Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazandı

Millətlər Liqası: Azərbaycan yığması ilk xalını qazandı

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 3-cü qrupunda Belarusla üz-üzə gəlib.

Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionundakı qarşılaşma qolsuz bərabərliklə bitib. Görüşə Azərbaycan komandası daha fəal başlayıb. 9-cu dəqiqədə Emin Mahmudovun zərbəsini qapıçı Pavel Pavlyuçenko dəf edib. 24 yaşlı qolkiper bir dəqiqə sonra Ramil Şeydayevin fərqlənməsinə mane olub.

19-cu dəqiqədə Mahmudovun təhlükəli cərinə zərbəsinin qarşısını da Pavlyuçenko alıb. 27-ci dəqiqədə isə Azər Salahlı qapıçı səddini keçə bilməyib. Üç dəqiqə sonra Ramil Şeydayev topu qapıdan keçirsə də, oyundan kənar vəziyyət qeydə alınıb. İlk hissənin sonlarında rəqibin bir neçə epizodda fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

İkinci hissənin əvvəlində tərəflər ehtiyatlı oyuna üstünlük veriblər. 59-cu dəqiqədə Renat Dadaşovun yerinə Namik Ələskərov, Şeydayevin yerinə isə Mahir Emreli meydana daxil olub. 65-ci dəqiqədə Maksim Medvedev zədələndiyi üçün yerini Qismət Alıyevə verib. 73-cü dəqiqədə Emin Mahmudovun növbəti dəfə qüvvətli zərbəsini Pavlyuçenko qaytarıb. 84-cü dəqiqədə Qismət Alıyev Qleb Şevçenkoya qarşı kobudluq etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qrupun digər matçında Qazaxıstan səfərdə Slovakiyaya minimal hesabla qalib gəlib – 1:0. 6 xala malik Qazaxıstan seçməsi qrupun lideridir. Slovakiyanın 3, Belarus və Azərbaycanın 1 xalı var.

Qeyd edək ki, Azərbaycan millisi növbəti görüşünü iyunun 10-da Bakıda Slovakiya seçməsinə qarşı keçirəcək.

Həmçinin oxuyun

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …