Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Gündəm / Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

Xudatda Qazi ailəsini incidən kimdir? – torpaq dələduzluğu…

“Bir ildən çoxdur ki, mən oğluma torpaq sahəsi ala bilmirəm. Həyat yoldaşım bazarda alver etdiyi üçün Xudat bələdiyyəsinin sədri Elman Allahyarov bizə torpağı baha satmaq istəyir”. DİA.AZ bildirir ki, bunu Xaçmaz rayonu, Xudat şəhər, 3-cü şöbə sakini Samirə Mirkərim qızı Əlibəyova deyir. Bildirir ki, oğlu 1998-ci il təvəllüdlü Məcid Kərimov Çingiz oğluna torpaq sahəsinin ayrılması ilə bağlı Xudat bələdiyyəsinə rəsmi müraciət edib. Şikayətçi iddia edir ki, əvvəlcə ona fərdi mənzil tikintisi məqsədilə torpaq sahəsi ayırmaq istəməyiblər. Sonradan razılığa gəlinsə də, bugünlərdə torpaq başqa bir vətəndaşa satılıb:

“Birinci həyat yoldaşım 21 yaşım olanda məni iki azyaşlı körpə ilə atıb, Rusiyaya getmişdi. Uşaqlarımın birinin üç, digərinin isə dörd yaşı vardı. Müəyyən vaxta kimi valideynlərimin yanında qaldım. Sonra ikinci dəfə ailə həyatı qurdum. Hazırda dörd övladım var. İkinci evliliyimdən də iki oğlum var. Biri səkkiz, digəri doqquz yaşındadır. Böyük oğlum böyüdükcə, ailədə soyuq münasibət yaranırdı. Hiss edirdim ki, ögey ata ilə bir evdə qalmaqdan narahatdır. Oğlum 2016-cı ilin oktyabrında əsgərliyə getdi. İlyarım hərbi xidmətdə oldu. 2018-ci ilin aprel ayında evə qayıtdı. Əsgərlikdən gələndən sonra fəhləlik etdi, daş daşıdı, ev tikintisində işlədi, gördü ki, bununla heç nə etmək olmur. Həm də daimi iş deyil, yenidən hərbiyə qayıtdı. 2019-cu ilin avqustunda artıq bir il idi ki, hərbçi kimi işləyirdi. Gəncədəki N saylı hərbi hissədə çalışır. Elə hərbi qulluğu da orada başa vurub. Sonradan onları Murovdağa göndəriblər. Ötən il sentyabrda başlayan döyüşlərdə iştirak edib”.

Samirə Əlibəyovanın sözlərinə görə, oğlu MAXE kimi hərbi xidmətdə çalışmağa başlayanda onun üçün torpaq sahəsi almaq qərarına gəlib. Dediyinə görə, məmur süründürməçiliyi ilə üzləşib: “Uşaq işləyəndən sonra dedim ki, pul göndərər, torpaq alaram. Sonra daş alarıq, yavaş-yavaş ev tikərik. 24 yaşı var, artıq evə gəlmir. Ötən il müharibədən öncə on günlük məzuniyyət götürüb, gedib Biləsuvarda dostunun evində qalıb. Soruşanda da deyir ki, ana, nə var, orada, nəyə gəlim? Getdikcə, bizdən soyuyur. Mən də istəyirəm ki, uşağım küçələrdə qalmasın, ona bir gün ağlayım. Keçən il noyabrın 28-də evdən gedəndir. Sentyabrın 27-də müharibənin başladığından xəbərsiz idim. Oğlum zəng etdi ki, ana, müharibə başlayıb. Telefonda səsləri eşidəndə dəhşətə gəlmişdim. Müharibə başladı, bitib, bu vaxta qədər oğlum hələ evə gəlməyib”.

“Mən bələdiyyə sədrinə müharibədən öncə və döyüşlər gedən vaxt müraciət etdim. Dedim ki, torpağı özüm üçün yox, oğluma istəyirəm”, – şikayətçi deyir: “Sonuncu dəfə gedəndə məndən bir sot üçün iki min manat pul istədi. İki sot almaq üçün dörd min manat verməliyəm. Həyat yoldaşımla bazarda alver edirik deyə bizə qiymət oxudu. Mən də dedim ki, axı torpağın sotu bu qiymətə deyil. Dövlət rüsumu nədirsə onu ödəyim, lakin mənimlə razılaşmadı. Mən də Birinci vitse-prezident Mehriban Əliyevaya, Ombudsmana, Daxili İşlər Nazirliyinə şikayət məktubu yazdım. Məktubumda qeyd etmişdim ki, torpağı pulsuz istəmirəm. Dövlətin rüsumu nədirsə, ödəyim. Bir müddət sonra eşitdim ki, mənim üçün verilən plan torpağını başqa adama satıb. Artıq bu adamın əlindən bilmirəm ki, hara kimə müraciət edim”.

Samirə Əlibəyova ona ayrılan torpağın başqasına satılmasından narahat olduğunu deyir. Bildirir ki, bələdiyyəyə ilkin olaraq müəyyən məbləğdə ödəniş də edib: “Sənədləşmə məsələsində məndən pul istədi, 328 manat ödədim. Beş sot torpaq verməli idi. Oğlum İkinci Qarabağ Müharibəsində döyüşüb. Elman Allahyarov torpağı başqasına satıb. Ona dedim ki, uşağım orada sizi qoruyur, siz də burada rahat gəzirsiniz. O, da mənə cavabında dedi ki, uşağını oxutdurardın, ora göndərməzdin. Mən də dedim ki, mən saxladım, o, saxladı, bu saxladı. Bəs vətəni kim qoruyacaq? Öz oğlu bütün günü “Jeep”lə o yan-bu yana gəzir. Elman Allahyarov dedi ki, mən on beş ildir burada elə-belə oturmamışam. Məni təhqir etdi ki, çıx bayıra, qapını ört”.
 

Həmçinin oxuyun

İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb

Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb. Dövlətimizin başçısı Azərbaycan …