Ana səhifə / Gündəm / Yaşayış olmayan evlərə də qaz sərfiyyatı yazılır – Ağdaşdan şikayət

Yaşayış olmayan evlərə də qaz sərfiyyatı yazılır – Ağdaşdan şikayət

Redaksiyamıza daxil olmuş bir neçə şikayət ərizəsində bildirilir ki, Ağdaş rayonu Qaz İstismar İdarəsinin rəhbərliyi tərəfindən törədilən əməlləri sözün əsil mənasında soyğunçuluqla müqayisə etmək olar. Məsələ bundadır ki, Ağdaş Qİİ-nin rəisi Namiq müəllim rayon əhalisinin təbii qaz yanacağı ilə təminatını dayandıraraq, onlardan əsassız olaraq yazılmış borcların və cərimələrin ödənilməsini tələb edir. Məlumatlarda bildirilir ki, hal-hazırda bu kimi uydurma borc tələbi əsasında rayonun Şəmsabad kəndində birdən-birə 30 evə qaz verilişi dayandırılıb. Hətta, Şahin Məmmədov adlı bir vətəndaş uzun müddət Rusiyada yaşadığına və bu səbəbdən də evində ümumiyyətlə yaşayış olmamasına rəğmən, bu yaxınlarda öz kəndlərinə dönərkən, o da eyni problemlə qarşılaşmışdır. Ağdaş Qİİ-nin əməkdaşları uzun müddət içərisində insan yaşamayan bir evdə belə, mütəmadi olaraq qaz sərf olunduğu qənaətinə gəlmiş və həmin evə də külli-miqdarda borc yazmışlar.
Digər bir məlumata görə, bu gün Ağdaşın bir çox ev və obyektlərində təbii qaz istehlakçıları üçün sayğaclar quraşdırılsa da, həmin ünvanlara müvafiq kodlar verilməyib. Bu isə əlbəttə ki, ilk növbədə əhalidən yığılan vəsaitlərin müəyyən hissəsinin mənimsənilməsinə yol açır. Belə ki, kodlaşdırma olmadığından, əhali sərf etdiyi mavi yanacağın pulunu sayğacın göstəricisinə əsasən ya qapı-qapı gəzən əməkdaşlara, ya da bilavasitə Qİİ-nin xəzinəsinə nəğd formada ödəməli olurlar. Digər tərəfdən isə, əhaliyə heç bir sübut-dəlil təqdim edilmədən köhnə tarixlərə aid olunan borclar yazılır.
Bundan başqa isə, aldığımız məlumatlarda Ağdaş Qİİ-nin rəisi Namiq müəllim rayonun qaz təchizatının fsiləsiz həyat keçirilməsi üçün ayrılmış vəsait və materialların da davamlı surətdə mənimsənilməsində ittiham olunur. Bildirilir ki, idarə rəisi mütəmadi olaraq Ağdaş rayonu ərazisində kilometrlərlə ölçülən məsafələrdə qaz borularının yenilənməsi, həmçinin guya ki, görülmüş cari təmir işləri və sairə haqda saxta sənədlər hazırlayaraq, yuxarı instansiyalara təqdim edir. Həmçinin açıqlamalarda vurğulanır ki, rayonun bir sıra kəndlərinə çəkilməsi nəzərdə tutulmuş qaz boruları da Namiq müəllim tərəfindən satılmışdır.
Məlum olduğu kimi “Azərqaz” İstehsalat Birliyi vakant yerlərə işçi qəbulunun test üsulu ilə keçirilən müsabiqələr vasitəsilə həyata keçirildiyini iddia edir. Lakin aldığımız məlumatlara görə, Namiq müəllimin bu məsələdə mövqeyi bir qədər fərqlidir. Yəni son nəticədə onun da üsulunu müsabiqə adlandırmaq olar. Lakin bu müsabiqənin əsas şərti kim çox bilir prinsipinə deyil, kim çox verəcək prinsipinə əsaslanır. Mənbələr iddia edirlər ki, Ağdaş Qİİ-nin rəisi qurumun bütün srukturlarında olan vant vəzifələri az qala açıq satışa çıxarır.
Açıqlamalarda vurğulanır ki, idarə rəisi tərəfindən işçilər əliəyriliyə, korrupsiya hallarının icrasına təhrik olunur, bu kimi göstərişlərə əməl etməyənlər isə işdən qovulmaqla cəzalandırılırlar. Məsələn, idarənin əməkdaşları tərəfindən müxtəlif ərazilərə qaz kəmərinin çəkilməsi və sayğacların quraşdırılması bəhanəsilə tələb olunan vəsaiti ödəyən sakinlər, əvəzində uzun müddət narahatlıq və problemlərdən başqa heç nə əldə edə bilmirlər. Halbuki, sakinlərdən yığılan vəsait hesabına bütün rayonun qaz problemi çoxdan həll oluna bilərdi.
Əlbəttə bütün bu ittihamların kifayət qədər ağır olduğunu biz də başa düşürük. Bununla belə rayon sakinlərindən aldığımız məlumatlar əsil vəziyyətin daha ciddi olduğunu vurğulayır. Ümid edirik ki, səlahiyyətli orqanlar lazımi araşdırmaları apararaq, bütün məsələlərə aydınlıq gətirəcəklər.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

dia.az

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın