Sosial şəbəkədə biz:

Hökumətin iqtisadi komandasının bacarıqsızlığını sərtləşmə həll edə bilməz - Natiq Cəfərli

22 November 2023, 17:38
Gündəm

“Azərbaycan sistemin sərtləşmə dozunu artırır – bunun hələ ardıcıl siyasət və ya epizodik məqam olduğunu görəcəyik, amma belə davranışın müxtəlif səbəblərindən biri bəzi Qərb siyasətçilərinin və ölkələrinin beynəlxalq hüququ çeynəyən qərəzli açıqlamaları və qəbul edilmiş sənədlərdir. Doğrudan da bəzi Qərb siyasətçilərin məntiqsiz açıqlamaları heyrət və qəzəb doğurur”.
Azinforum.az
 xəbər verir ki, bunu iqtisadçı, REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli sosial şəbəkə hesabında ölkədə baş verən sonuncu prosesləri şərh edərkən yazıb.
İqtisadçı bildirib ki, onun fikrincə, hazırkı proseslərin əsas səbəblərdən biri ölkə iqtisadiyyatının getdikcə daha ağır duruma düşməsi, bununla bağlı hökumətin iqtisadi komandasının heç bir həll yolu təqdim edə bilməməsidir:
“Azərbaycanda bu il ÜDM artımı MDB ölkələri arasında ən zəif nəticə oldu – iqtisadiyyatımız bu ilin ilk 3 rübündə cəmi 0,5% artıb, bu isə artım deyil, hətta ressesiyadır. Məmləkətdə rəsmi inflyasiya ikirəqəmlidir, insanların real gəlirləri artmır, iş yerləri azalır, son 2-3 gündə elə hökumətin özünün rəsmi məlumatlarına baxın: Azərbaycanda armatur istehsalı 26%-dən çox, ayaqqabı istehsalı 45%, makaron istehsalı 32%, geyim istehsalı 12,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 25,4% azalıb. Bir daha, bu son 2-3 günün məlumatlarıdır. Hətta iş o yerə çatıb ki, ilk dəfə olaraq Gürcüstanla ticarət dövriyəmizdə mənfi saldo yaranıb – həmişə biz Gürcüstana daha çox mal-məhsul satırdıq, indi əksinə olub, Gürcüstanın Azərbaycana ixracı idxalından daha çox olub.
Ölkədə sonuncu sərt repressiya dalğası 2013-2016-cı illər aralığında oldu. O zaman da müxtəlif səbəblər var idi, amma əsas məsələlərdən biri o idi ki, 2013-dən başlayaraq ölkədə iqtisadi mənzərə kəskin pisləşməyə başladı, nəticədə kəskin devalvasiyalar yaşadıq, iqtisadiyyat daraldı, qiymətlər kəskin artdı – paralel olaraq da siyasət, media, sivil toplum alanları kəskin daraldıldı, siyasi həbslərin pik nöqtəsini yaşadıq”.
N. Cəfərli bildirir ki, hökumətin iqtisadi komandasının bacarıqsızlığını sərtləşmə həll edə bilməz:
“Çünki iqtisadiyyatda fundamental və institutsional idarəetmə ilə bağlı problemlər var. Bu problemlərin həlli yolu isə sərtləşmədən deyil, tam tərsinə, sərbəstləşmədən, vergi-gömrük islahatlarından keçir.
Məmləkətimiz tariximizdə görünməyən qürurlu bir uğur qazanıb – ərazi bütövlüyümüz tam bərpa olunub. Azərbaycan post-sovet məkanında ilk və yeganə ölkədir ki, Rus və Sovet İmperiyasının basdırdığı “etnik münaqişə minasını” təmizləməyə nail oldu. İndi məmləkətin qarşısında daha böyük çağırışlar, daha böyük xərclər var – deməli ölkə daha çox qazanmalıdır ki, daha çox da xərcləyə bilsin. İndiki iqtisadi siyasətlə bu mümkün deyil və bu problemin həll yolu sərtləşmədən deyil də, rəqabət və şəffaflıqdan keçir”.
Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Günorta isə “AbzasMedia”nın ofisində axtarış aparılıb.
Axtarış nəticəsində ofisdən 40 min avro pul tapıldığı iddia olunub.
Mətbuat orqanının baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-nə keçən gecə saat 2 radələrində İstanbuldan gələn təyyarə Bakıda yerə enən kimi saxlanılıb.
Daha sonra gecə saat 3 radələrində onun yaşadığı evdə axtarış aparılıb. Ancaq mənzildən heç nə tapılmadığı bildirilir.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.
Ötən axşam Xətai Rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində Ülvi Həsənli barəsində 4 ay, Sevinc Vaqifqızı haqqında isə 3 ay 29 günlük həbs qətimkan tədbiri seçilib.
Sevinc Vaqifqızı hakimə deyib ki, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə irəli sürülmüş ittiham saxtadır. O bildirib ki, həbsinin səbəbi “AbzasMedia”dakı jurnalist fəaliyyəti, hakimiyyətdəkilərin korrupsiya əməlləri barədə araşdırmalarıdır. Ülvi Həsənli də məhkəmədə qaçaqmalçılıq ittihamının absurd olduğunu, ofisdən tapıldığı iddia olunan pulların orada axtarış aparanların özlərinin atdığını deyib.
Həmçinin ictimai fəal Məhəmməd Kekalov da saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev onun müvafiq cinayət işi üzrə məsuliyyətə cəlb edildiyini, araşdırma aparıldığını bildirsə də, cinayət işinin təfərrüatları barədə məlumat verməyib.