Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / İdman / AFFA reklam qalmaqalına rəsmi münasibət bildirdi

AFFA reklam qalmaqalına rəsmi münasibət bildirdi

Türkiyənin TRT1 kanalında yayımlanan “Teşkilat” serialında AFFA-nın loqosundan istifadə olunması ilə bağlı yazı dərc edilib.
 
Bizi maraqlandıran müəmma haqda yazdıqlarımızı məlumatı olmayanlar üçün bir daha diqqətinizə çatdıraq:

“Türkiyənin TRT1 kanalında yayımlanan “Teşkilat” serialında AFFA-nın loqosundan istifadə olunub.

Qardaş ölkə kanallarında kommersiya tipli reklamlarımıza ara-sıra rast gəlsək də, AFFA-nın bu əməkdaşlıqda marağı nədir? Geyim və loqonun istifadəsinə icazə hansı marağa xidmət edir və assosiasiya bundan nə qədər qazanc əldə edir?

Fanat.Az məsələyə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxlayıb: “Bununla bağlı TRT-yə müraciət etmişik. Cavab gəlsin, görək nə deyirlər? Bu məsələdə bizim rolumuz yoxdur. Sözün hər iki mənasında…Diqqət yetirsəniz, forma onsuz da bizim forma deyil. Loqodan isə xəbərsiz istifadə olunub”.

AFFA axşam saatlarında məsələyə rəsmi münasibətini saytı vasitəsi ilə açıqlayıb:

“Türkiyənin TRT kanalında yayımlanan “Teşkilat” serialının bazar günü efirə veriləcək növbəti bölümünün anonsunu izlədiyimiz zaman filmdəki bəzi xarakterləri canlandıran aktyorların istifadə etdiyi idman geyimlərinin üzərində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının loqotipinin olması bizim üçün təəccüblü və gözlənilməz oldu. Bununla bağlı AFFA ilə TRT və ya serialın yaradıcı qrupu arasında əməkdaşlıq müqaviləsi və hər hansı digər razılaşmanın olmaması nəzərə alınaraq, serialın istehsalçısı olan “TIMS&B productions” şirkəti ilə əlaqə saxlanılıb. Qeyd olunub ki, gələcəkdə AFFA-nın loqosundan istifadə olunması nəzərdə tutularsa, öncədən AFFA-ya məlumat verilsin”.

Əldə etdiyimiz məlumata görə, serialda istifadə olunan forma və loqoya görə Türkiyə kanalı ilə 100 min dollarlıq anlaşma olub və bu, SOCCAR-ın xətti ilə baş verib. Ancaq Firuz Abdulla bu məqamı da mümkünsüz hesab edir: “Hüquqi baxımdan bu necə ola bilər?! TRT-dən cavab aldıqdan sonra məsələyə aydınlıq gələcək”. 

Gördüyünüz kimi, ölkə futbol qurumu loqotipindən istifadəyə görə hər hansı gəlir əldə etmirmiş. Gələcəkdə belə məsələlərlə bağlı AFFA-nın daha fəal olacağına, reklam əsrində reklamdan qazanmağın yolunu tapacağına ümid edirik.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …