Şənbə , Sentyabr 18 2021
Ana səhifə / İdman / Bəxtiyar Musayev: “Ən dəyərli futbolçunu 50 minə buraxmaq…”

Bəxtiyar Musayev: “Ən dəyərli futbolçunu 50 minə buraxmaq…”

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Bəxtiyar Musayev futbolumuzun son durumu ilə bağlı fikirlərini bildirib. 
Veteran futbolçu Qaynarinfo-ya müsahibəsində bir sıra maraqlı məqamlara toxunub, vaxtilə formasını geyindiyi, sonradan məşqçi kimi fəaliyyət göstərdiyi “Neftçi” ilə yanaşı “Qarabağ”ın da Avrokuboklardakı çıxışı haqda düşüncələrini bölüşüb. Mütəxəssis hazırda gündəmdə olan Namik Ələskərovun “Bursaspor”a keçidi haqda da danışıb. 
– Karyeranızın böyük hissəsini keçirdiyiniz “Neftçi”nin Avrokuboklardakı çıxışını necə dəyərləndirirsiniz? 
– Klubda illərimi keçirmişəm, həm də məşqçi kimi işləmişəm. İstərdim ki, “Neftçi” bu gün layiqli oyun göstərsin, qələbə qazansın və xalqımızı sevindirsin. Qrup mərhələsində ilk və sonuncu dəfə iştirak etmişdik. Onun davamı gəlsin. Uğurlar arzulayıram və inanıram ki, gülən tərəf məhz “Neftçi” olacaq.
– Azərbaycan çempionu olandan sonra komandanın Avrokuboklarda belə çıxışı gözlənilən idi? Məsələn, komandanın ÇL-də çox irəli gedə bilməyəcəyini siz də fikirləşirdiniz?
– Nə düşünmüşdümsə, o da davam edir. Çempionlar Liqasında davam etmək asan deyil. Həm püşk qənaətbəxş olmalı, həm də “Neftçi” güclənməli idi. Təəssüf ki, püşkdə bəxti gətirmədi. Bununla yanaşı, yaxşı transferlərlə “Olimpiakos” səddini keçmək olardı. Çünki komanda bu rəqibə qarşı yaxşı futbol nümayiş etdirdi. Bir qədər güclənməklə mərhələ adlaya bilərdilər. Necə ki, “Ludoqorets” məhz “Olimpiakos”u kənarlaşdırdı. Avroliqada isə HİK-lə ilk oyun asan olmadı. HİK neçə ildir Finlandiyanın ən öndə gedən klubudur. Buna baxmayaraq, “Neftçi” keçə bilər və keçməlidir. İnanıram ki, rəqib meydanında istədikləri oyunu nümayiş etdirəcəklər. Baxmayaraq ki, Namik Ələsgərovu zədə üzündən itiriblər. Üstəlik eşitdiyimə görə, komandadan ayrılır. Bu gün də asan olmayacaq. Fikrimcə, indiyə qədər komanda komplektləşdirilməli və HİK kimi rəqib də qorxulu olmamalı idi. 
– HİK-lə Bakıdakı oyun növbəti mərhələyə keçmək üçün ümid verdi?
– “Neftçi” istədiyi kimi oynaya bilmədi. Rəqib fiziki cəhətdən hazırlıqlı idi. “Neftçi”nin topla oynayan futbolçularına basqı yaratmışdılar. Oyun olub, futbolçular rəqibi görüb, tanıyıblar. Bilirsiz, oyuna baxanda müəyyən təəssüratlar yaranır. Amma futbolçular meydanda hansısa rəqibə qarşı oynayada onu daha yaxşı tanıyırlar. “Neftçi” tam komplektləşməsə də, səviyyə baxımından HİK-in futbolçularını üstələyirlər. 
– Hazırda komandada hansı dəyişikliklərə ehtiyac var? 
– Əsas hücumdur. “Neftçi”nin hücum xəttində, sırf hücumçu olmayan futbolçular çıxış edir. Bu, baş məşqçi üçün böyük çətinlikdir. Hücumçu problemi görünür. Bildiyimə görə, cinah müdafiəçiləri də axtarırlar. Ümumiyyətlə, hər mövqedə rəqabətə ehtiyac var. Ancaq hazırda ən böyük problem hücumla bağlıdır. Baş məşqçi də dəfələrlə hücumçu axtarışında olduğunu bildirib.
– Seleksiyaçı-məşqçi işi gözə dəymir. Klubda bu işi bacaran yoxdur, ya problem başqadır?
– Klubun içində olmadığım üçün buna dəqiq cavab verə bilmirəm. Mən “Neftçi”də işlədiyim dönəmdən danışa bilərəm. Gətirdiyim futbolçuları kluba əminliklə təqdim edirdim. Sözümün arxasında dayanırdım. Heç nədən çəkinmədən, öz biliyimə güvənərək futbolçunun komandamıza faydalı olacağını bildirirdim. Şükür ki, seçimlərimizdə heç vaxt yanılmamışıq. Sağ olun ki, siz də bunu həmişə deyirsiniz. Mütəxəssislər, dost-tanışlar da eyni fikirdədirlər. İnsan öz biliyinə güvənirsə, peşəkarlığını ortaya qoyaraq əminliklə fikir söyləyirsə, məncə, heç bir problem yoxdur. O vaxt klub prezidenti olan Sadıq Sadıqov da fikirlərimə həmişə hörmətlə yanaşıb. Mən tərəddüdlə heç nə deməmişəm. İndi isə problemin nədən qaynaqlandığını bilmirəm. Bəlkə normal futbolçular olur, amma burada oynamaqdan imtina edirlər. Hazırda “Neftçi”də seçimlərin necə aparıldığını bilmirəm. Proseslərə yaxın olmadığım üçün qəti fikir söyləməkdə çətinlik çəkirəm. Biz düşünüb, məsləhətləşib baş məşqçinin qarşısına hazır “material” qoyurduq. 
– Kənardan görünən odur ki, “Neftçi” Azərbaycan çempionu olmaqla işini bitmiş hesab edir. Bu nə dərəcədə düzgündür? 
– İnanmıram ki, işlərini bitmiş hesab edirlər. Düzdür, çoxdandır çempion olmurdular, o sevinci bu il yaşadılar. Ancaq bu, yarımçıq işdi. Çempion olmaqla hər şey bitmir. Bunu klub rəhbərliyi, baş məşqçi də anlayır ki, əsas imtahan Avrokuboklardakı oyunlardır. Zatən, “Neftçi”dən həmişə çempionluq tələb olunub. Bu il böyük iş görüldü, amma davamını gətirməyi hər kəs istəməlidir. Çempionluqla işlərini bitmiş sayırlarsa, o zaman heç çalışmağa dəyməz. Həmişə artım olmalıdır. Sadəcə, ola bilər istədikləri transferlər alınmır deyə belə görüntü yaranıb. Transfer məsələləri çox həssasdır. Komandanın mövsüm boyu necə çıxış etməsi bundan asılıdır. Dəqiq transfer etdikcə, klub bir addım öndə olur. 
– Hazırda Azərbaycanın ən üzdə olan futbolçularından biri Namik Ələskərovun “Bursaspor”a keçidi məsələsi gündəmdədir. Bu transfer baş tutsa, rəhbərliyin baş məşqçi Samir Abasovu çətin vəziyyətə salacağını düşünə bilərik?
– Bəli, baş məşqçi çətin durumdadır. “Neftçi”nin iki ən yaxşı futbolçusundan biri məhz Namikdir. Müqavilədə belə bənd var idisə, tez bir zamanda futbolçu ilə yeni anlaşma imzalanmalı idi. Şərtləri götür-qoy edib, ən əsas “silahı” qorumağa çalışmalı idilər. Futbolçunun “Neftçi” ilə 1 illik müqaviləsi var, amma, orada 50 min qarşılığında başqa kluba keçməklə bağlı bənd də mövcuddur. Bu bənd Namik kimi futbolçu üçün gülüncdür. Ən dəyərli futbolçunu 50 minə buraxmaq… Bunu düşünməli idilər. Düzdür bəzən futbolçu ilə klub arasında “kişi sözü” olur. Hansı ki, futbolçu klubu tərk etməməyə söz verir. Ancaq peşəkarlıq baxımından həmin bənd yığışdırılmalı, yeni təkliflər olmalı idi. Bəlkə də olub, amma Namik qəbul etməyib, deyə bilmərəm. Demək istədiyim odur ki, klub Namiki belə kiçik məbləğ qarşılığında buraxmamalı idi. Ola bilər “Bursaspor”un təklif etdiyi məbləğlə “Neftçi”nin verdiyi əməkhaqqı arasında böyük fərq var. Düzdür, heç də hər şey pulla həll olunmur. Bəzi nüansları bilmədən Namiki də suçlamağa adamın dili gəlməz. Hazırda ən pis vəziyyətdə olan baş məşqçidir. Klub da Namiki belə ucuz buraxmamalı idi. Bəlkə də “Neftçi” Namiklə sonradan anlaşıb, deyə bilmərəm.
– Bəs məsələyə Namik tərəfdən yanaşsaq necə, getsə, bizə faydası olarmı?
– Son vaxtlar türk klublarında da qeyri-sabitlik var. Bu gün iddialı olurlar, sabah maaşları verə bilmirlər. “Bursaspor” vaxtilə Superliqada çempion olub, amma indi aşağı liqadadır. Maliyyə böhranı olur. Klubun ciddiliyinə fikir vermək lazımdır. Məncə, futbolun dinamikası baxımından geriyə addım deyil. “Bursaspor” rəhbərliyi normal komanda qurmaq istəyirsə və Namik orada möhkəmlənərsə, bunun bizə ancaq faydası ola bilər. Orada çıxış etmək daha məqbul sayılar. Azərbaycanda o səviyyədə, ancaq Avrokuboklarda 3-5 oyun olur. Bizim çempionatda çox ciddi rəqabət yoxdur. PTT bizimkindən daha üstün çempionatdır. Namik öz üzərində işləmək və artmaq istəyirsə, “Bursaspor”da bunun üçün lazımi şərait var. 
– Bu il yenə də “Qarabağ” Avrokuboklarda mərhələ adlayan ilk klub oldu. Ümumiyyətlə, Konfrans Liqasının səviyyəsini nəzərə alsaq, “Qarabağ” nəyə nail ola bilər?
– Konfrans Liqasında normal komandalar çıxış edir. “Keşlə”yə “Soçi” rəqib oldu. O liqaya aşağı səviyyəli deyə bilmərik. Çünki bizimkilər də top-klublarla eyni səviyyədə deyil. “Qarabağ” ilk rəqibini keçdi. İnşallah, ikinci rəqibinə də bu gün evdə qalib gələr. “Qarabağ” çox təcrübəli klubdur. Baş məşqçisi də təcrübəlidir, Azərbaycanı ölkə xaricində çox gözəl təmsil ediblər. Hər il qruplarda oynamaq elə-belə iş deyil. “Qarabağ”a ancaq təşəkkür düşür. Həm reytinq, həm də Azərbaycanı tanıtmaq baxımından böyük işlər görüblər. İnanıram ki, bu il də Konfrans Liqasının qrupunda çıxış edəcəklər. Həm Avropaya səs salarlar, həm də bizim kimi sadə azarkeşləri sevindirərlər. 
– “Qarabağ”dan Konfrans Liqasında gözləntilər daha çoxdur. Məsələn, qrup mərhələsini adlamaq kimi. Komandanın durumu buna nə dərəcədə imkan verir?
– Avroliqada səninlə qrupda yer alan hər 3 və ya ən azı 2 rəqib reytinq baxımından üstün ola bilər. Yəqin ki, Konfrans Liqasında bir qədər aşağı reytinqli rəqiblər olar. Belədə qrupdan çıxmaq asanlaşar. Əsas odur, “Qarabağ” qrup mərhələsinə vəsiqə qazansın, daha sonra fikir söyləyə bilərik. Ümumi götürəndə, Avroliqaya nisbətən yəqin ki, rəqiblər daha asan olar.
– AEL-lə səfərdəki oyun qalmaqalla keçmişdi. Bu gün Bakıda baş tutacaq matçda şansları necə dəyərləndirirsiniz?
– Kiprdə rəqiblər tərəfindən komandaya psixoloji təzyiqlər olmuşdu. Mən həm futbolçu kimi Kiprdə oynamışam, həm də məşqçi kimi orada olmuşam. Təzyiq olur, çətinliklər yaranır. “Qarabağ”ın səfərdə oyunu istədiyi kimi alınmasa da, zəif təsir bağışlamadılar. Hətta bəzi komponentlərdə üstün görünürdülər. Mən tam rahatlıq və əminliklə deyirəm ki, “Qarabağ” Bakıda qələbə qazanacaq.
– Ayın 14-də Azərbaycanda yeni mövsümə start veriləcək. Yenə də 8 komandalı çempionat izləyəcəyik. Yeni mövsümdə müsbətə doğru hər hansı dəyişikliyə ümid edə bilərik?
– 8 komanda aydın məsələdir. Yerli futbolçular azalır. Qəbələni çıxmaq şərtilə digər bölgələrimiz Premyer Liqada təmsil olunmur. Bölgələrdə nə qədər çox komanda olsa, Azərbaycanın futbol coğrafiyası da o qədər genişlənər. Azərbaycan futbolu təkcə Bakıdan ibarət deyil. Biz Zaqatala, Gəncə, Tovuz, Lənkəran, Masallının da komandalarını görmüşük. Təəssüf ki, neçə illərdir coğrafiyamız azalıb. İndi 8 komandalı çempionata öyrəşirik. Könül istəyər ki, bu 8 komandanın hamısının səviyyəsi yaxşılaşsın. Yeni azərbaycanlı balalarını görək.
– Komandaların indiki durumunu nəzərə alsaq, yeni mövsümdə güclü mübarizə, intriqa gözləyə bilərik?
– Transferlər çətinləşib. Əvvəllər Serbiyadan, Albaniyadan Azərbaycana futbolçular rahatlıqla gəlirdi. Çünki oralarda elə də yüksək maaş verilmirdi. İndi adını sadaladığım ölkələrdə də komandaların büdcələri nəzərəçarpacaq dərəcədə artıb. Bura gəlmək üçün ikiqat pul tələb edirlər. Ona görə də klublarımız üçün çətindir. Bilavasitə şahid olduğum üçün belə deyirəm. Həm də internet əsridir. Futbolçu hansı kluba keçəcəksə, onun haqqında 1 dəqiqə ərzində informasiya ala bilər. Bizdə boş tribunalar qarşısında keçirilən oyunları görürlər. Bəzi futbolçular belə şəraitdə futbol oynamağa öyrəşməyib. Ümid edək ki, klublarımız üçün yaxşı futbolçu gətirmək şansı yaranar və hamısı istədiklərinə nail olar. Hələ ki, hər hansı güclənmələri görə bilmirik. 
– Bu il komandalarımız ötənilkilərə nisbətən qaneedici çıxışla yadda qalmır. Sanki getdikcə geriləyirik. Növbəti il, ümumiyyətlə, Avrokuboklarda fiaskoya uğramaq ehtimalımız varmı? 
– Keçən il də belə olmuşdu. Səhv etmirəmsə, klublarımız ilk mərhələdə mübarizəni dayandırmışdı. Yalnız “Neftçi” cəmi 1 mərhələ adlaya bilmiş, “Qarabağ” da qrup mərhələsinə vəsiqə qazanmışdı. Bu il də “Neftçi” ilə “Qarabağ” nisbətən irəli gedib. Çempionatımızın səviyyəsi aşağı düşdükcə, klublarımız da geriləyə bilər. Amma könül istər ki, çempionatımızın coğrafiyası genişlənsin. İllər öncə olduğu kimi, 5-6 klub çempionluğa iddia etsin, sona qədər mübarizə aparsın.

Həmçinin oxuyun

Cavid yeni klubu və keçmişi haqda danışdı: “Elə münasibət göstərdilər, sanki uşağam”

Azərbaycanın tanınmış futbolçularından olan Cavid Hüseynov yeni futbol klubu yaradıb. Millimizin sabiq üzvü “Cəbrayıl” Futbol …