Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Yəhudi milləti və diasporu niyə güclüdür?

Yəhudi milləti və diasporu niyə güclüdür?

“YARPAQLARI VƏ BUDAQLARI QURUSA DA, DAİMA YAŞAYAN QOCAMAN AĞAC” İFADƏSİ ÖZÜNÜ TAM MƏNADA DOĞRULDUR
yahudiBu gün dünyanın bütün bölgələrinə səpələnərək 50 milyonluq azərbaycanlı adını daşıyan soydaşlarımızın birlik, həmrəylik anlayışılarında ciddi problemlər var. Diaspordaxili ziddiyyətlər, qarşılıqlı anlaşımamazlıq, liderlik uğrunda mübarizə və digər problemlər azərbaycanlıların vahid bir mərkəzə çevrilməsində əngəlliklər yaradır. Bunu aradan götürmək yollarını və istiqamətlərini düşünən “beyinlər” tarixi- keçmişi-psixoloji məqamları nəzərə almaqla yanaşı dünyanın başqa millətlərinin təcrübəsinə də əsaslanmalıdırlar. Hər dəfə dünyadakı ayrı-ayrı millətlərin diasporlarından danışanda ilk olaraq diqqəti güclü yəhudi diasporu cəlb edir. Biz bu millətin keçdiyi yola baxsaq onların yeni dünya nizamında güclü olma səbəbinə qismən də olsa cavab tapa bilərik.
Dünyanın bütün bölgələrində əsrlərdən bəri formalaşan yəhudi diasporunu digərlərindən güclü və nüfuzlu edən cəhətlər bu günün özündə də tam açılmayıb. Bir çox tədqiqatçılar isə ümumilikdə diaspor termininin yəhudilərə şamil olunmasına qarşı çıxaraq, bu “sirli millət”in milli xüsusiyyətlərinin diaspora anlayışı ilə üst-üstə düşmədiyini əsas kimi göstərirlər. “Tarixi formalaşma prosesi və müasir durumu maraqlı, cəlbedici və sirli məqamlarla dolu olan yəhudi diasporunu güclü edən səbəblər hansılardır” sualına hələ də bütöv şəkildə cavab vermək qeyri-mümkündür. Yəhudilərin milli-mənəvi xüsusiyyətləri dünyanın digər xalqları üçün açılmaz bir müəmma kimi qalır. Bir millət barədə dünyanın müxtəlif bölgələrində çoxsaylı və bir-birindən fərqli fikirlər formalaşıb.
Böyük Britaniyada yəhudilər dünyanın əsas hakimləri, Almaniyada və Rusiyada varlı millət, ABŞ-da seçilmiş xalq, Asiya ölkələrində baş verən hadisələrin əsas səbəbkarları və s. kimi tanınırlar. Musiqiləri, adət-ənənələri, milli mətbəxləri, ailə münasibətləri, dini-ideoloji baxışları, geyimləri və digər cəhətlərilə fərqlənən yəhudilər dünyanın harasında olsalar da, öz milli dəyərlərini dişləri-dırnaqları, var gücləri ilə qorumağa çalışırlar və onların bu səyi səmərəsiz qalmır. Tarixin qaranlıq, qanlı, keşməkeşli, idarəolunmaz dönəmlərində dəfələrlə başları müsibətlər çəkən yəhudilər bütün bu ağır sınaqlardan ilk növbədə birlik, həmrəylik hesabına çıxıblar. Digər millətlərə qaynayıb-qarışmalarına, adaptasiya olmalarına baxmayaraq, əriməyən, assimilyasiya olunmayan yəhudilər bütün bu cəhətlərinə görə məğlubedilməz millət adı qazanıblar. Yəhudi milli hərəkatında və yəhudilərin tarixində mühüm rolu olan Teodor Hertsel yəhudiliyi “yarpaqları və budaqları qurusa da, özü daima yaşayan qocaman ağac”a bənzətmişdi.
Onun bu bənzətməsi illər keçdikcə özünü tam mənada doğruldur. I və II dünya müharibələri zamanı baş verən kütləvi qırğınlardan sonra sayı yarıbayarı azalsa da, bir millət kimi yəhudilər məhv olmadılar, əksinə, tarixin ağır, bəlkə də başqa millətlərin dözməyəcəyi sınaqlardan daha da bütövləşərək, saflaşaraq çıxdılar. Bu proseslər yəhudilərin həm bir millət, həm də diaspor halında bir qədər də güclənməsinə təkan verdi. Yəhudiləri qarışıq nikaha sövq edərək, doğulan körpələri qeyri-yəhudi kimi tərbiyələndirib böyütmək cəhdində bulunan bəzi dövlətlər öz məqsədlərinə çata bilmədikdən sonra zaman-zaman antisemitist nəzəriyyələr işləyib hazırlamağa çıxış yolu kimi baxıblar. Onları bir-birindən ayırmaq məqsədilə böyük yəhudi icmaları olan ərazilərdə öz siyasətlərini yeridərək, yəhudiləri digər bölgələrə sürgün edib, hara gəldi, səpələyiblər.
Yəqin ki, elə bu səbəbdən, həmin səpələnmənin nəticəsi olan diaspor anlayışına yəhudilər heç zaman rəğbətlə yanaşmayaraq, bu anlayışı öz aralarında “qalut” – “qala” kimi qəbul ediblər. İbrani dilində sürgün mənası ifadə edən qalut, yaxud qalada yaşamaq yəhudilər üçün Allah tərəfindən göndərilən cəfa kimi başa düşülür və onlar bütün fəaliyyətləri, davranışları və adət-ənənələrində Böyük Yaradanın qəzəbinin soyumasına çalışdıqlarına inanırlar. Yəhudi diasporunun yaşam və fəaliyyət konsepsiyası ilə yaxından məşğul olan Stiv İsrael hesab edir ki, yəhudi diasporunun bütün təzyiqlərə və çətinliklərə baxmayaraq qüvvətli olması onların dinə və inanclara bağlı olmasından, möhkəm inamından irəli gəlir. S.İsrael yəhudilər arasında belə bir inamın güclü olmasını qeyd edir: İnanca görə, yəhudi millətini Allah qarğayıb, Ulu Yaradanın qəzəbini soyutmaq üçün yəhudilər özlərini ilahi şərtlərə uyğun aparmalıdırlar. Bunun əvəzində mükafat olaraq, Allah sonda onları doğma və tarixi torpaqlarına geri qaytaracaq. Hələlik isə yəhudilər yaşadıqları ölkələrin sakinlərinə və dövlət quruluşuna loyallıq göstərməli və müqəddəs günün vaxtını gözləməlidirlər. Qalutda – diaspor halında yaşamaq, fəaliyyət göstərmək və həmrəy olmaq üçün Qalaxi – yəhudi hüquq və normalar sistemi hazırlanıb. Qalaxidən əsas məqsəd yəhudilərin ana vətənlərini unutmamaları, doğma yurdu daim yadda saxlamalarıdır.
Yəhudi diasporu barədə bir çox filmlərdə, kitablarda, yaxud nümayiş olunan rituallarda ibadət zamanı üzlərini Yerusəlimə – Qüdsə tərəf tutaraq, Böyük Yaradandan onları sürgün həyatından qurtarmaq, Ana Vətənə geri dönmələrinə imkan vermək rica edilir. Bu əbədi arzu, ülvi dilək yəhudiləri millət kimi monolit, yekdil edib, onların bir amal naminə yaşamalarını və fəaliyyət göstərmələrini şərtləndirib. Yəhudi toylarında özünəməxsus ənənələrə riayət edilməsi də çox maraqlı və cəlbedicidir. Toy zamanı qədəh sındırmaq, Yerusəlim barədə dualar oxumaq, musiqilər ifa etmək, deyilən sağlıqlarda Ana Vətənin yad edilməsi yəhudi millətini daha da güclü və mütəşəkkil hala gətirən amillərdəndir. Sukkot bayramında və digər müqəddəs günlərdə onlar İsrail torpaqlarında yetişən 4 növ bitkinin yada salınması yəhudi millətinin yekdilliyinə təkan verən daha bir cəhətdir.
Müşahidələr göstərir ki, yəhudilər görüşüb ayrılanda onların bir-birinə dedikləri son sözlər əsasən, “Gələn il Yerusəlimdə görüşərik” olur”. Bu gün yəhudi diasporunda vacib olan şərtlərdən biri də hər bir yəhudinin, həyatında bir dəfə olsa belə, İsrail torpaqlarını ziyarət etməsidir. Bu ziyarət ona gələcək nəsilləri düzgün tərbiyə etmək üçün böyük ruh yüksəkliyi və mənəvi güc verir. Yəhudiləri digərlərindən fərqləndirən cəhətlərdən biri də onların başqa millətləri özlərinə çox yaxın buraxmamalarıdır. Hər bir millət üçün yəhudilərə yaxınlaşmağın bir həddi var və bu həddin mövcudluğu yəhudilər tərəfindən ümumi şəkildə qəbul olunmuş qaydadır. Onların dilini, tarixini, ədəbiyyatını, milli adət-ənənələrini öyrənməyə həvəs göstərən şəxslər üçün geniş imkanlar yaradan yəhudilər özləri haqda müəyyən çərçivədə məlumatlar verirlər. Bu yöndə kiminsə çox dərinə getməsi yəhudilərin arzulamadıqları haldır.
Hazırda dünyada bir çox sahələrdə hakim mövqeyə sahib olan yəhudilər antisemitizm əleyhinə ciddi mübarizə aparırlar. Yəhudilərin, əvvəlki illərdən fərqli olaraq, bu gün ciddi siyasi, maddi və mənəvi gücü var. Bu gücdən düzgün və məqsədyönlü istifadə onların hazırda təhlükəsiz, hətta üstün bir mövqedə qalmalarını təmin edir. Müəyyən hallarda yəhudi diasporunda da fikir ayrılıqlarının şahidi olmaq mümkündür. Diaspor və muxtariyyət tərəfdarları ilə millətçi yəhudilər arasında vətənə münasibət məsələsində fikir və mövqe fərqliliyi müşahidə olunur. Amma bu, heç də yəhudilərin millət və diaspor kimi zəifləmələri demək deyil. Əksinə, bu fikir ayrılıqları onların daha korrekt və məqsədyönlü davranmasına təkan olur. Yəhudilərin məqsəd və amalını, onların özlərinin tez-tez təkrarlamağı xoşladıqları, Teodor Hertselə məxsus bu fikir çox aydın ifadə edir: “Azad insanlar kimi öz torpaqlarımızda yaşamaq və sakit halda öz evlərimizdə ölmək istəyirik”.

Zaur Əliyev

 

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın