Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Xaricdə ali məktəb seçərkən nələrə diqqət etməli – ekspert məsləhəti

Xaricdə ali məktəb seçərkən nələrə diqqət etməli – ekspert məsləhəti

“Yaxşı təhsil arxasınca deyil, yalnız diplom əldə etmək məqsədilə xaricə üz tutulması nəticəsində diplomun tanınmasında əngəllər yaranır”

Son bir ildə xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev açıqlamasında bildirib ki, idarənin bir illik fəaliyyəti dövründə 3000-dən çox vətəndaş sənədlərinin nostrifikasiyası (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə bağlı müraciət edib. Onlardan təxminən 33%-dən imtina edilib və həmin şəxslərin diplomları tanınmayıb. İdarə rəisi qeyd edib ki, bu da rəqəmlə 900-ə yaxın vətəndaşın diplomunun tanınmaması deməkdir: “İmtinanın səbəblərinə əsasən vətəndaşların tədris dilini bilməməsi, öz ixtisasından heç bir məlumatının olmaması, eləcə də daxil olan sərhəd məlumatına əsasən verilmiş imtinalar, ixtisasların təhsil pillələri üzrə uyğunsuzluğu və digərləri daxildir. Təhsil müəssisələrini uğurla bitirən 60 faizdən çox şəxsin diplomları isə ölkədə tanınıb”.

İdarə rəisi vurğulayıb ki, Azərbaycanın təhsil müəssisələrində keyfiyyət artdıqca xarici ölkələrə axın daha çox olacaq:“Lakin bizim vətəndaşlar anlamalıdır ki, xarici ölkəyə əsasən daha fərqli və yaxşı təhsil arxasınca getməlidirlər. Yalnız diplom əldə etmək məqsədilə xarici ölkəyə gedilən təhsilin nəticəsində həmin şəxsin diplomunun tanınmasında əngəllər yaranır. Nəticə etibarilə ictimaiyyətə bu rəqəmlər çatdırılır, orta məktəb məzunlarına daha diqqətli olmaları tövsiyə edilir. Ölkə üçün daha prioritet və vacib sahələrin seçilməsi onların gələcəkdə işlə təminatı, lazımi ixtisas sahibləri olması deməkdir”.

Qeyd edək ki, hər il ölkəmizdən yüzlərlə gənc ali təhsil almaq üçün müxtəlif ölkələrə üz tutur. Ancaq təəssüf ki, Azərbaycanın ali məktəblərinin diplomu əksər ölkələrdə tanınmadığı kimi, Azərbaycan da bir sıra ölkələrin diplomunu tanımaqdan imtina edir. Danılmaz faktdır ki, Ukrayna, Rusiya, Gürcüstan universitetlərinə qeyri-qanuni yollarla daxil olanların da sayı çoxdur ki, onların 4-5 ilin sonunda heç bir əziyyət çəkmədən aldıqları diplomların tanınmaması isə ədalətlidir.

Maraqlıdır, xaricə oxumağa gedərkən ali məktəb seçimində nələrə diqqət edilməlidir?

Təhsil eksperti Kamran Əsədov Ukraynada bir çox universitetlərin diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanımamasını normal hesab etdiyini dedi: “Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı 12 bal toplamış insanlar, sadəcə, attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr pilləsində, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, nəticədə diplom da alırlar. Bu diplomların tanınması, sadəcə, təhsil haqqı ödəmək və bir neçə dəfə universitetdə görünməklə həmin şəxslərin həmin sahələr üzrə mütəxəssis olmaqlarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan imtina edərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz. Xaricdə təhsil alanların təqaüdlərinin azaldılması ilə Azərbaycanın iqtisadi vəziyyəti, xərclərin azaldılması istiqamətində cəhdlərdən biri ola bilər. İqtisadiyyatı neftdən asılı olan ölkənin neft qiymətlərinin aşağı olduğu dövrdə digər bir çox səmərəsiz investisiya layihələri, büdcə xərclərini azaltdığı dövrdə, ən çox xaricdə təhsilə ayrılan vəsaiti artırmalıdır. Azərbaycanı indiki və gələcəkdəki iqtisadi problemlərdən çıxaracaq insan kapitalına daha çox vəsait ölkədə qalar”.

K.Əsədov bildirdi ki, azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər: “İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən, xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanıması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu yollamalıdır. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Əgər müvafiq müqavilə olmasa həmin diplom tanınmayacaq. Azərbaycanda məzun olan tələbələrin 7 mini Dağıstan universitetlərinə gedib. Dağıstan universitetləri isə birmənalı olaraq tanınmır. Yəni 4 il müddətində həmin təhsil mərkəzinə getmədən diplom alaraq o diplomun ölkədə tanınmasını istəmək absurd məsələdir. Bu baxımdan, tövsiyə edirik ki, xaricdə təhsil almaqla bağlı əhali ciddi məlumatlanmalıdır”.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın