Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Xətai rayonun yaşayış binasını kim “mühasirəyə alıb?” – SOS

Xətai rayonun yaşayış binasını kim “mühasirəyə alıb?” – SOS

Paytaxtın Xətai rayonu, general Əliağa Şıxlinski küçəsi, 3-a ünvanında yaşayan sakinlər ciddi problemlərlə üzləşiblər. APA TV-nin məlumatına görə, ərazidə qanunsuz inşa olunmuş tikililər qeyd olunan ünvandakı binanı az qala üzük qaşı kimi mühasirəyə alıb. Binanın giriş və arxa hissəsində yeni tikililər inşa olunub, üstəlik bu tikililər daş hasara alınıb. Nəticədə maşınların binanın qarşısına daxil olması üçün dar bir cığır qalıb.

Binanın sakini Tamara İbrahimova deyir ki, yolun bağlanması sakinlərə çoxsaylı problemlər yaradıb: “35-ci mənzildə yaşayıram. Bina 4 blokdan ibarətdir. Amma iki hissəli olduğundan bizə iki blok düşür. Binanın həyətində sakinlər üçün heç bir şərait yoxdur. Nə uşaqların, nə böyüklərin dincəlməsi, üçün bir yeri yoxdur. Bİnanın həyətinə gördüyünüz kimi bir maşın yolu var. Həyətin tutulan hissəsi də göz qabağındadır. Pilləkənlərin qarşısı bağlanıb. Pilləkənsiz evə gəlmək çox çətindir. Bu qış burada yıxılan və qolunu sındıranlar da olub. İstəyirik bizim həyətimiz də abadlaşdırılsın. Burada oturacaqlar, uşaqlar üçün yelləncəklər qoyulsun. Ağacların hamısını kəsiblər. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Xətai rayon icra hakimiyyətinə bina sakinləri adından müraciət də etmişik. Bu binanın iki blokunda 400-500 nəfər yaşayır. Müraciət etdiyimiz təşkilatlardan heç bir cavab verilməyib”.

Binanın digər bir sakini isə səhhətinin pis olduğunu, həkimlərin ona açıq havada daha çox gəzməyi məsləhət gördüyünü deyir. Amma həyətdə bunun üçün müvafiq şərait yoxdur.

Digər sakin Fatimə Mustafayeva həyətdə az qala addım atmaq üçün yer qalmadığını deyir: “İnanın ki, xəstəliyimlə bağlı həyətə düşməliyəm yer tapmıram, istəyirəm gedim digər həyətlərdə oturum. Çünki həyətə yalnız bir minik avtomobilinin girəcəyi qədər yol qalıb. Bir divara mismar vuranda bütün qurumların nümayəndələri burada peyda olur. Burada bu qədər tikinti getdi, həyət toz-torpaq içərisində oldu, bir nəfər gəlmədi. İndi hər yer hasarlanıb, kimi dindirirsən, deyir almışam. Xahiş edirik bizə kömək edin, elə bil həbsxana həyatı yaşayırıq. Mən nəvələrimlə həyətə düşə bilmirəm. Baxın görün bir fövqəladə hal yaranarsa, yanğın baş verərsə, bu məhəlləyə yanğınsöndürənlər necə girəcəklər?”

Bina sakinlərinin şikayəti bununla bitmir. Sakinlər aylarla 10 mərtəbəli hündür binada liftin işləməməsindən də əziyyət çəkirlər.

Digər sakin Sara Yusibova isə liftlərin işləməməsindən, bloklardaə təmizlik işləri aparılmamasından şikayətçidir: “Lift işləmir. Blok təmizlənmir. Blokun içərisi belə tutulub. Hər bir sakin mənzilinin qarşısında şkaf hördürüb. MİS-dən icazə alıb tikiblər. Evə güclə qalxırıq. Həyət darısqaldır. Maşınları saxlamağa yer olmadığından iki dəfə fırlanıb yenidən həyətə girməli oluruq.

Məsələ münasibət bildirən Xətai rayon icra hakimiyyətinin memarı Vadim Surxayev deyir ki, hazırda rayon ərazisində abadlıq işlərinə start verilib. Elə ərazilər var ki, orada qanunsuz salınan bağ-bostan hissələri ləğv edilib. O ki, qaldı general Əliağa Şıxlinski küçəsi, 3-a nömrəli binanın sakinlərinin narahatlığına…

“Əlaltı materiallardan quraşdırılmış hasarlar da, bağlar da artıq ləğv olunur. Belə olan halda xoşagəlməz hallar meydana çıxır. Kimlər tərəfindənsə tikilmiş kiosklar, kiçik tikililər, öz bağlarında inşa etdikləri yaşayış tikililəri də buna aiddir. Hazırda tərəfimizdən bunlar ləğv edilməkdədir. Sözü gedən ərazidə başlanmış tikintilər artıq sökülüb. İki-üç gün vaxt verilib ki, tam yığışdırılsın. Göstəriş verilib ki, həyətdəki inşaat materialları da təmizlənsin. Eyni zamanda köhnə bostanların da söküntüsü davam edir. Bunun ardınca həmin həyətlərindəki gediş-gəlişin bərpası və sakinlərin dincəlməsi üçün şəraitin yaradılması tərəfimizdən tədbirlər planına uyğun olaraq həyata keçiriləcək”.

O ki qaldı binanın qarşısındakı sakinlərin yola çıxışını bağlayan hasara və binanın arxa girişindəki köhnə tikililərə Vadim Surxayev deyir ki, bu problem də tezliklə öz həllini tapacaq.

“Çünki bunlar mövcud köhnə tikililərdir. Hazırda bununla bağlı icra hakimiyyəti tərəfindən təftiş aparılır. Təftiş zamanı tikintinin mənsubiyyəti bəlli olduqdan sonra bununla bağlı qərar qəbul ediləcək. Ay ərzində rayonun digər ərazilərində keçirilən təftişlərin nəticəsi məlum olacaq və buna uyğun qərar qəbul ediləcək”

Sakinlərə cəmi bir ay gözləmək qalır. Zaman isə su kimi axır…

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın