Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Gündəm / Xaçmaz Mədəniyyət Evinin direktoru ondan şikayət edənləri Şəmsəddin Xanbabayevlə qorxudur? – ARAŞDIRMA

Xaçmaz Mədəniyyət Evinin direktoru ondan şikayət edənləri Şəmsəddin Xanbabayevlə qorxudur? – ARAŞDIRMA

Vüsal Başaratov: “Zöhrab Məmmədov məni tutdurmaq, cəzalandırmaqla təhdid edir”

Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov “işə götürmək” adı ilə pul alıb aldatmaqda ittiham edən Gülnaz Koroğluyeva və Nəcməddin Başaratovun nümayəndəsi Vüsal Başaratov təhdidlərə məruz qalıb. Bu barədə Qafqaznews.az-a danışan V.Başaratov qeyd edib ki, zərərçəkmişlərin hər ikisi onun bacı və qardaşıdır: “Onların nümayəndəsi kimi mətbuata danışdığıma görə də, Z.Məmmədov məni “düşmən” və “təxribatçı” kimi qəbul edir.

Atamın və mənim tanışlarıma, həmkəndlilərimə deyir ki, Vüsal mətbuata haqqımda məlumatlar yaymağı dayandırsın yoxsa, onun üçün pis olar, onu tutduraram”.

V.Başaratovun sözlərinə görə, Z.Məmmədov Xaçmaz Rayon Prokurorluğunun və Xaçmaz RİH başçısı Şəmsəddin Xanbabayevin adından sui-istifadə edir.

“Bu şəxs zərərçəkmişlərdən aldığı rüşvəti qaytarmaq əvəzinə, mənə və ailəmə təhdidlər yağdırır. Regional idarənin müdiri Nazim Ağayev isə “maşennik” adlandırdığı şəxsi necə vəzifədə saxlayır, anlamıram. Digər tərəfdən də, hüquq mühafizə orqanlarının bu məsələyə sükutla yanaşması bir çox suallara səbəb olur”, – deyə V.Başaratov vurğulayıb.

Biz Zöhrab Məmmədovla da əlaqə saxladıq. “Vallah, Qurana and olsun, mən heç kimə elə söz deməmişəm. Şər-böhtan atır”, – deyə Z.Məmmədov bildirdi. “Şikayətçilərlə görüşüb problemi müzakirə etmisinizmi?”, – deyə soruşduq. “Yox, amma görüşüb danışacağıq. Xəbər göndərmişəm ki, gəlsinlər, bir ortaq yol tapaq”, – deyə Z.Məmmədov cavab verdi.

Xatırladaq ki, yanvarın 27-də LEGİON-da “Əbülfəs Qarayevin Xaçmazdakı kadrları korrupsiya və dələduzluqda ittiham olunur” başlıqlı yazı dərc olunurdu. Yazıda bildirilirdi ki, Xaçmaz Mədəniyyət Evinin direktoru Zöhrab Məmmədov vətəndaşlardan pul alaraq, onları “işə götürmək” adı ilə aldatmaqda ittiham olunur. Həmin rayonun sakini Nəcməddin Hətəm oğlu Başaratov və onun bacısı Gülnaz Hətəm qızı Koroğluyeva Z.Məmmədovun onları “işə götürmək” adıyla 2015-ci ilin iyul-avqust aylarında hər birindən 1500 manat aldığını, bir müddət sonra isə müxtəlif “oyun”larla aldatdığını deyirlər. Bu barədə LEGİON-a məlumat verən G.Koroğluyevanın digər qardaşı və nümayəndəsi Vüsal Başaratov bildirib ki, ilk olaraq Xaçmaz Mədəniyyət Evində 1500 manata “sürücü vəzifəsinə işə düzələn” Nəcməddin Başaratov ilk ay cəmi jurnala qol çəkərək cəmi 100 manat maaş alıb.

“Zöhrab Məmmədov qardaşıma demişdi ki, heç işə gəlmə, hər ay gəlib maaş alarsan. Qardaşım 1-ci ay 100 manat maaş alıb və inanıb ki, normal qaydada işə düzəlib. Bundan sonra, bacım Gülnaz Koroğluyeva da iş üçün müraciət edib və Zöhrab Məmmədov “kompyuterdə oturub işləyəcəksən” deyərək, ondan 1200 manat pul alıb. Daha sonra isə daha 300 manat istəyərək, “sənin işin düzəlir, 300 manat da ver, heç işə gəlmə deyib”.

Gülnaz Koroğluyeva cəmi iki ay, hər ay 100 manat olmaqla jurnala qol çəkərək maaş alıb. Daha sonra, Zöhrab Məmmədov ona Beynəlxalq Banka aid maaş kartı verib, hər ay maaşı kartdan çıxaracağını bildirib. Lakin cəmi 1 dəfə o karta 55 manat pul yatırılıb. Qardaşım isə 1-ci aydan başqa ondan 5 manat bir, 20 manat bir olmaqla bir neçə dəfə pul ala bilib. 2015-ci ilin dekabrında qardaşımın boşanma ilə bağlı məhkəmə işi olanda Zöhrab Məmmədovdan arayış istəyib, ancaq arayışı uzun mübahisələrdən sonra ala bilib. Arayışda isə yazılıb ki, guya Nəcməddin orda nəzarətçi işləyib. O vaxtdan bəri, Zöhrab Məmmədov bizdən qaçır və nə pulu qaytarır, nə də işə götürmə və ya çıxarılma ilə bağlı əmrin surətini göstərmir”, – deyə V.Başaratov bildirdi.

Nəcməddin Başaratov isə LEGİON-a bildirdi ki, məsələ ilə bağlı Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayevə də şikayət edib: “Dörd-beş ay əvvəl onunla görüşüb məsələni bildirdim. Dedi ki, mütləq bu problemi həll edəcək və Fərid adlı məsləhətçiyə məndən ərizə almağı tapşırdı. O vaxtdan bəri, heç bir xəbər yoxdur. Mən artıq Nazim müəllimə də inanmıram, çox güman ki, Zöhrab Məmmədovun əməllərindən onun da xəbəri var. Zöhrab Məmmədov ondan xəbərsiz belə bir fırıldaq edə bilməzdi. Tək biz deyilik, çox insanın başına belə oyun açıblar”. Zöhrab Məmmədovun özü bu iddiaları LEGİON-a inkar etsə də, G.Koroğluyeva və N.Başaratovun işə götürülmə və işdən çıxarılmasına dair əmrlər barədə suallarımızı cavabsız qoydu.

 Qafqaznews.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın