Azinforum.az bu barədə Report-a istinadən xəbər verir.

Müsahibədən əsas hissələri sizə təqdim edirik:

– İstefanız “Keşlə”nin Avropa Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi “Baltsan”la görüşə 3 gün qalmış baş verdi. Düşünmürsünüzmü ki, bu addımla komandanı çətin vəziyyətdə qoydunuz?

– Klubda vəziyyə elə idi ki, ya mən işləməli idim, ya da 2 futbolçu – Fuad Bayramovla Vaqif Cavadov komandanı tərk etməli idi. Başa düşmürəm ki, niyə? 27 gün oturub gözlədim ki, müqaviləmi nə zaman imzalayacaqlar.

– Ötən mövsüm başa çatandan sonra müqavilənin müddətini uzatmaqla bağlı klub rəhbərliyi ilə razılığa gəldiyinizi söyləmişdiniz. Sözləşmə ilə əlaqədar hansı müstəvidə danışıqlar olmuşdu?

– Yeni müqavilə ilə bağlı mayın 20-də söhbətimiz olmuşdu. O zaman hələ Azərbaycan Kubokunu qazanmamışdıq. Klub prezidenti Zaur Axundov müqaviləni bir il müddətinə artırmağı təklif etmişdi və razılığa gələrək, bir-birimizin əlini sıxmışdıq.

– Bəs müqaviləyə qol çəkməmişdiniz?

– Müqaviləni iyunun 20-də özümlə gətirmişdim. Özüm qol çəkdikdən sonra ayın 25-i, ya da 26-da bş direktor Rəmiş Malıyevə vermişdim. Müqavilədə mənim imzam vardı. Amma onlarınkı nədənsə uzanırdı. Artıq bu mövzudan danışmaq istəmirəm. Unutmaq lazımdır.

– Yeni müqavilədə şərtlər necə idi?

– Şərtlər ilk yarım ildəki kimi qalmışdı. Mükafatçılar sırasına düşmək və digər nailiyyətlər üçün bonuslar nəzərdə tutulmuşdu. Amma maaş əvvəlkitək idi.

– Azərbaycan Kubokunu qazandığınız üçün mükafat aldınız?

– Bəli, bütün komanda mükafatı tam şəkildə aldı.

– Zaur Axundov bildirib ki, Pablo Podio və onun seçimi ilə transfer olunan futbolçuları qəsdən oynatmamısınız…

– Məni düz başa düşün. Məsələn, Podionu mən götürməmişdim. Hamının səhvi ola bilər. Amma güclü olan oynamalıdır. Nəticəyə mən cavabdehəm. Başqasının meydana kimi buraxmaq, kimi əvəzləməklə bağlı göstəriş vermək hüququ yoxdur. Problem ondadır ki, mən oyuncaq məşqçi deyiləm. Başa düşürsünüz? Bu səbəbdən Zaur Axundovla xarakter və futbola baxışımız üst-üstə düşmədi. Vəssalam!

– Düşünmürsüz ki, Malta kimi “cırtdan” ölkənin klubuna ilk matçda 1:4 hesabı ilə uduzmaq yaxşı hal deyil?

– İndi Lüksemburq, Malta kimi ölkələrdə də futbol inkişaf edir. “Baltsan”da serbiyalı, braziliyalı, nigeriyalı legionerlər çıxış edir. Səviyyəli rəqibdir, bizim komandadan zəif deyil. Bu, mənim dövrümdə “Keşlə”nin ən pis oyunu idi. Özüm də bilmirəm ki, niyə belə oldu? Bəraət qazandırmalı bir şey yoxdur. Məğlubiyyət mənim günahımdır. Belə oyunlar da olur.

– Axundov oyunda dönüş etmək üçün heç bir tədbir görməməyinizdən şikayətçidir…

– Oyuna olan taktikamı qol buraxana qədər yerinə yetirirdik. Bundan sonra “bir nömrə” kimi çıxış etdik. Bu isə lazım deyildi. Rəqib əks-hücumda oynayan komandadır. Hücumda braziliyalı, nigeriyalı və montoneqrolu futbolçuları var. Çox texnikalı kollektivdir. Amma bu, o demək deyil ki, mən oyunu necə qurmağın lazım olduğunu bilmirəm. Klub prezidentinin öz baxışları var. Baş məşqçidən xoşunuz gəlmirsə, yola salın. Kimi oynadıb, kimi dəyişməyin lazım olduğunu söyləmək düzgün deyil.

– “Baltsan”la matçdan sonra Axundovun sizə iradı nə idi?

– Onun mənə iradı olmayıb. O, paltərdəyişmə otağına daxil olaraq, futbolçulara sözünü dedi. Həmin vaxt dəhlizdə olduğum üçün nə söylədiyini eşitmədim.

– Prezidentin paltardəyişmə otağına daxil olmasının qeyri-etik olduğunu düşünmürsünüz?

– Mənim vaxtımda belə hal ilk dəfə baş verdi. Getdim və dedim ki, heç nə eşitmək istəmirəm. Mən klub prezidentinin telefonla əvəzetmə göstərişi verəcəyi baş məşqçi deyiləm. Yeganə problem odur ki, mən oyuncaq məşqçi deyiləm! Belə də yazın. Axundov agentimə deyib ki, mən prezidentəm, o, sözümü eşitmir. Bura komada qurmağa gəlmişəm. Güclü olan oynamalıdır.

– Telefonla əvəzetmə dediniz. Bu hadisə necə baş verib?

– Oyun vaxtı inzibatçı telefonla yaxınlaşdı ki, Zaur Axundovdur. “Lazım deyil, cavab verməyəcəyəm” dedim (gülür). Düzgün başa düşün, mən bu məktəbi keçmişəm, 20 yaşım yoxdur ki?!

– Zaur Axundovun necə xarakterli insan olduğunu nə vaxt öyrəndiniz?

– Komandaya gələndən 3-4 həftə sonra hər şey mənə agah oldu. İnsan futbolla yaşayır. Bu da bir xarakterdir. Biz hamımız məsuliyyətli insanlarıq. Hərdən emosionallıq olur.

– Siz də emosional insansınız…

– Məşqçi peşəsi belədir.

– Hazırda Bakıdasınız?

– Artıq getmişəm. Mənə dedilər ki, ikisindən birini seç – mən də digərin seçdim. Onlar Vaqif Cavadovla Fuad Bayramovu heyətdən kənarlaşdırmağımı istəyirdilər. Belə vəziyyətdə özüm getməyi uyğun bildim.

– Başqa təklifləriniz var?

– Təklif məzuniyyətdə olduğum vaxt vardı. Amma mən “Keşlə”dəki şəxslərə söz vermişdim. Ona görə də imtina etdim. Artıq həmin posta başqasını götürüblər. Lakin komandanın adını deməyəcəyəm. Ukraynadan deyil, başqa ölkədən idi.

– Bundan sonrakı planlarınız necədir?

– Futbol belədir ki, bu gün işləyirsən, sabah yox. Komandaya gəlmisənsə, əvvəl-axır gedəcəksən. Probem odur ki, bu gün, yoxsa sabah… “Keşlə”də yeganə probemin Zaur Axundovun kimi oynadıb, kimi əvəzləməli olduğuma dair göstərişlərinə qulaq asmamağım idi. Mən oyuncaq baş məşqçi deyiləm, vəssalam!