Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Xəzərdə balıq niyə yoxa çıxıb – Ekologiya Nazirliyindən izahat

Xəzərdə balıq niyə yoxa çıxıb – Ekologiya Nazirliyindən izahat

Son zamanlar Xəzər dənizinin Bakı ərazisinə düşən sahillərində balıq tutmaq müşkülə çevrilib. 

Bu barədə “Yeni Müsavat”a məlumat verən balıqçılar bildiriblər ki, iki aydan çoxdur balıq üzünə həsrətdirlər. Onların sözlərinə görə, buna səbəb dənizin həddindən artıq ekoloji çirklənməyə məruz qalmasıdır. Bunun nəticəsində peşəkar balıqçılar belə dənizdən balıq tuta bilmirlər. Balıqların Bakının sahilboyu ərazilərindən uzaqlaşmasının daha bir səbəbi kimi müxtəlif neft kooperasiyalarının dənizdə apardıqları təcrübələr, süni partlayışlar da əsas gətirilir. Belə ki, partlayış nəticəsində həm də dənizin suyunda çirklənmə yaranır və bu hal da balıqların suyun dərinliklərinə doğru getməsi ilə nəticələnir.

Bəzi iddialara görə, sentyabr ayında “BP-Azərbaycan” şirkəti Bakı-Salyan şosesinin 5-50-ci kilometrliyində Xəzər dənizinin sahil boyu ərazilərində neft hasilatı prosesi ilə bağlı xüsusi kəşfiyyat partlayışları həyata keçiriblər. Partlayışın təsirindən sahilboyu ərazilərdəki balıqlar suyun dərinliklərinə çəkiliblər. İddia olunur ki, şirkət dənizdə ara-sıra bu cür tədqiqatlar həyata keçirir. Hər tədqiqat sonrası isə bir neçə ay dənizdə balıqlar yoxa çıxır. Bütün bunlar ölkədə balıq məhsullarının da kəskin şəkildə azalmasına və bahalaşmasına səbəb olub.

Məsələ ilə bağlı “BP-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinə sorğu ünvanladıq.

baliq2

Şirkətdən sorğumuza cavab olaraq aşağıdakılar bildirildi: “Sorğunuza cavab olaraq bildiririk ki, “BP Azərbaycan” şirkəti Bakı-Salyan şossesinin 5-ci kilometrliyindən 50-ci kilometrə qədər olan sahil boyu, yaxud da sahilə yaxın ərazilərdə, dənizdə, heç bir axtarış-kəşfiyyat işi və digər tədqiqat aparmır”.

Məsələ ilə bağlı ekoloq Telman Zeynalov “Yeni Müsavat”a bildirib ki, əslində Xəzərdə balığın olmamasının səbəbi başqadır: “Son dövrlər Xəzər dənizi bir o qədər də çirkləndirilmir. İkincisi də nərə və digər balıqların nəsli artıq tükənir.

Çünki biz dənizə balıq yetişdirib buraxmırıq. Daha çox Rusiya, Qazaxıstan və İran yetişdirir. Əsas məsələ də budur. Gərək birincisi bəsləyəsən, sonra da ovlayasan. Neft istehsalı ilə məşğul olan şirkətlərə gəlincə isə deyə bilərəm ki, artıq bütün bunlar da düşünülür. Son zamanlar tətbiq olunan müasir texnologiya sayəsində Xəzər dənizi elə də çirkləndirilmir. Sovetin dövründə belə hallar müşahidə olunurdu. O zamanlar çirklənmə var idi. İndi isə müstəqil dövlətik. Kim istəyər ki, öz gəlirindən əl çəksin. Hazırda məlumdur ki, dəniz də müxtəlif məmurlar arasında bölüşdürülüb, hasarlanıb. Əgər oradan pul qazanırlarsa, hansı məmur istəyər ki, pulunu çölə atsın? Bu səbəbdən neft hasilatında tətbiq edilən üsullara, çirklənmə səviyyəsinə onlar da nəzarət edirlər. Həvəskar balıqçılar təbii ki, şikayətlənə bilərlər. Çünki brakonyerlər balıqların qarşısını gəmilərlə, torlarla, digər qurğularla kəsirlər, heç qoymurlar ki, balıq sahilə gəlsin”.

baliq1

2016-cı ildə ümumilikdə 8 milyon ədəd nərə balığı körpəsi Xəzər dənizinə buraxılıb. Bu proses bütün ictimaiyyətin, medianın gözü qarşısında aparılıb

Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sahə üzrə mütəxəssisinin də fikrini aldıq. 

Nazirliyin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin baş müfəttişi İsmayıl Yunusov “Yeni Müsavat”a bildirib ki, respublika ərazisində 12 balıqartırma təsərrüfatları mövcuddur: “Həmin təsərrüfatlar balıq körpələri alıb, təbii şəraitdə artırılması və Xəzərə buraxılmasına xidmət edir. Həmçinin bizdə 4 ədəd nərə balıqartırma zavodları da fəaliyyət göstərir. Bunlar Kür-ağzı, Xıllı, Şirvan, Kür-təcrübə nərə balıqartırma zavodlarıdır. Bu zavodların fəaliyyəti nəticəsində misal üçün, 2016-cı ildə ümumilikdə 8 milyon ədəd nərə balığı körpəsi Xəzər dənizinə buraxılıb. Bu proses bütün ictimaiyyətin, medianın gözü qarşısında aparılıb. Eyni zamanda çəkikimilər də bu qayda üzrə, 390 milyon balıq kürüləri  Xəzər dənizinə və digər su hövzələrinə buraxılıb. Təxminən 127 min ədəd Qızıl balıq körpəsini də yetişdirib, su hövzələrinə, Xəzər dənizinə buraxmışıq”.

baliq

İ.Yunusov bildirib ki, onlar brakonyerlərə qarşı da mübarizə aparırlar: “Xəzər və Kür ətrafında yaşayan insanlarla da təbliğat işləri aparılır. Onlara bildirilir ki, qanuni əsaslarla balıq ovuna icazə var. Bu il bizdə olan siyahıya görə, 9 nəfər hüquqi və 146 nəfər fiziki şəxs qanuni əsaslarla balıq ovu ilə məşğul olublar. Eyni zamanda brakonyerlik halları da baş verib. Onlara qarşı mübarizə tədbirlərinin nəticəsində 2016-cı ilin 10 ayı ərzində 112 iş açılıb. Onlardan 15-i istintaqa göndərilib, hansı ki, bu işlər cinayət tərkibli işlərdir. Ümumilikdə isə balıq ehtiyatlarına vurduqları zərərə görə, vətəndaşlara 38 min 896 manat məbləğində iddia qaldırılıb. Eyni zamanda  xeyli sayda ov alətləri də müsadirə olunub, qanunsuz ovlanan 631 ədəd balıq isə onlardan alınıb”.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın