Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Milli yenə uduzdu-əjdaha kimi Lüksemburq, Di Byazi kimi isə…

Milli yenə uduzdu-əjdaha kimi Lüksemburq, Di Byazi kimi isə…

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi  AFFA-dan nə qədər məvacib alırsa, mən öz payımı halal edirəm. Niyəsini, deyim. Adam səmimi olaraq bu komanda ilə uğur qazanmağın mümkünsüz olduğunu anlayıb. Əslində, Albaniyaya dünya çempionatına vəsiqə qazandıran təcrübəli mütəxəssis hansı ölkəyə, hansı milliyə gəldiyini əvvəldən də yaxşı bilirdi. Bakı kimi rahat və təmiz şəhər, stadionlar, dəniz kənarında balıq kababı…

Byazi yoldaş onu da bilirdi ki, sıralanan məğlubiyyətə görə ona kimsə heç nə deməyəcək. Heç olmasa, AFFA bu vəziyyətə görə məsuliyyət daşımalıdır, amma onlar da illərdir davam edən bu biabırçılığı “görmürlər”. Görsəydilər, lap azca, lap azacıq narahat olardılar.

Di Byazinin italiyansayaq səmimiyyətinə qayıtsaq, bir neçə gün əvvəl dediklərini yada salmalıyıq: “Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik…” İndi səmimiyyəti bir kənara qoyaq, açıq danışaq. Özünə, tutduğu posta, komandasına hörmət edən bu cür aşağılayıcı münasibəti millinin baş məşqçisi dilə gətirərmi? Dilə gətirən olarsa, ona qapını göstərərlər. Futbol qapısını yox, sərhəd qapısını…

Söhbət ondan getmir ki, Di Byazi Portuqaliyanı da, Serbiyanı da gözündə çox böyüdüb, İrlandiya və Lüksemburqa simpatiyasını bildirib. Pisi odur ki, o əsas olaraq, bizi bu cür düşünsəsi ilə çox aşağıya qoyub.Axı bu cür düşünən baş məşqçi hansı haqla meydana buraxdığı futbolçudan nə tələb edə bilər? Belə məşqçini hansı futbolçu dinləyər, dediklərinə  əməl edər? Heç kim!

Milli fərqli bir sistemdir, klub deyil, yığmadır. Di Byazinin millisi isə yığma yox, daha çox yığıncağa bənzəyir. Bəzi oyunçularınbu gecəki fədakarlığını qeyd etməmək allahsızlıq olar, öz fərdi ustalıqlarına, millinin adına görə nəsə etmək istəyirdilər, amma o “nəylə isə” nə indi, nə sonra heç nə alınası deyil…  

Almaniyanın olduğu qrupda hələ ki, 9 xal toplamış Ermənistan millisini yada salmağı, bizimlə müqayisə aparmağı istəmirəm. Qələt edirlər, arzulayıram ki, gələn yayda Qətərdə keçiriləcək dünya çempionatında o əntər balalarının isimlərini eşitməyəcəyik. Amma bu faktı futbol təsərrüfatına məsul şəxslər gərək göz önündə tutsunlar. Çünki biz musiqimi, qazımı, neftimizlə fəxr ediriksə, ermənilər də indi milli komandaları ilə fəxr etməyə başlayıblar. Həm də baş məşqçi dollar yox, dram alan yerli erməni mütəxəssisdir.

Məğər “J” qrupunda lider olan Ermənistan millisi qrupdakı Almaniyadan güclüdür, yoxsa Rumıniyadan? Bəlkə İslandiya zəif komandadır? Demək məsələ Di Byazinin bizi qorxutduğu rəqiblərlə bağlı deyil. Məsələ futbola ögey münasibətidir.

Bəhanələr yenə və əvvəlki olaraq qalır: milli çempionatımız zəifdir, milli futbolçular yetişmir və sairə və ilaxır… İllərdir bu bəhanələri hətta tirajlamağa belə milyonlar xərclənib, amma dəyişən yenə heç nə yoxdur. 28 dəqiqəyə Lüksemburq qapında 2 top keçirirsə, Byazi qorxmaqda haqlıdır. Hələ qarşıdakı aylarda 5 oyunumuz qalır. Byazi isə artıq onların “fatihəsini” verib, uduzacağıq deyib…Heç olmasa, çox biabırçı hesab olmasın…   

Uzun-uzadı nəsə yazmağa gərək yoxdur. Amma ölkədə futbola münasibət dəyişməlidir- əsl vətəndaş, əsl millət təəssübü qayğısı gərəkdir. O münasibət olmayınca, Luksenburq yox, hətta Cəbəllütarix millisi də bizə əjdaha kimi görünəcək…

Musavat.com

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …