Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / “Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı – GİLEY

“Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı – GİLEY

Adı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işlərində hallanan “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun əməlindən zərər çəkənlərin sayı itib.

Onlardan biri Şükufə Rəhimova “Yeni Müsavat”a müraciət edərək deyib ki, 6 il əvvəl Cahangir Alışov onlardan 60 min dollar alıb, müqavilə imzalayıb, hətta satın aldıqları mənzili də onlara göstərib. Lakin mənzil bu gün də Şükufə Rəhimovaya təhvil verilməyib, pulu da qaytarılmayıb:

“2013-cü ildə “Yeni Yasamal” MTK-dan o dövrdə 60 min dollar ödəməklə 167 kvadrat metr sahəsi olan mənzil aldım. MTK-nın sədri Cahangir Alışovla müqavilə bağladıq. Dedi ki, mənzilin qapı və pəncərələrini 10-15 günə qoyacaqlar. Bundan sonra ona 10 min dollar da ödəyib mənzildə təmir işlərinə başlaya bilərik. Lakin 15 gün çox uzandı, Alışov hər dəfə bir bəhanə ilə məndən 10 min dolları götürməkdən yayınırdı. Bizi də binaya buraxmırdılar ki, mənzildə təmir işlərinə başlayaq.

Cahangir Alışovun təmsilçiləri Habil Fətəliyev, Nadir adlı şəxslər bizə digər ünvanlarda mənzil təklif edirdilər. Əlimizdəki müqaviləni bizdən almağa cəhd edirdilər. Bizə müxtəlif ünvanlarda mənzil göstərirdilər. Bizə Akif Çovdarovun adını hallandırmaqla deyirdilər ki, onunla münasibətləri var. İşlərində problemlərinin həll edən şəxs kimi adını hallandırırdılar”.

Şükufə Rəhimova deyir ki, 2015-ci ilin avqustunda Cahangir Alışovdan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət yazıblar: “Bizi müstəntiq Kazım Həmzətov çağırdı, ifadə aldı. Cahangir Alışovu çağırdılar, o da yazdı ki, guya pulu vaxtında ödəməmişik, ona görə müqavilə ləğv olunub. Halbuki biz pulu ödəmişdik. Müstəntiq dedi ki, məhkəməyə müraciət edək. Belə də etdik. Amma bizə demədi ki, Cahangir Alışovla bağlı istintaq gedir. Yəni müstəntiq bizə bildirsəydi ki, Cahangir Alışovla bağlı cinayət işi araşdırır, biz də həmin iş üzrə zərərçəkən olaraq tanınmalıydıq. Bu gün də tələbimiz odur ki, həmin iş üzrə bizi zərərçəkən olaraq tanısınlar. Bizi yanlış yola yönləndiriblər. Bizim şikayətə Yasamal Rayon Məhkəməsində baxıldı. 2016-cı ilin martında məhkəmə bizə 60 min manat ödənilməsi haqda qərar verdi. Bu günə qədər həmin qərar icra olunmayıb”.

Şükufə Rəhimovanın sözlərinə görə Yasamal rayon İcra və Probasiya Şöbəsinə gedib-gəlməkdən yorulublar: “İllərdir ki, kirayələrdə yaşayırıq. Artıq bezmişik. Baş prokuror Zakir Qaralova müraciət edirik ki, məsələnin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılmasına göstəriş versin. Bizi özü qəbul edib dinləsin”.

Vətəndaş deyir ki, Cahangir Alışovun həbsindən sonra prezident İlham Əliyevin göstərişi ilə MTK-da zərər çəkən vətəndaşların hüquqlarının bərpası üçün torpaq sahəsi ayrılıb: “Cahangir Alışovun bina ilə bağlı öhdəlikəri “Şərurlu İsfəndiyar”a ötürüldü. Sevindik ki, mənzili nəhayət ki, bizə verəcəklər. “Şərurlu İsfəndiyar” bizə 167 kvadrat mənzilin əvəzinə 86 kvadratlıq mənzil təklif edir, üstəlik bizdən ilkin ödəniş kimi Cahangir Alışova ödədiyimiz pulu 47 min manat hesablayır, əlavə olaraq hər ay min manat ödəmək öhdəliyi götürməyimizi tələb edir. 35 min manat əlavə pul istəyir. Bizə qarşı Cahangir Alışov cinayət yol verib, “Şərurlu İsfəniyar” da bizi əlavə olaraq soymaq istəyir. Biz 4 nəfərdın ibarət ailə kirayələrdə yaşayırıq. Həyat yoldaşım Elman Rəhimov baş verənlərə görəı o qədər stress keçirib ki, ürək xəstəliyinə düçar olub. Biz ölkə başçısına, baş prokurora müraciət edirik, bizi Alışovun cinayət işi üzrə zərərçəkən kimi tanınmağımıza göstəriş verilsin. Bizim pulunu ödədiyimiz mənzili özümüzə versinlər”.

Xatırladaq ki, Cahangir Alışov, onun oğlu Samir Alışov və Habil Fətəliyev hazırda həbsdədirlər. İttihama görə, mənzillərin satışını həyata keçirən Habil Fətəliyev və qeyriləri ilə əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər. Bununla da paytaxtın Yasamal rayonunda inşa olunan binadan dəyəri ödənilmiş 33 mənzili yenidən 37 nəfərə sataraq 1 milyon 644 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Bundan başqa, C.Alışovun H.Fətəliyev və qeyriləri ilə əlbir olub “Yüksəliş-C” MMC-nin direktoru vəzifəsində işləməklə həmin cəmiyyət tərəfindən Bakı şəhəri, Xətai rayonunda inşa olunan binadan da eyni qaydada 10 mənzili təkrarən 11 nəfərə satmaqla 587 min manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçiriblər. Cahangir Alışov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı), H.Fətəliyevə isə həmin məcəllənin 178.3.2 və 313-cü maddələri ilə ittiham edilir. Bu cinayət işi üzrə zərərçəkən vətəndaşların sayı 198 nəfərdir. Xatırladaq ki, Cahangir Alışovun oğlu Samir Alışov da həbsdədir. O da eyni ittihamlarla təqsirli bilinərək həbs edilib. Samir Alışov da bir evi bir neçə nəfərə satmaqda ittiham edilir.

“Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …