Ana səhifə / İdman / Azərbaycan Premyer Liqasında XIV turun son 2 oyunu keçiriləcək

Azərbaycan Premyer Liqasında XIV turun son 2 oyunu keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun son 2 oyunu keçiriləcək.

“Report”un məlumatına görə, əvvəlcə Qəbələdə eyniadlı komanda “Keşlə”ni sınağa çəkəcək.

13 oyundan sonra 28 xalla 2-ci pillədə yer alan “Qəbələ” də liderdən qopmamağa çalışır. Bu səbəbdən, “qırmızı-qaralar” son 7 oyunda məğlub olan paytaxt təmsilçisini məğlub etməlidirlər. Danışılmış oyunlarda iştirak etmələri şübhəsi ilə Nizami Hacıyev və Mirhüseyn Seyidovu heyətdən kənarlaşdıran “Keşlə” rəhbərliyinin xeyli zəifləmiş heyətlə ciddi müqavimət göstərəcəyi inandırıcı görünmür. Lakin klubun hazırkı baş məşqçisi Ramiz Məmmədovun keçmiş komandası ilə haqq-hesab çəkmək və bu posta gəlişindən sonra ilk xalı qazanmaq istəyi qonaqların asanlıqla təslim olmayacağını söyləməyə əsas verir.

“Qəbələ” və “Keşlə” indiyədək 37 dəfə üz-üzə gəlib. Bunların 10-da əyalət, 14-də paytaxt komandası qələbə qazanıb, 13 görüş heç-heçə ilə nəticələnib. Topların nisbəti bakılıların xeyrinədir – 49:35. Lakin “Keşlə” son 8 matçda qələbə qazana bilməyib. “Qəbələ” isə ardıcıl 3 dəfə qalib gəlib.

Bakıda isə debütant “Səbail” “Zirə” ilə üz-üzə gələcək. Görüş cari mövsümdə ilk dəfə “Bayıl Arena”da gerçəkləşəcək. Artıq bu arena təmirdən sonra yenidən istifadəyə verilib. Hazırda 27 xala malik “Zirə” 3-cü, 13 xalı olan Səbail” isə 6-cı pillədə qərarlaşıb. Meydan sahibləri qələbə qazana bilsələr, xallarını 16-ya çatdıraraq, “Neftçi” ilə bərabərləşəcəklər. “Zirə” isə 34 xalı olan lider “Qarabağ”dan çox da geri qalmamaq üçün mütləq qalib gəlməlidir. Bu komandalar indiyədək bir dəfə üz-üzə gəlib. İlk dövrəyə təsadüf etmiş qarşılaşmada hər iki komanda qol sevinci yaşasa da, qələbəni “Zirə” qazanıb – 2:1.

Azərbaycan Premyer Liqası, XIV tur

3 dekabr (bazar)

16:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Fazil Mürşüdov

Qəbələ şəhər stadionu

18:30. “Səbail” – “Zirə”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cəmil Quliyev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Kərim Ağayev

“Bayıl Arena”

Qeyd edək ki, turun ilk 2 oyununda “Qarabağ” evdə “Neftçi”ni 1:0, “Sumqayıt” isə səfərdə “Kəpəz”i 3:0 hesabı ilə yenib.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …