Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / İdman / Futbolçuların canı niyə ucuzdu?

Futbolçuların canı niyə ucuzdu?

Ölkənin hər yerində istidi. Özü də dəhşətli dərəcədə. Sözün düzü, sentyabrın ilk günlərində belə nəfəskəsən istilərin olacağını gözləmirdim. Düzdü, indi texnologiya inkişaf edib, hava proqnozu ilə tanış olmaq üçün televizor qarşısında oturub, xəbərlər buraxılışlarının sonunu gözləməyə ehtiyac yoxdu. Açırsan “ağıllı telefonu” orda istənilən yerin hava proqnozunu görürsən. Bəziləri bunu qəbul etmir, proqnozları Allahın işinə qarışmaq kimi qiymətləndirir. Amma razılaşmaq lazımdı ki, bu cür proqnozlar insan övladının işinə çox yarayır.
Hanısa tədbir keçirəndə, yaxud da səfərə hazırlaşanda mütləq hava proqnozuna baxırıq. Ondan sonra da planlarımızı qururuq. İstəmirik ki, gur yağış, yaxud da nəfəskəsən isti səbəbindən əziyyət çəkək, hansısa planımız pozulsun. İndiki məqamda da havaların dözülməz dərəcədə isti keçməsi çoxlarının planlarına təsir göstərib. İnsanlar işə gedib-gələndə, yaxud da açıq havada işləyəndə istidən əziyyət çəkir. Çoxları həftəsonunu da bu səbəbdən evində keçirməyə üstünlük verib. Təki həftə ərzində istidən çəkdikləri əziyyət canlarından çıxsın. Hamımız bilirik ki, qanunvericilikdə də isti havayla bağlı müəyyən məhdudiyyətlər var. Açıq havada işləyənlər üçün sərinlənməyə şərait yaradılmalı, günün ən isti vaxtlarında işlər dayandırılmalıdı. Bununla bağlı konkret məhdudiyyətlər qanunvericilikdə öz əksini tapıb. Hətta hərbi hissələrdə əsgərlər günvurmadan qorunur, onları isti havada kazarma şəraitində saxlayırlar.

Mən bildiyəmə görə bu günlərdə bir çox iş yerlərində iş saatları dəyişdirilib. İşi dayandıra bilməyənlər səhər tezdən çalışmalara başlayır, gün qızandan sonra işçiləri istirahətə göndərirlər. Təəssüflər olsun ki, “Şamaxı” ilə “Turan Tovuz”un futbolçuları bu xoşbəxtlikdən məhrum olublar. Onları al günün altında süni örtüklü meydançaya çıxmağa, 90 dəqiqə ərzində topun arxasınca qaçmağa məcbur ediblər. Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırım ki, bu gün saat 16:00-da Şamaxı şəhər stadionunda yerli komanda Tovuzdan gələn qonaqları qəbul edib. Görüş “Turan Tovuz”un 1:0 hesablı qələbəsiylə yekunlaşdı. Nəticəni bir kənara qoyuram, məni futbolçuların və hakimlərin səhhəti daha çox narahat edirdi. Şükürlər olsun ki, hər şey yaxşı qurtardı. Ən azından ona görə ki, heç kim günvurmadan huşunu itirmədi.
Hava proqnozuna diqqət edin, bu gün Şamaxıda havanın temperaturu kölgədə 36 dərəcə olub. Proqnoz təqdim edən saytlar 34 dərəcədən yuxarı temperaturu qızmar kimi xarakterizə edir. Özü də burda söhbət hələ kölgədəki temperaturdan gedir. Rezin örtüyün üzərində, al günəş şüaları altında neçə dərəcə olar? Bunu bir Allah bilir, bir də meydanda olan futbolçular. Şamaxı şəhər stadionunda süni işıqlandırma sisteminin olmaması, stadion tikərkən pula qənaət edilməsi Peşəkar Futbol Liqasını məcbur edib ki, bu görüşü günün isti saatına salsın. Nəticələr gəldi-gedər, elə pullar da. Amma futbolçuların başına bir iş gəlsə, onların ailəsinə cavab vermək lazımdı. Ümid edirəm ki, bundan sonra onların canını belə ucuz qiymətləndirməyəcəklər. Onlar da kiminsə övladı, yoldaşı, qardaşı, atasıdı. Etməyin belə, cənablar!
Amal Abuşov

Həmçinin oxuyun

2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün …