Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Vergi nazirinin hədəfə gəlməsinin sirri

Vergi nazirinin hədəfə gəlməsinin sirri

Prezidentin müşavirəsində iştirak etməyən Fazil Məmmədov haradadır?; Sahibkarlara açıq deyiblər ki, onlar ya vergini son qəpiyinəcən verməli, ya da…; “Krışalıq” söhbəti daha iri biznes sahiblərinin və onları himayə edənlərin ciddi narazılığına səbəb olub, bir neçə istehsal müəssisəsinin qapıları bağlanıb və işçiləri müddətsiz məzuniyyətə buraxılıb….

Prezident İlham Əliyevin iyulun 13-də Nazirlər Kabinetinin iclasında ən sərt tənqid etdiyi Vergilər Nazirliyi oldu. Prezidentin çıxışında bir neçə sahələrdə problemlərin olduğu qeyd edilsə də, Fazil Məmmədovun rəhbərlik etdiyi qurumun tənqidi daha kəskin tonda edildi.

Məlumdur ki, neftin qiymətinin dünya bazarında düşməsindən sonra, dövlət başçısının müşavirədə də qeyd etdiyi kimi, iqtidar vergilərin toplanması ilə bağlı məsələyə daha ciddi önəm verir. Bu ilin fevralında Vergilər Nazirliyində struktur dəyişiklikləri edən prezident nazir Fazil Məmmədova 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verməsi barədə sərəncam imzaladı. Bu sərəncam Vergilər Nazirliyinin yaradılması ilə əlaqələndirilsə də, iddia olunurdu ki, bu,  F.Məmmədova vergilərin toplanması ilə bağlı “fövqəladə  səlahiyyətlər” verilməsinə bir mesaj idi. 
Xəbərlərdə deyilirdi ki, nazirə tapşırılıb ki, istisnasız olaraq məmur-oliqarxların nəzarətində olan bütün istehsal müəssisələri – fabrik-zavodlar, restoranlar, hətta qaçqın və məcburi köçkünlərin adına rəsmiləşdirdikləri köşklər belə vergiyə cəlb edilsin. Yeri gəlmişkən, 2015-ci il dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə 7 milyard 112  milyon manat daxilolma proqnozlaşdırılır ki, bunun da 4 milyard 812  mln. manatı və ya 67,7 faizi qeyri-neft sektorunun, 2 milyard 300 mln. manatı və ya 32,3 faizi isə neft sektorunun payına düşür. Bu, 2014-cü  ilin proqnozu ilə müqayisədə 10 milyon manat və ya 0,1 faiz çoxdur. Vergilər Nazirliyinin saytında 2015-ci ilin yanvar-iyun aylarında vergi daxilolmaları haqqında məlumatla maraqlandıq.
Məlum oldu ki, 2015-ci ilin yanvar-iyun ayları ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 3 milyard 346 milyon 306,8 min manat vəsait daxil olub, proqnoz tapşırığına 100,8 faiz əməl edilib. Qeyri neft-qaz sektoru üzrə büdcəyə 2 milyard 289 milyon 221,5 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 68,4 faiz təşkil edir. Bəs belə olduğu halda Vergilər Nazirliyi niyə hədəfə gəlsin?  
Məlumata görə, Vergilər Nazirliyi bir müddət əvvəl vergi borcunu ödəməyən oliqarxların şirkətlərinin siyahısını hazırlayıb. Bu məsələdən ciddi təlaşa düşən oliqarxların bəziləri  vergi borclarını tezliklə ödəməyə hazır olduqlarını bildirib, bəziləri külli miqdarda vəsaiti toplamaq üçün vaxt istəyiblər. Amma onları “Avropa Oyunları yaxınlaşır” adı ilə çox tələsdiriblər. Bu isə iri şirkətləri himayə edən bir sıra iri ranqlı məmurların sərt etirazına səbəb olub. Sahibkaralar açıq deyiblər ki,  ya vergini son qəpiyinəcən versinlər, ya da…
Prezidentin məlum müşavirəsindəki çıxışa diqqət edək: “Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir. Mən bunu qeyd etməliyəm. Ona görə sahibkarlar, sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam. Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm.
Eyni zamanda dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq-mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, ”krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlər ki, bunu heç kim bilmir, səhv edirlər. 
Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə bax, bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olanlar dərhal öz cəzasını alacaq”.
İddialara görə, “krışalıq” söhbəti daha iri biznes sahiblərinin və onları himayə edənlərin ciddi narazılığına səbəb olub. Bəziləri “yeni krışalıq” təklifi ilə razılaşmayaraq (onların sırasında bir neçə deputat da var) tez-tələsik 100-120 nəfərlik müəssisələrini və restoranlarını “bankrot” adı ilə bağlamağa məcbur olublar. O cümlədən, bir neçə istehsal müəssisəsinin qapıları bağlanıb və işçiləri müddətsiz məzuniyyətə buraxılıb.
Yenidən prezidentin çıxışına diqqət yetirək: “Ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək. Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.
Müəssisələrin bağlanması isə qeyri-neft sektorunun inkişafına çalışan və işsizliyin azalmasını istəyən iqtidarın kursuna ciddi zərbə kimi qiymətləndirilib. İddialara görə, F.Məmmədov ona verilən səlahiyyətlərdən istifadə edərkən elə ciddi fiqurların mənafeyinə toxunub ki, narazılıq birbaşa prezidentə çatıb. Bir mənbənin iddiasına görə, Vergilər  Nazirliyi hətta “toxunulmazlar siyahısı”nda olan baş qorumanın belə obyektlərinə müfəttişlər göndərib. Aparılan yoxlamalar nəticəsində həmin müəssisə-obyektlər hətta bir neçə gün fəaliyyətini dayandırmalı olub ki, bu da narazılıq doğurub. Bu, həm də nazirin özünün iqtisadi imperiyasını gücləndirmək niyyəti kimi yozulub.
 
Qeyd edək ki, oliqarxlar sırasında öndə gedən fiqurları içərisində vergilər naziri Fazil Məmmədovun da xüsusi çəkisi var. Dövlətin ən mühüm sahələrindən birinə rəhbərlik etməsinin ona qazandırdığı geniş imkanlar son nəticədə böyük bir biznes imperiyasının formalaşmasına səbəb olub. Görünür, vəzifə kürsüsündə mövqelərini möhkəmləndirdikcə o, ayrı-ayrı sahələrə də nəzarəti gücləndirmək istəyib ki, bunun da qarşısı kəsildi və prezident vətənə xəyanət maddəsini xatırlatdı…
Maraqlıdır ki, 13 iyul müşavirəsində Fazil Məmmədov iştirak etmirdi. Rəsmi xəbərə görə, F.Məmmədov iyulun 13-də Qazaxda vətəndaşları qəbul edib. Böyük ehtimalla müşavirədə iştirak etməyən baş nazir Artur Rəsizadə, nəqliyyat naziri Ziya Məmmədov kimi o da məzuniyyətdədir…
 
“Yeni Müsavat”

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın