhbərliyi və futbolçularla yanaşı Məşqçilər Komitəsinin üzvləri də tənqid hədəfinə çevrilir, günahlandırılır. Hətta onların yalandan AFFA-da oturub, heç bir iş görmədiklərini açıq söyləyənlər də var. Bu fikirlərə münasibətiniz necədir?
–  Bu, bir qədər düzgün çıxmır. Komitəyə üzv olmazdan əvvəl mən də çox sözlər eşitmişdim. Amma üzv olandan sonra həqiqətən də az iş görülmədiyinə şahid oldum. Hətta bir çox gənc futbolçular da gəlib məsləhət alırlar. Təcrübəli məşqçilər onlara yol göstərirlər. Oyunları izləyirik. Millinin məşqçiləri ilə görüşlər olur. Deyirlər ki, guya pul alırlar, amma heç nə etmirlər. Bu, ümumiyyətlə, komitəyə yaraşan söz deyil. Komitə öz işini layiqli şəkildə görür.
– Hazırda ən çox müzakirə olunan mövzulardan biri U-21 və əsas millimizin baş məşqçilərinin göndərilməsidir. Sizcə bu, çıxış yolu ola bilərmi?
– Hər şey nəticəyə bağlıdır. Bu barədə deyəcəyim söz odur ki, gələcək hamısını göstərəcək. Məşqçinin qalıb işini davam etdirməsi göstərdiyi nəticədən asılıdır. Ona görə də müzakirə olunurlar. Tsikl başa çatandan sonra hər şeyə aydınlıq gələcək. Məşqçinin təyinatına komitə deyil, AFFA rəhbərliyi cavabdehdir.
– Son illər millidə ancaq əcnəbi məşqçiləri görürük. Sizcə təcrübəsi olan yerli mütəxəssislər, elə biri siz, o cümlədən digərləri niyə millini çalışdırmaq üçün sinələrini irəli vermirlər? Bəlkə rəhbərliyə özünüzü təklif edəsiniz? Hər halda Azərbaycan futbolunun içində olanlar sizlərsiniz.
– Tsiklin başa çatmasına az müddət qalıb. Ondan sonra bu haqda danışmaq daha düzgün olardı. Hər şeyi zamana buraxaq (gülür). Ümidimizi kəsməyək, yaxşı olar. 

Həmçinin oxuyun

“Mançester Yunayted” “Arsenal”ı məğlub etdi

İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub. Turun mərkəzi matçında “Mançester Yunayted” “Arsenal”ı qəbul edib. Matç …