Sosial şəbəkədə biz:

Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”

Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
Xəbər Şəkli
15 November 2026, 09:45
Gündəm

Həbsdə olan keçmiş deputat və iş adamı Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva Azərbaycan hökumətinə qarşı şikayət ərizələrini geri götürmələrinə aydınlıq gətirib.

Bu barədə Pravda.az-a danışan Z.Abdullayeva bildirib ki, hər zaman Hüseyn Abdullayev dövlət və dövlətçilik üçün çalışıb.

O, Azərbaycan hökumətindən kömək istəyib: “Bəli, ərizəmizi geri götürmüşük. Artıq Hüseynlə belə qərara gəldik ki, cənab Prezidentimiz İlham Əliyevdən, dövlətimizdən bu məsələdə bizə kömək göstərməsini xahiş edək. Buna görə də şikayət ərizəsindən imtina etdik. İnsandır, hər kəs səhv edə bilər. Hüseyn cənab Prezidentimizdən üzr istəyir. Mən də bir ana kimi dövlətimizin başçısından kömək istəyirəm. İnanıram ki, cənab İlham Əliyev yaşlı bir ananın xahişini geri çevirməyəcək”.

Xatırlatma: Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM)12 noyabr 2026-cı il tarixdə açıqlanan qərarına əsasən, Hüsyen Abdullayev və anası Zeynəb Abdullayevanın şikayətlərini geri götürmək barədə ifadələri qəbul edildikdən sonra “Abdullayev və Abdullayeva Azərbaycana qarşı” iş Məhkəmənin baxılacaq işlər siyahısından çıxarılıb. Qeyd edək ki, Hüseyn Abdullayev və anası 14 aprel 2021-ci ildə AİHM-ə müraciət ediblər. Şikayət 16 iyul 2024-cü ildə Azərbaycan hökumətinə kommunikasiya olunmuşdu. Ərizəçilər şikayətlərində ədalətli məhkəmə araşdırması, ifadə azadlığı, mülkiyyət hüququ və Konvensiyanın 18-ci maddəsinin pozulduğunu iddia edirdilər. Onlar cinayət təqibinin ədalətliliyini, məhkəmənin müstəqilliyini, əmlaklarının müsadirəsini və cinayət təqibinin siyasi motivli olmasını mübahisələndirirdilər.