Azinforum.az xəbər verir ki, bunu səfərdə “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra “Neftçi”nin prezidenti Kamran Quliyevin “Report”a müsahibəsi zamanı deyib.

Komandanızdan istədiyiniz oyunu görə bildiniz?

– Xeyr, görmədim. Oyun məni qane etmədi. Düzdür, nəticə daha vacib idi. Amma çempionatdakı 28 görüşün hamısından qalib ayrılsaq, belə oynamağa razıyam. Rəqibimiz demək olar ki, hücumçusuz oynayırdı. Ön xətdə gənc forvard yer almışdı.

Sizcə, belə çıxış nə ilə bağlıdır?

– Ola bilsin, ilk görüş olduğundan, “Neftçi” belə təsir bağışladı. Macarıstan “Uypeşt”ini keçə bilmədiyi üçün “Neftçi”yə bir qədər təzyiq var idi. Amma komandadan daha yaxşı, məzmunlu oyun gözləyirəm. Çünki buna müxtəlif mövqelərə aldığımız futbolçuların qabiliyyətləri imkan verir. Biz bunu Macarıstan komandasını Bakıda 3:1 hesabı ilə yendiyimiz oyunda görmüşük.

Roberto Bordinin start heyəti sizi təəccübləndirmədi?

– Bu, baş məşqçiyə aid məsələdir. Amma onu deyə bilərəm ki, həm “Sumqayıt”a qarşı əsas heyətdə çıxış edənlər, həm də ehtiyatda qalanlar komandanı gücləndirə biləcək səviyyədədirlər. Ona görə də ilk “11-lik”dəkilərlə sonradan meydana çıxanlar arasında elə də fərq yox idi.

Ruslan Abışovun uzun müddətə sıradan çıxması ilə əlaqədar mərkəz müdafiəçisi axtarışlarınız davam edir?

– Bəziləri ilə danışıqlar aparılır. Nə vaxt bütün şərtlər uyğun gəlsə, həmin oyunçunu transfer edəcəyik.

Bütün hallarda belə bir oyunçu alınacaq?

– Mən bunu deyə bilmərəm. Niyyətimiz var və bu istiqamətdə iş gedir. Lakin hər gəlib-gedəni komandaya cəlb etməyimiz mümkün deyil.