Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / XX əsrin məşhur qətlləri:Bir sülh sazişi Misir prezidentinin həyatına necə son qoydu? – ARAŞDIRMA

XX əsrin məşhur qətlləri:Bir sülh sazişi Misir prezidentinin həyatına necə son qoydu? – ARAŞDIRMA

1981-ci il oktyabrın 6-da Qahirədə Misirin Süveyş kanalını uğurla fəth etməsinin ildönümünə həsr edilmiş hərbi parad keçirilir. Parad saat 11.00-da başlanıb. Ölkə prezidenti Ənvər Sadat, dövlət rəsmiləri və xarici qonaqlar tribunadadır. Prezidentdən sağda vitse-prezident Hüsnü Mübarək, solda isə hərbi nazir Əbu Qəzal durub. Parad sona yaxınlaşarkən, 11.40-da hərbi texnikanın sırasında gedən artilleriya yük maşını qəflətən dayanır. Desant formalı leytenant Xalid əl-İslambuli maşından tullanıb tribunaya tərəf əl qumbarası atır. Qumbara hədəfə çatmadan havada partlayır. Bir neçə saniyədən sonra daha beş desant maşından atılıb tribunanı avtomat atəşinə tutur. Ənvər Sadat kreslodan qalxıb qışqırır: “Ola bilməz!” Heyrətdən donub qalmış Sadat snayperin hədəfinə çevrilir: güllələr boynu və sinəsini deşir. Sadat təcili xəstəxanaya çatdırlsa da, orada keçinir… Tribunada durmuş daha on bir nəfər sui-qəsdin qurbanı olur, 28 nəfər isə yaralanır.

1981-ci il oktyabrın 7-də dünyanın bir çox liderləri Sadatın dəfnində iştirak edirlər. Lakin Sudan prezidenti istisna olmaqla, ərəb liderlərindən heç biri burada yoxdur.

Sadat Qərb üçün qəhrəman idi, çünki İsraillə barışığa getdi. Lakin bununla belə, öz xalqını və ərəb dünyasını parçaladı. Bəlkə, onu elə buna görə öldürdülər?

 

Kasıb ailənin 13-cü uşağı

 

1918-ci il dekabrın 25-də kasıb Misir-Sudan ailəsində anadan olmuş Ənvər hərbi hospitalda mirzə işləyən Muhəmməd əs-Sadatın 13-cü övladı idi. Onun bütün qohumları qatı müsəlman idilər. Ənvər uşaqlıqda dini məktəbə gedərək Quranı öyrənib. Dediyinə görə, gəncliyində dörd sima ona çox güclü təsir göstərib: antimüstəmləkə qiyamının iştirakçısı və ingilis ordusu tərəfindən asılmış Zəhran, Türkiyənin dövlət müstəqiliyini qorumuş Kamal Atatürk, şərə mülayim yanaşmağı təbliğ etmiş və bu yolla da Hindistanın müstəqilliyinə nail olmuş Mahatma Qandi və … Adolf Hitler. Sadat hesab edirdi ki, ingilis müstəmləkəçiliynə qarşı dura biləsi yeganə dünya lideri məhz Hitlerdir. Hətta Sadat II Dünya Savaşında ingilislər qarşı alman kəşfiyyatı ilə əməkdaşlıq da edib…

 

Antibritaniya ruhlu gənc leytenant

 

Sadat 1938-ci ildə Qahirə universitetini bitirdikdən sonra orduda xidmətə başlayıb leytenant rütbəsi alır. Sudana göndəriləndə burada antibritaniya, antimonarxiya ruhlu, Misiri Britaniyanın nəzarətindən qurtarmağa qabil olan “Azad zabitlər” təşkilatını yaratmış Camal Əbdül-Nasirlə tanış olur. Afrika ilə Yaxın Şərq arasında bir həlqə və ərəb dünyasının mərkəzi kimi özəl strateji durumu Misiri həmişə önəmli geopolitik bölgəyə çevirib. 1869-cu ildə Ferdinand de LesepsAvropadan Hindistana və Uzaq Şərqə mühüm dəniz yolu olan Süveyş kanalının inşasını başa çatdıranda onun önəmi daha da artıb.

Britaniya 1882-ci ildə Misiri ələ keçirdib. Lakin ölkə nominal olaraq Osmanlı İmperiyasının tərkib hissəsi kimi qalır və onun öz xəlifəsi var. Türkiyə I Dünya Savaşında Britaniya və Fransaya qarşı hərbə girişəndən sonra Misir öz kralı və hökuməti ilə Britaniyanın protektoratı elan edilir. Misir general Edmund Enanbinin başçılıq etdiyi hücum üçün mühüm bazadır. Nəticədə türklər Orta Şərqdən qovulur. Lakin 1918-ci ildə müharibə qurtaranda Britaniyanın burada olması üçün birbaşa əsas olmadığından məqsədi tam müstəqillik olan təşkilat meydana çıxır. Britaniya kanal üzərində nəzarəti itirmək niyyətində deyil, lakin artan narazılıqla üzləşir.

Misir dağılmış Osmanlı İmperiyasının tərkib hissəsi kimi, 1922-ci ildə qismən müstəqil dövlət olur. Lakin Britaniya əvvəlki kimi Süveyş kanalına nəzarət edir və orada böyük hərbi qarnizon saxlayır. II Dünya Savaşının başlanmasıyla Misir və Süveyş kanalının önəmli strateji mövqeyi yenidən aydın olur. İtaliya 1940-cı ildə Misirə, öz müstəmləkəsi Liviyaya soxulur, lakin sayca on dəfə az olan Britaniya qoşunları Mussolinini ordusunu asanlıqla geri oturdur. Adolf Hitler general Ervin Rommeli Afrika korpusu ilə italiyalıların köməyinə göndərir. Növbəti iki ilin döyüşləri Misirlə Liviyanın qərb səhralarına yayılır.1943-cü ilin mayında, nəhayət, hər şey başa çatır. Almaniya-İtaliya qoşunları Tunisdə təslim olur.

Bütün bu müddətdə Misir səhrada döyüşən müttəfiqlərin ordusu üçün ən önəmli baza oldu və bu, ölkənin tamamilə ancaq Britaniyanın nəzarəti altında olmasını diqqətə çatdırırdı.

Ənvər Sadat Misirin əsil müstəqillik əldə etməsi üçün almanları potensial müttəfiq hesab edən çoxlu gənc zabitlərdən biridir. Almanlar bu potensial dissidentlərlə görüşmək üçün Misirə agentlər göndərərək vəziyyətdən istifadə etməyə çalışırlar. 1942-ci ilin oktyabrında Qahirədə Britaniya kəşfiyyatının həbsə aldğı leytenant Sadata casusluq ittihamı elan olunur. O, tezliklə Qahirədəki həbsxanadan qaçmağa müvəffəq olub müharibənin sonuna qədər qaçaq yaşayır. 1945-ci ildə onu yenidən tuturlar. O, bu dəfə Misirin baş naziri Paşuya qarşı baş tutmamış sui-qəsddə iştirakda günahlandırılır. Sadat 1948-ci ildə azad ediləndən sonra orduya qayıdıb polkovnik Nasirlə birlikdə “Azad zabitlər” təşkilatının aparıcı üzvlərindən biri olur.

 

Dövlət çevrilişi iştrakçısı və Süveyş kanalı uğrunda mübarizə

 

1952-ci il iyulun 23-də general Muhəmməd Nakib və polkovnik Nasir kral Farukun devrilməsi üçün nəzərdə tutulmuş çevrilişə başçılıq edirlər. Sadata Qahirədəki radiostansiyanı tutmaq və Misir Respublikasının yaradılmasını elan etmək tapşırılır.

Camal Əbdülnasir

 

Nasir 1954-cü ildə baş nazir olur və tezliklə prezident kimi mütləq hakimiyyət əldə edir. O, güclü ordu yaratmağa başlayır. Sadat yayım naziri kimi Nasirin ən yaxın və etibarlı adamlarından biridir. Nasir 1956-cı il iyulun 26-da Misirin müstəqilliyini xüsusi nəzərə çarpdırmaqla Süveyş kanalını milliləşdirir. Britaniyalılar və fransızlar kanal üzərində nəzarəti təzələmək üçün İsraillə gizli sövdələşməyə gedirlər. İsrail Sinay səhrasına soxulacaq, onlar isə sülhməramlılar kimi kanal zonasını yenidən tutacaqlar. İsrail-Fransa-İngiltərə müdaxiləsi həqiqətən də baş verir, lakin əməliyyat pozulur. Çünki Birləşmiş Ştatlar onları dəstəkləməkdən imtina edir. Amerika müdaxilə iştirakçılarının geri çəkilməsi və kanala üzərində nəzarətin misirlilərə qaytarılmasını tələb edir.

2 dekabr 1956-cı il, kanal zonası. Britaniya və fransız qoşunları geri çəkilir. Keçmiş müstəmləkə dövlətlərinin bu həqarətli məğlubiyyətindən sonra Nasirin populyarlığı ağlagəlməz dərəcədə artır. O, Misiri üçüncü dünyanın liderinə çevirir və 1958-ci ildə öz ölkəsini Suriya ilə birləşdirib Birləşmiş Ərəb Respublikasını yaradır.

Sadat Milli Assambleyanın spikeri, 1964-cü ildə isə vitse-prezident olur. Lakin altmışıncı illərin əvvəlində Yaxın Şərqdə gərginlik artır. Fələstinlilər İsrail dövlətinin yaradılmasından narazıdırlar və ona qarşı aksiyaya çağırırlar. Dini ekstremist islam qrupları respublikanın dini dövlətə çevrilməsini getdikcə daha təkidlə tələb edir. Onların içində ən amansızı fundamental “Əl-təkfir-vəlcirə” hərəkatıdır. Onun tərəfdarları Qərbə tamamilə nifrət edir və bütün kafirləri öldürmək niyyətindədirlər. Hərəkatın həbsxanaya düşmüş yüzlərlə tərəfdarını işgəncələrə məruz qoyurlar. 1966-cı ildə Nasiri öldürməyə hazırlıqda iştiraka görə hərəkatın ruhani lideri Səid Kotebi edam edirlər. Bu, Ənvər Sadat üçün fəlakətli olacaq zorakılıq burulğanının başlanğıcıdır.

 

Təklənmiş İsrail və altıgünlük müharibə

 

Nasirin hərbi islahatları İsraili əmin edir ki, ərəb xalqlarının İsrail dövlətini məhv etmək üçün növbəti cəhdi yalnız vaxt məsələsidir.

5 iyun 1967-ci il. İsrailin HHQ Misirin, Suriyanın və İordaniyanın HHQ-i məhv edən qabaqlayıcı zərbələr endirir. İsrailin blits-kriqi nəticəsində növbəti altı gün müddətində misirlilər Sinay yarımadasını tərk etməli olurlar.

İsrailin digər qüvvələri Holan təpələrini tutur, bütün Yerusəlimi, İordan çayının qərb sahilini və Qəzzanı işğal edir. Alçaldıcı və fəlakətli məğlubiyyətə düçar olan ərəblər qisas alacaqlarına and içirlər. Qələbənin miqyasından başı dumanlanmış israillilər hər hansı bir güzəştdən imtina edib işğal olunmuş əraziləri məskunlaşdırmağa başlayırlar.

Nasir altı günlük müharibədən sonra istefaya getməyə çalışır, lakin Misirin bütün əsas dövlətlərindəki kütləvi nümayişlər onu prezident olaraq qalmağa vadar edir. O, 1969-cu ildə Sadatı yenidən özünün vitse-prezidenti təyin edir.

 

Sadat İsraili tələyə salır

 

1970-ci il oktaybrın 5-də Nasir ürək tutmasından vəfat edir və Sadatı onun varisi seçirlər. Sadat 1971-ci ildə “korrektiv” adlandırdığı inqilabın köməyi ilə öz mövqelərini möhkəmləndirir. Nasirin tanınmış tərəfdarları uzaqlaşdırılır, Nasirin dönəmində həbs edilmiş siyasi və dini məhbuslar azad edilir. Onların içində “Əl-təkfir-vəlcir”in üzvləri çoxdur. Sadatın həlimliyi onlarda təəssürat yaratmır.

Sadat elə həmin il İsrailin 67-ci ildəki sərhədlərə çəkilməsi şərtilə BMT-nin İsraillə sülhə getmək təklifinə razılaşıb xarici siyasətdə çeviklik nümayiş etdirir. Lakin buna nə İsrail razılaşır, nə də onun tərəfini saxlayan Birləşmiş Ştatlar. Sadat ikili siyasətə başlamaq qərarına gəlir. Sovetlər Birliyindən silah alqısı barədə yeni müqavilə imzalayır və zərbə hazırlayır ki, İsraili danışıqlara getməyə məcbur etsin. Onun məqsədi Sinaya soxulmaq deyil, mövqeyi möhkəmlətməkdən ötrü Süveyş kanalının o biri sahilində mövqe tutmaqdır. Bununla belə, Sadat əsil məsədini gizlədərək xeyli sayda sovet müşavirlərini ölkədən çıxartmaqla Birləşmiş Ştatların düşmənliyini yumşaltmağa çalışır. Misirin kanalda ordunun gücləndirilməsi üzrə addımları adi hərbi təlim kimi qələmə verilir. Lovğa israillilər misirlilərin onlara hücuma cürət etmələrinə inanmaqdan imtina edirlər və bu məsələdə Misir kəşfiyyatının hiyləgər fəndi önəmli rol oynayır.

Bir neçə ildir ki, Sadata yaxın adamların içində İsrailin “Mossad” kəşfiyyatının casusu işləyir. O, israilliləri israrla inandırır ki, sovet müşavirlərinin sürgün edilməsinə görə Misir hücuma başlamaq iqtidarında deyil. Lakin bu adam ikili casusdur.

Misir ordusunun gücləndirlməsi üzrə tədbirləri gizlətməyin yeri olmayanda, o, israilliləri inandırır ki, hücum ancaq onların müqəddəs Yomkipur günündən sonra başlayacaq. İsraillilər Yomkipur gününü qeyd edərkən Misir ordusu günorta güclü təzyiqlə su vuran şlanqların köməyi ilə İsrailin qumdan müdafiə səddini yarır. Sürətlə üç panton körpü atılır və Misirin zirehli texnikası onun üzərindən keçib İsrailin müdafiəsinin ön cinahını yarıb keçir. Misir qüvvələri, təxminən, on beş kilometr Sinayın dərinliyinə irəliləyib səngər düzəldir.

Bu arada Suriyanın zirehli tank qoşunları İsrailin quzey cəbhəsindən Holan təpələrinə güclü hücuma başlayır.

İki cəbhədə döyüşlərə baxmayaraq, israillilər əmindirlər ki, yüksək hazırlıqlı HHQ və zirehli tank korpusunun yardımı ilə misirliləri dərhal yerüzündən siləcəklər. Lakin Sovetlərin Misiri təchiz etdiyi hava hücumundan və tankdan müdafiə raketləri Misirə imkan verir ki, güneydə israillilərin hücumunu dəf etsin. İsrailin onlarla təyyarəsi və tankı Misir cəbhəsinə çatmamış məhv edilir. Şimal cəbhəsində İsrail tankları on dəfə az olsa da, öz işindədir. Onlar Suriya tanklarını sürətli və dəqiq atəşlə məhv edib tezliklə hücumu dayandırır. Yalnız Suriyanın yardım barədə xahişi Sadatı qüvvələri müdafiə sipərinin hüdudlarından irəli çıxartmağa əmr verməyə inandıranda israillilər Süveyş kanalını keçib 3-cü ordunu mühasirəyə almağa müvəffəq olur…

23 oktyabr 1973-cü il. Birləşmiş Ştatlar və Sovetlər Birliyi atəşkəs razılaşmasında vasitəçi rolunda çıxış edir. Süveyş kanalının o biri sahilində Misirin dayaq nöqtəsi qalır. Sadatın ərəb dünyasındakı nüfuzu ən yüksək həddə çatır. O, İsrailə qalib gəlməyin mümkünlüyünü sübut edən yürüşün qəhrəmanıdır.

 

İslahat və iğtişaşlar, ərəb dünyasının nifrəti

 

Sadat Birləşmiş Ştatlarla yenidən yaranmış dostluqdan fayda qazanmaq niyyətindədir. O, geniş itisadi islahatlar keçirdir. Əvvəllər dövlətə məxsus olan sənaye müəssisələri və bankları özəlləşdirir, qiymətlər üzərində nəzarəti yumşaldır. Bu siyasət Misirin inkişaf edən orta təbəqəsi üçün əlverişlidir, lakin kasıblar üçün ağır yükdür. 1977-ci ilin yanvarında Qahirə və İsgəndəriyyədə iğtişaşlar başlanır. Bu, əsas ərzaq məhsullarının qiymətinin yüksəlməsinə əhəmiyyətli reaksiyadır. Təşvişə düşmüş Sadat iğtişaşlara görə kommunistləri və dini ekstremistləri günahlandırıb qiymət artımını ləğv edir. Daxili siyasət ölkəni hərc-mərcliyə sürükləyir. Lakin Sadat üçün hazırda önəmli olan xarici siyasətdəki dəyişiliklərlə bağlı hesab etdiyi məsələlərdir. Birinci il deyil ki, o, İsrailin Menahma Beqen hökuməti ilə gizli diskussiyalar aparır.

19 noyabr 1977-ci il, İsrail, Təl Əviv. Danışıqların zirvəsi Sadatın İsrailə rəsmi səfəri olur. O, Knessetə müraciət edir və sülh danışıqlarına başlayır. Bir ildən sonra Birləşmiş Ştatların prezidenti Cimmi Karterin vasitəçiliyi ilə Kemp-Devid sazişi imzalanır. İsrail tamdəyərli sülh müqabilində öz köçkünlərini Sinaydan çıxardır. Sadatın hərəkəti ərəb dünyasında hiddət partlayışı doğurur. Bütün ərəb liderləri onu satqın kimi ittiham edirlər. Ərəb liqası Qahirədəki qərargahını ləğv edir. Sadat İsraili Qəzzadan getməyə və Fələstin Azadlıq Təşkilatı ilə danışıqlara başlamağa razı salmaqla öz ünvanına olan tənqidləri yumşaltmağa ümid edirdi. Lakin Beqen bundan imtina edir. 1979-cu ildə Sadatla Beqenə Nobel sülh mükafatı verilir. Ölkədə – Misirdə təməlçi ruhanilər Sadat barəsində ölüm fitvası verirlər. Fitil yandırılıb və bu, Sadatın qətlinə gətirib çıxardacaq.

1980-ci ildə ailəsindəki korrupsiya barədə yayılan şayiələr və yoxsullarla varlılar arasında artmaqda olan uçurum Sadat rejiminin qeyri-populyarlığını gücləndirir. Bir çox nazirlər onun siyasətinə etiraz əlaməti olaraq istefa verirlər. Təməlçilər ölkənin bütün məscidlərində açıq şəkildə Sadatı öldürməyə çağırırlar.

Ayətullah Xomeyni İranda şahı devirəndən sonra Sadat şaha Misirdə siyasi sığınacaq verəndə, belə bir təəssürat yaranır ki, Sadat fanatikləri bilə-bilə qızışdırır.

 

Mossaddan sui-qəsd xəbərdarlığı

 

1981-ci il martın 6-da Misirin müdafiə naziri Əhməd Bədəvi 13 generalla birlikdə Liviya sərhədi yaxınlığında helikopter qəzasında həlak olur. Tutarlı bir sual ortalığa çıxır: necə oldu ki, bu qədər yüksəkrütbəli məmur bir helikopterdə idi?

Şayiə yayıldı ki, Bədəvi Sadata öz daxili siyasətini dəyişməyi məsləhət görmüşdü.

1981-ci ilin avqustunda İsgəndəriyyədə görüş zamanı Beqen Sadata xəbərdarlıq edir ki, sui-qəsdlər barədə Mossadda məlumatlar var. Misir kəşfiyyatı onun gedişindən dərhal sonra Sadatla xanımının Qahirədəki yay sarayında öldürülməsini hədəfləyən sui-qəsdin üstünü açır.

Nəhayət, Sadat 1981-ci il sentyabrın 3-də öz siyasi rəqiblərini və dini ekstermistləri aradan qaldırmaq üçün tədbirlər görür. 3 mindən çox adam həbs edilir. Təmizlik işləri yalnız orduya toxunmadı. Sadat əmindir ki, ordu ona sadiqdir. Bu, taleyin səhvi və həm də kinayəsi idi.

Hüsnü Mübarək və Ənvər Sadat

 

Sui-qəsd planı

 

1981-ci il sentyabr 23-də leytenant Xalid əl-İslambuliyə xəbər verirlər ki, oktyabrın 6-da prezident Sadatın qatıldığı qələbə paradında iştirak edəcək. İslambuli ekstremist təməlçi “Əl-təkfir-vəlcir” təşkilatının gizli üzvüdür. Sui-qəsdin tərkib hissəsi kimi, Sadatın öldürülməsi barədə artıq dəfələrlə danışılıb.İslambuli intiharçılar qrupuna başçılıq etməyə könüllü şəkildə razılaşır. O, 2 həftədən sonra planı təqdim edir. Plan sadə, lakin effektlidir. Onun bölməsi paradda sona yaxın iştirak edəcək. Parad günü elə edəcək ki, üç nəfərlik dəstə onun maşınında olmayacaq. Onların yerini saxta sənədlə üç nəfər tutacaq. Onun maşını tribunaya çatanda İslambuli sürücünü maşını saxlamağa məcbur edəcək. Sonra isə qaça-qaça tribunaya yaxınlaşacaq ki, prezidentə və birinci cərgədəki böyük zabitlərə qumbara atsın. Üç köməkçisi onu atəşlə qoruyacaq, sonra isə tribunaya sarı yüyürəcəklər ki, çaxnaşmanı gücləndirsinlər.

5 oktyabr 1981-ci il, Qahirə. Parada 24 saat qalmış İslambuli 3 nəfərdən canını qurtarır: biri xəstədir, ikincisinə məzuniyyət verirlər, üçüncüsü isə xüsusi tapşırıq alır.

6 oktyabr 1981-ci il, Qahirə. Prezident Sadat səhər saat onda mindən çox qonaq, diplomat, siyasətçi və jurnalistin yerləşdiyi tribunada öz yerini tutur. Sonra uzun nitq və dualar başlanır.

İslambuli bu arada öz silahını xüsusi bir yerdə gizlədir. O, gəlməmiş əsgərlərin yerinə üç yeni əsgər axtararkən, bütöv bir tamaşa quraşdırır. Saatyarımdan sonra atəşfəşanlıqla və səmada şütüyən qırıcı təyyarələrlə parad başlanır. Sonra ilk qoşunlar və texnika meydandan keçir. İslambulinin maşını tribunaya çatana qədər daha bir saat keçir. Bu vaxt prezidentin və onun mühafizəçiləri də daxil olmaqla xeyli adamın diqqətini yayındıran daha bir reaktiv qırıcı təyyarə dəstəsi səmadan keçir. Onlar maşınlardan birinin tribuna ilə üzbəüz dayanmasına fikir vermirlər.

İslambuli maşından atılıb prezidentə sarı yüyürür. O, 3 qumbara atır, amma onlardan yalnız biri partlayır. Eyni zamanda onun yoldaşları ayağa qalxıb, güman ki, ilk güllələrdən biri ilə Sadatı öldürmüş atəş açırlar. Sonra bu üç nəfər də maşından atılıb dağınıq şəkildə atəş açmaqla tribunaya sarı qaçır. Tribunada aləm bir-birinə dəyir. Prezident də daxil olmaqla 11 nəfər öldürülür, ya da ölümcül yaralanır.

Daha 28 nəfər də yaralanıb. Mühafizəçilər yalnız 45 saniyədən sonra lazımi şəkildə reaksiya verirlər. Bu vaxt qatillərin sursatı qurtarır və onlar maşına sarı qaçırlar. İslambulini və iki qatili yerindəcə yaxalayırlar, dördüncüsü qaçıb gizlənə bilir. Onu iki gündən sonra tuturlar.

Sadatın qatili Xalid əl-İslambuli

 

1982-ci ilin aprelində qısa bir məhkəmədən sonra onların dördünü də edam edirlər. Sadatı növbəti gün dəfn edirlər. İsraillə süh siyasətini davam etdirən vitse-prezident Hüsnü Mübarək onun varisi olur. Həm də sələfinin ölümündə əli olan müsəlman ekstremistlərinə qarşı sərt tədbirlər görür. Siyasətdə radikal dəyişimlərə gətirib çıxartmalı olan qətl yenə də məqsədinə nail ola bilmir…(Strateq.az)

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın