Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / Bu gün “Neftçi” “Qarabağ”la qarşılaşacaq

Bu gün “Neftçi” “Qarabağ”la qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha iki oyunu keçiriləcək.

“Report”un məlumatına görə, əvvəlcə “Bayıl Arena”da “Səbail” və “Keşlə” komandaları üz-üzə gələcək.

Bu mövsüm hər iki komanda qeyri-sabit çıxışı ilə seçilir. “Səbail” “Zirə” və “Qarabağ” üzərində texniki qələbələrdən başqa daha 2 oyunda sevinməyi bacarıb. Aftandil Hacıyevin baş məşqçisi olduğu kollektiv hazırda 13 xalla 4-cü pillədə qərarlaşıb. İlk qələbəsini ötən tur autsayder “Zirə” üzərində əldə edən “Keşlə” isə hazırda 5 xalla 7-ci pillədədir.

Bu komandalar indiyədək 5 dəfə üz-üzə gəliblər. Hərəyə 2 qələbə qazanan rəqiblər daha 1 görüşdə heç-heçə ediblər. Topların nisbəti 4:4-dür. “Keşlə” son üç görüşdə meydanı qolsuz tərk etməyib. “Səbail”in hər iki ev oyununda 1 qol vurulub.

Turun son matçında “Neftçi” və “Qarabağ” qarşılaşacaq. Bu komandalar II dövrəyə məğlubiyyətlə başlayıblar. Flaqman səfərdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzub. Ağdam təmsilçisi isə evdə “Səbail”i məğlub etsə də, meydana adı protokolda göstərilməyən oyunçunun çıxması səbəbindən texniki məğlubiyyətlə üzləşib – 0:3. Hazırda “Neftçi” 8 oyundan 19 xalla liderdir. Ehtiyatda bir görüşü qalan “Qarabağ” isə 16 xalla 2-ci pillədə yer alıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv liderliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıdır.

Bu komandalar indiyədək 73 dəfə qarşılaşıblar. Bunların 19-da “Neftçi” qalib gəlibsə, 27 matçda “Qarabağ” qələbəyə sevinib. Daha 27 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində də Ağdam təmsilçisi üstündür – 77:65. “Qarabağ” 3 oyundur rəqibinə qalib gələ bilmir. “Neftçi” ardıcıl 5 ev matçında qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası, IX tur

28 oktyabr (bazar)

15:00. “Səbail” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov

Hakim-inspektor: Məhəmməd Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Bayıl Arena”

17:00. “Neftçi” – “Qarabağ”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Şaiq Həmidov

“Bakcell Arena”

İlk oyun günündə “Sabah” “Zirə”yə 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Qəbələ” matçında isə heç-heçə qeydə alınıb.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …