Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Yalan informasiya yayanlar: Əfqan qadın necə mingəçevirli oldu? – FOTOFAKT

Yalan informasiya yayanlar: Əfqan qadın necə mingəçevirli oldu? – FOTOFAKT

Sosial şəbəkələr artıq ciddi bir xəbər mənbəyinə, bilgi paylaşımının mərkəzinə çevrilib. Milyonlarla insan burada statuslar, paylaşımlar edirlər. Və bəzən bu paylaşımlar böyük informasiya mənbəyinə çevrilir.
Tanınmış şəxslərin özləri haqda yazdıqları, çıxışları, bəyanatları, güvənli şəxslərin paylaşımları mətbuat üçün xəbər mənbəyidir. Amma son olaylar bir daha sübut etdi ki, sosial şəbəkələrdə paylaşılan hər şeyə inanmaq olmaz. Bəzən kimlərsə bu güclü paylaşım vasitəsindən təxribat məqsədi ilə də istifadə edirlər.
Xəbər verdiyimiz kimi, avqustun 20-də Mingəçevir Şəhər Polis Şöbəsində həyatını itirən 24 yaşlı Bəhruz Hacıyevin ölümündən sonra şəhərdə gərginlik baş vermişdi. Yüzlərlə insan küçələrə çıxaraq, bu ölüm hadisəsinə etiraz etmiş, günahkarların cəzalanmasını tələb etmişdi. Etirazlar zamanı 21 nəfər polis tərəfindən saxlanılaraq, bölməyə aparılmışdı.
Hadisələr zamanı “Facebook” sosial şəbəkəsi ilkin informasiya mənbəyi oldu. Hər kəs hadisə yerindən fotoları paylaşıb, eşitdiklərini, gördüklərini digərlərinə çatdırırdı. Bu paylaşımlar sırasında təxribat xarakterli, həqiqəti əks etdirməyən məlumatlar da yer aldı.
Misal üçün AXCP üzvləri və bir neçə digər fəallar qəsdən və ya bilmədən bu dezinformasiyanı paylaşdılar (sonradan sildilər). Məsələ burasındadır ki, gördüyünüz bu fotonu paylaşan insanlar qadının Mingəçevirdə polislərlə qarşıdurma zamanı bu hala salındığını və sonradan isə dünyasını dəyişdiyini bildiriblər.
Əslində isə söhbət 2012-ci ildə əri tərəfindən döyülərək, bu hala salınmış əfqanıstanlı Səhər Güldən gedir.
İnsanlar məlum fotonu gördükdən sonra yazılanlara inanıb, qəzəb püsgürməyə başladılar. Bunun səbəbi isə fotonun həqiqiliyi ilə bağlı dəqiq məlumat almaq üçün cəmisi bir neçə dəqiqə vaxt ayırmamaları idi.
Bu fotonun harada çəkildiyini aşkarlamaq heç də çətin deyil.
İstənilən fotonun üzərində “klik” edərək, onu google-da axtarmaq kifayət edir ki, fotonun ilkin mənbəyi aşkarlansın.
Bu kimi yalan informasiyaların yayılması ilk dəfə deyil. Misal üçün, ötən ilin avqust ayında cəbhə bölgəsində durum gərginləşən günlərdə bir foto yayılmışdı. Həmin fotoda bir məsciddəki cəsədlər və yaralılar əks edilirdi. Və fotonun cəbhə bölgəsindəki rayonlardan birində çəkildiyi iddia olunurdu. Foto geniş səs-küy doğursa da, sonradan məlum oldu ki, şəkil Suriyada çəkilib və Azərbaycana heç bir aidiyyəti yoxdur.
Bu kimi dezinformasiyalara çox misal çəkmək olar. Əsasən başqa ölkələrdə çəkilmiş fotoları paylaşıb, yalan informasiya verənlər bunu reytinq, məşhurluq, “like” toplamaq üçün edirlər. Bəzən isə məqsədləri təxribat, çaxnaşma törətmək, insanları panikaya salmaq olur.
Lakin bu kimi saxtakarları aşkarlamaq da çətin deyil. Sadəcə, müasir dövrün bizə təqdim etdiyi vasitələrdən istifadə etmək tamamilə yetərlidir.

 

Musavat.com

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın