Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / “Bunu sensasiyalı qələbə hesab etmirəm” -Namiq Ələsgərov

“Bunu sensasiyalı qələbə hesab etmirəm” -Namiq Ələsgərov

“Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov Topaz Premyer Liqanın 18-ci turunun “Qəbələ” ilə oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə 2:1 hesablı səfər qələbəsini şərh edib.

– Çətin oyun keçdi. “Qəbələ” ölkəmizin güclü komandalarından biridir. Hesabda geri düşməyimizə baxmayaraq, çox çalışdıq və əzmkar qələbə qazandıq. Çox sevinirik.

– Sənin zərbəndən sonra top qapı tirindən qayıtdı. Bundan cəmi 3-4 dəqiqə sonra “Qəbələ” hesabı açdı. Həmin an psixoloji sarsıntı keçirmədin?

– Əlbəttə, heyfsləndim. Qol olsaydı, daha yaxşı olardı. Futboldur, hər top qapıya daxil ola bilməz. Əsas odur ki, axırı yaxşı qurtardı.

– Qış fasiləsindən sonra ən yaxşı oyununu keçirdin. Artıq formanı yığdığını hesab edirsən?
Bundan sonra üzərimdə işləyib daha da artırmağa çalışacam. Start heyətdə yerimi möhkəmlətmək istəyirəm.

– Gələn mövsüm də “Neftçi”də qalacaqsan, yoxsa “Jilina” təklif göndərsə, gedəcəksən?
Bu barədə danışmaq istəmirəm. “Neftçi” ilə müqaviləmi 1 il daha uzatmışam. Burda qalmaq istəyirəm.

– Ümumiyyətlə, ölkə xaricində oynamaq haqda düşünmürsən?

– Hamı legioner həyatı yaşamaq istəyir. Mənim də arzumdur ki, yaxşı klublarda oynayım. Qismət, nəyin necə olacağını bilmək olmur. Hələ ki, “Neftçi” ilə uğur qazanmaq, Avroliqaya çıxmaq istəyirəm.

– Oyunu Qurban Qurbanov da izləyirdi. Səncə, millinin baş məşqçisinin diqqətini cəlb edə bildin?

– Hamımız yaxşı oyun göstərib, milli komandaya düşmək üçün çalışırıq. Ümid edirəm ki, Qurban müəllimin diqqətini cəlb edə biləcəm.

– Millinin mart ayına nəzərdə tutulan təlim-məşq toplanışına dəvət gözləyirsən?

– Hər futbolçu kimi mən də istəyərəm ki, milliyə dəvət alım.

– “Qəbələ” kubokda da rəqibinizdir. Yəqin, razılaşarsan ki, səfərdə bu komandanı udmağınız sensasion qələbə oldu…

– Yox, mən belə demərəm. Çünki biz də “Neftçi”yik, istənilən komanda ilə başabaş oynaya biləcək gücdəyik. Ona görə də bunu sensasiyalı qələbə hesab etmirəm.

– Səncə, bu qələbə komandanın inam hissini artıracaqmı?

– Əlbəttə, qələbə qazanmağımız yaxşı oldu. Kubok oyununa daha inamlı çıxacağıq. Amma kubokla çempionat oyunları fərqlidir. Hərəsinə bir cür hazırlaşırıq.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …