İran millisi Meksikada məşq edir, ABŞ vizalarını isə hələ də almayıb
İranın futbol üzrə milli komandası hazırda Meksikada məşq keçir. Amma komanda ABŞ-yə səfər etmək üçün hələ də viza ala bilməyib. Bunu mayın 28-də İranın Meksikadakı səfiri Əbülfəzl Pəsəndidə bildirib.
Komanda Dünya Kuboku öncəsi hazırlıqlarını ABŞ-nin Tuson şəhərində (Arizona ştatı) keçirməli idi. Amma viza problemi səbəbindən məşqləri Meksikanın ABŞ sərhədinə yaxın Tixuana şəhərinə köçürüblər.
Səfir Tixuanadakı məşq bazasına ziyarəti zamanı bildirib ki, "şimaldakı ölkə" - ABŞ İran komandasını qəbul etməklə bağlı öhdəliyini yerinə yetirməyib. "Oyunçulara viza verib-verməyəcəklərini bilmirik", – deyə səfir qeyd edib.
İran iyunun 15-də Yeni Zelandiya, iyunun 21-də isə Belçikaya qarşı qrup oyunlarını Los-Ancelesdə keçirməlidir.
İyunun 26-da Misirlə nəzərdə tutulan qarşılaşma isə Sietldə baş tutmalıdır.
İran Futbol Federasiyasının rəhbəri bildirib ki, oyunçuların həm ABŞ-dəki matçlara gedib-gəlməsi, həm də Meksikadakı təlim düşərgəsinə qayıda bilməsi üçün onlara çoxdəfəlik vizaların veriləcəyinə ümid edirlər.
"Dünya Kubokunda bərabər şərtlərlə iştirak etmirik", – deyən Pəsəndidə əlavə edib ki, Yaxın Şərqdəki müharibə səbəbindən komanda lazımi şəkildə hazırlıq keçə bilməyib.
İranın dünya çempionatında iştirakı ABŞ ilə müharibə səbəbindən aylardır qeyri-müəyyən idi. İran tərəfi oyunların ABŞ əvəzinə, turnirin digər ev sahiblərindən olan Meksikada keçirilməsini istəsə də, bu müraciət rədd edilib.
ABŞ rəsmiləri isə İran futbolçularının ABŞ-yə səfər edəcəyini gözlədiklərini bildiriblər.
Hazırda tərəflər arasında kövrək atəşkəs qüvvədədir.