Çərşənbə axşamı , Sentyabr 21 2021
Ana səhifə / İdman / Elmar Baxşıyev: “Təklif etdiyimiz məbləğ onları razı salmadı”

Elmar Baxşıyev: “Təklif etdiyimiz məbləğ onları razı salmadı”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev komandanın yeni mövsümdəki ilk matçı haqda fikirlərini bildirib. Mütəxəssis Qaynarinfo-ya müsahibəsində komandanın durumu və qarşıdakı planlarla bağlı da düşüncələrini bölüşüb.– Mövsümün ilk matçı haqda düşüncələrinizi bölüşərdiniz? Nəticə və oyun sizi nə dərəcədə qane etdi? 
– Məni daha çox komandanın oyuna yanaşması qane etdi. Qol buraxandan sonra “qopmadılar”. İstədiyimizi nümayiş etdirməyə çalışdılar. Bilirdik ki, bir az sıxıntı olacaq. Çünki komanda yenidir. Elə futbolçular var idi ki, “Neftçi” ilə oyundan 6 gün əvvəl kollektivə qoşulmuşdular. Oyun göstərdi ki, üzərlərinə düşəni maksimum yerinə yetirməyə çalışırdılar. Əlbəttə, bizə baxanda “Neftçi” daha komplektləşmişdi. Heyətində təcrübəli futbolçuları var. Buna baxmayaraq daha çox öz komandamızın üzərində dayanırdıq. 
– Fasilə dönəmindəki təlim-məşq toplanışlarında futbolçulardan istədiyinizi tam şəkildə ala bildiniz?
– Komanda tam formalaşmayıb. Səmimi deyim ki, hələ hücumçu axtarışındayıq. Bundan başqa futbolçuları da anlamaq lazımdır. 10 gün ərzində yüksək performans göstərməyə qadir deyillər. Çünki hazırlıq dönəmi keçməmişdilər. Ümid edirik ki, getdikcə yaxşı olacaq. 
– Hiss olunurdu ki, bir qədər fərqli üslubda oynamağa çalışırsınız. Bu heyətdəki futbolçuların bacarığına görədir, yoxsa ümumiyyətlə ötən mövsümdən fərqli olaraq yeni nələrsə aşılamaq qərarına gəlmisiniz? 
– Öz dəst-xəttimiz var. Hansı ki, futbolçuları da bu oyun dəst-xəttinə görə transfer edirik. Sıxıntımız futbolçuların birlikdə az olması ilə əlaqədardır. Vaxt keçdikcə, həm hücum həm də müdafiə baxımından daha kompakt və rahat oynayacaq komanda formalaşacağına ümid edirik. 
– Aydındır ki, hazırda çempionluğa oynamağınız çətindir. Bəs “Qəbələ” bu mövsüm nəyə iddia edəcək? Avrokuboklar əlçatan olacaq? 
– Öncə komandanı formalaşdırmalıyıq. Daha sonra hər şey ola bilər. İştah oyundan-oyuna artır. Kollektiv yenidir və formalaşmağa davam edir.  
– Bu yaxınlarda AFFA tərəfindən “Qəbələ”yə maliyyə dəstəyi ayrıldığı açıqlandı. Maliyyə çətinliyi komandaya nə dərəcədə təsir göstərir? 
– Rəhbərlik sağ olsun, çalışırlar ki, sıxıntını hiss etməyək. Əlbəttə, hər şeyin yüksək səviyyədə olduğunu deyə bilmərəm. 
– Yay transfer dönəmində heyətdə xeyli dəyişikliklər etdiniz. 11-12 futbolçunu göndərsəniz də, yeni transferlərin sayı az oldu. Bu hansı zərurətdən irəli gəldi? 
– Futbolçuları göndərmədik. Sadəcə, müqavilələri bitənlər vardı. Təklif etdiyimiz məbləğ onları razı salmadı. Yəni, heç kimi müqaviləsi ola-ola göndərməmişik. Sırf büdcə ilə bağlı təkliflərimiz futbolçular tərəfindən qəbul olunmadı. Belədə müqavilələr yenilənmədi. Bununla belə keçənilki heyətdən 6 nəfər qaldı. Gedənlərin də yerini akademiyanın gənc yetirmələri ilə doldurmağı düşündük. Gələcək vəd edən futbolçulardır və onlardan qarşıdakı oyunlarda faydalanacağımıza inanırıq. Akademiyada yetişən 2002, 2003, 2004 təvəllüdlü futbolçulardan 5 nəfəri əsas komandaya cəlb etmişik. Potensialları var, qarşıdakı oyunlarda şans qazanmaları üçün öz üzərlərində daha çox işləməlidirlər. Onları satmaq deyil, “Qəbələ”yə qazandırmağı fikirləşirik. 
– Ötən mövsüm ən çox hansı futbolçulara görə peşmanlıq və ya təəssüf hissi keçirdiniz? 
– Xeyr, futbol peşmançılıq üzərində dayanmayıb. Komandadan gedənlər bu addımı büdcəyə görə atdılar. Məvacib qane etmədiyi üçün qarşılıqlı razılıq əsasında yolları ayırdıq. Hamısı faydalı idi. 
– Transfer etdiyiniz futbolçulardan gözlədiyinizi görürsünüz? 
– Ruan Renato və İsnik Alimi təcrübəli futbolçulardır. Yaxşı səviyyədə futbol görüblər. Ümid edirəm ki, komandaya faydaları dəyəcək.
– Bir neçə gün öncə “Qəbələ” yeni sponsorla müqavilə bağladığını açıqladı. Transfer pəncərəsi qapanana qədər heyətlə bağlı hansısa yeniliklər gözlənilir? 
– Bu sırf rəhbərliyə aid sualdır. Transferlərə gəlincə, bir mövqeyə futbolçu axtarışındayıq. Büdcəmiz bundan sonra bir futbolçu dəvət etmək üçün yetərlidir. Yəqin ki, heyətimizi hücumameyilli oyunçu ilə gücləndirəcəyik. Hələ konkret nəsə yoxdur. Baxırıq, fəlsəfəmizə uyğun bir futbolçunun üzərində dayanacağıq. 
– Növbəti turda doğma meydanda “Keşlə”ni qəbul edəcəksiniz. Heyətlə bağlı itkilər və ya hansısa problemlər var?
– Dünəndən hazırlığa start vermişik. İtki yoxdur, eyni qaydada, həftəlik tsikllə hazırlaşırıq. Bilirik ki, “Keşlə” asan rəqib deyil. Heyətində yaxşı futbolçular cəmləşib. Çətin olacağını anlayırıq.

Həmçinin oxuyun

AFFA-dan Aslan İsmayılova cavab gəldi

AFFA hüquqşünas Aslan İsmayılovun ittihamlarına cavab verib. Qurum rəsmi saytı vasitəsilə bəyanat yayıb. Bəyanatı nəzərinizə …