Şənbə , Avqust 20 2022
Ana səhifə / İdman / İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi

İki güləşçimiz Avropa çempionatının finalına yüksəldi

İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb. Çempionatda Azərbaycanı təmsil edən Nihad Quluzadə və Laçın Vəliyev Avropa çempionatının finalına yüksəliblər.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ilk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizə aparıb.

Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb – 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşacaq.

Ziya Babaşov (63 kq) ilk mərhələdə ukraynalı Oleq Xalilova (2:4), Xasay Həsənli (77 kq) isə türkiyəli Yüksel Sarıçiçeyə (1:3) məğlub olub.

Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib – 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib – 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gələcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Heybulla Qıstarov (130 kq) macar Adolf Başoyla bacarmayıb – 0:10. Rəqib finala yüksəldiyi üçün Qıstarov təsəlliverici görüşdə gürcü Mate Qokadzeylə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, bu çəkilərdə həlledici görüşlər iyunun 28-də keçiriləcək.

Həmçinin oxuyun

“Bilet satışı ilə məşğul olan şirkətin 100 min girişə dözə bilməməsi…” – FOTO

Məlum olduğu kimi, Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ”- “Viktoriya” matçına bilet almaq istəyən azarkeşlər …