“Hələ optimal forma yığmamışıq” – Qurban Qurbanov

“Çox vacib oyuna çıxırıq. Avrokuboklarda, Çempionlar Liqasında təcrübəsi, öz dəsti-xətti olan komandaya qarşı oynayacağıq. Yaxşı hazırlaşmışıq. Rəqib də bizim qədər qalib gəlmək istəyir. Səhvsiz oynamağa, əlimizdən gələni etməyə çalışacağıq”.

Azinforum.az Report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandası ilə Bakıda keçirəcəkləri ilk matçdan öncə söyləyib.

46 yaşlı mütəxəssis “Azərsun Arena”da təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

– Rəqibin hansı üstün cəhətlərini qeyd edərdiniz?

– Çox intizamlı komandadır. Çox rahat şəkildə müdafiə olunmağı və hücum etməyi bilirlər. Rəqibin heyətində meydanda 11 düşünən, nə etdiyini bilən futbolçu var. Avrokubokda motivsiya tam başqadır. Öz çempionatlarında rəqibləri daha yaxşı tanıyırlar, bir neçə epizodla qalib gələ bilərlər. Amma burada vəziyyət fərqlidir. Rəqib də buna uyğun oynayır.

– Beşinci matçda komanda optimal formada olacaq?

– Hələ optimal forma yığmamışıq. Bəzi futbolçular komandaya gec qoşulublar.

– Rəqibin baş məşqçisi bildiridi ki, “Qarabağ”ı keçməmək onlar üçün sürpriz olacaq. Bu fikirlə razısınız?

– Buna fikir bildirməsəm, daha yaxşı olar. Hər komanda rəqibə qarşı fərqli hazırlaşır. Onların necə hazırlaşdıqlarını bilmirik. Bu səbəbdən münasibət bildirmək düzgün olmaz.

– “Kukesi” ilə görüşlərdə dəyişikliklər etdiniz. Bu dəfə də Rəşad Sadıqov əsas heyətdə olacaq?

– Oyundan əvvəl heyəti demirəm. Hər bir futbolçunun meydana çıxmaq şansı var.

– İlk oyun üçün hədəf nədir?

– Son vaxtlar ilk matçın evdə və ya səfərdə keçirməyə fərq qoymaqla bağlı fikirlər azalıb. Böyük komandalar belə evdə uduzurlar, səfərdə qalib gəlirlər. Minimum hədəfimiz var – qol buraxmamaq. Hər oyuna qalib gəlmək fikri ilə hazırlaşırıq.

– BATE son səfər matçlarda qalib gəlir…

– Bizdə də belə hallar olub, səfərdə sərfəli nəticə əldə etmişik. Bir oyunla hər şey həll olunmur. Cavab qarşılaşması da var. Rəqib haqqında ətraflı məlumat toplamağa və futbolçulara çatdırmağa çalışmışıq.

– “Qəbələ” əvəzedici komandasını I Diviziona buraxmaqdan imtina etdi. “Qarabağ” da bu cür addım ata bilərmi?

– Buna fikir bildirmək düzgün çıxmaz. Öz klubumuza cavabdehik. “Qarabağ”ın əvəzedici komandası I divizionda çıxış edəcək. Onlar uzun illərdir Azərbaycan futboluna xidmət ediblər və inkişafda pay sahibidirlər.

– Əsas gücünüzü BATE ilə oyunlara saxladığınızı söyləmək olar?

– Belə bir fikrimiz yoxdur. Biz hər oyuna xüsusi yanaşırıq.

– BATE-nin əvvəlki səviyyədə olmadığı deyilir. Bu fikirlə razısınız?

– Razı deyiləm. Bizim haqqımızda da belə fikirlər səsləndirilir. Komanda nəticə göstərirsə, haqqında pis fikir bildirmək düzgün deyil. BATE-ni analiz edəndə gördük ki, ciddi rəqibdir. Son 10 ildə 4 dəfə Çempionlar Liqasının, 4 dəfə Avropa Liqasının qrupunda oynamaları az iş deyil. Klub olaraq böyük nəticə göstəriblər.

– Emeqara son oyunda yaxşı təsir bağışladı. O daha əvvəl də “Qarabağ”da çıxış etmişdi. Demək olarmı ki, onun gedişi həmin zaman itki idi?

– Düşünmürəm. Bu klubdan ən vacib oyunçular getdi. Amma nəticəmiz yaxşı olmağa davam edir. Keçmişimizə baxıb peşmanlıq çəkəcəyiksə, işləyə bilmərik. Emeqara ötən oyun yaxşı oynadı, amma bu, o demək deyil ki, hər zaman belə oynayacaq. İndi Emeqara bizimlədir və ondan yararlanmağa çalışacağıq. İnanıram ki, o, öz üzərində çalışacaq və komandaya daha çox xeyir verəcək.

– “Qarabağ” oyun epizodlarından qol vurmaqda çətinlik çəkir. Bu barədə nə deyə bilərsiniz?

– Keçən dəfə bu barədə danışmışdım. Bunun üzərində çalışırıq. Qol vəziyyətlərindən istifadə etmək lazımdır. Bəzi epizodlarda ustalıq səviyyəsi çatmır. Məşqlərdə bu elementlərin üzərində işləyirik.

Zdrave universal kremi zdrave forte