Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Velosiped sürmək infarkt və xərçəng riskini 50 faiz azaldır

Velosiped sürmək infarkt və xərçəng riskini 50 faiz azaldır

Paytaxtda velosiped kirayələri niyə azdır?
Qlazqov şəhərindən olan alimlər komandasının uzun illər apardığı tədqiqatın nəticələrinə görə, velosipeddən istifadə xərçəng və infarkt riskini iki dəfə azaldır. 5 il davam edən tədqiqatda 250 min könüllü iştirak edib. Bu illər ərzində onlardan 2430-u vəfat edib, 3748 nəfərdə xərçəng xəstəliyi aşkar edilib, 1110 nəfərin isə ürəyi ilə bağlı problemləri meydana çıxıb. Velosipedlə gəzmək xəstələrin ölüm riskini təqribən iki dəfə azaldıb. Tədqiqat iştirakçıları həftə ərzində orta hesabla 48 kilometr məsafəni qət ediblər.
“Tamamilə aydındır ki, fəal həyat tərzi keçirən insanlar özlərini bu cür xəstəliklərdən sığortalamış olurlar. Bizə infrastrukturu dəyişərək onu velosipedçilər üçün daha uyğun etmək lazımdır ”, – deyə tədqiqatçı həkimlərdən biri Jason Jill BBC-ə açıqlamasında bildirib. Velosiped fransızca “tez ayaq” deməkdir. Velosiped sürmək ürək məşqidir. Araşdırmalar zamanı velosiped sürənlərin müntəzəm şəkildə qaçışla məşğul olan insanlardan daha sağlam olduğu sübut edilib.
Bir çox Avropa ölkələrinə nəzər salsaq, orada küçələrdə maşınlardan çox velosipedlərin olduğunu görərik. Burada məmur da, sadə vətəndaşlarda getmək istədikləri yerə velosipedlə gedir, beləcə həm ekologiya təmiz qalır, həm də sağlam qalırlar. Məsələn, Yaponiyada təbiəti mühafizə etmək üçün nazirlər xidməti maşından yox, məhz velosipeddən istifadə edirlər. Təəssüf ki, Azərbaycan üçün bunu demək mümkün deyil. Paytaxtda maşınların çoxluğu bəzən bizi təngə gətirir. Ölkəmizdə velosipedi yalnız dənizkənarı milli parkda sürürlər. Hansısa yaşlı bir insanın velosiped sürdüyünü gördükdə isə ona qəribə baxılır. Azərbaycanda hansısa məmurun işə velosipedlə gedib gəldiyini təsəvvür belə etmək mümkün deyil.
Təəssüf ki, ölkəmizə xas xüsusiyyət kim daha bahalı maşın alacaq yarışmasıdır. Avtomobillərin ekologiyaya vurduğu ziyan və insanların az hərəkətliliyinin nəticəsidir ki, insanlar bu həyatla tez vidalaşmalı olur və ya müxtəlif xəstəliklərə yoluxurlar. Bakıda da velosiped kirayə verilən yerlər olsa da, bundan daha çox əyləncə məqsədilə gənclər istifadə edir. Velosiped kirayəsi ilə maraqlansaq, da bunun çox az yerlərdə olduğunu gördük. Demək olar ki, hər addımda maşın kirayəsinə rast gəlsək də, velosiped kirayəsinin cəmi iki yerdə, Bayraq meydanı tərəfdə və Ağ şəhərdə Velopark ərazisində olduğunu öyrəndik. Qiymətlər isə bu cürdür: sadə starın 1 saatı 3 manat, sürətli star isə 5 manatdır. Öz şəxsi velosipedi olanlar da harasa gedib gəlmək üçün onu rahat bir şəkildə sürə bilmirlər. Çünki Bakıda velosiped sürmək üçün xüsusi zolaqlar nəzərdə tutulmayıb.
Qeyd edək ki, velosiped sürməklə həm də siz arıqlaya bilərsiniz. Yayın gəlişinə az qaldığı üçün müxtəlif vasitələrlə arıqlamağın yollarını axtaranlara mütəxəssislər velosiped sürməyi tövsiyə edilərlər. Velosiped sürən bir insan orta sürətdə sürərsə, təxminən 1 saata 550 kalori itirə bilər. Həftə sonu 3 saatlıq velosiped turu 1 günlük kalori yandırmanıza kömək edəcək. Velosiped pedalını çevirərkən ayaq və qarın əzələləri də hərəkət edir. Gündə 1 saat velosiped sürən adam 1 ayda 3 kilo arıqlaya bilər. Velosiped əzələləri yormur və maddələr mübadiləsini sürətləndirir. Ayaq, omba, baldır, qarın bölgəsinin yağlarını əridir. Həmin bölgələrdəki sellülitə qarşı faydalıdır. Ayaq, qarın, göbək və bu kimi digər əzələləri hərəkətə gətirir. Ürək və damar sağlamlığı üçün çox faydalıdır. Həddən çox sürətli tempdə sürülməməlidir. Siqareti tərgidənlər üçün ağciyərin tez bir zamanda təmizlənməsinə kömək edir. Həftədə ən az 2 dəfə və 30 dəqiqə sürülməlidir.
Qeyd edək ki, velosiped tikiş maşınından sonra dünyada kütləvi şəkildə istehsal edilib yayılan ikinci texniki məhsuldur. Hazırda dünyada bir milyarddan çox velosiped mövcuddur. Kiçik ölçüsü, aşağı qiyməti və yanacağa ehtiyacının olmaması onun dünyada belə geniş yayılmasının başlıca səbəbidir. Velosipedlərin bir neçə növü var. Bu növlərin çox isə ölkəmizdə yoxdur. Bu növlər aşağıdakılardır: uşaq velosipedi, dağ velosipedi (müxtəlif tipli avadanlıqla, hətta 27 sürətlə təchiz olunub), hibrid velosipedi (torpaq yollarda və ya asfalt yollarda istifadə üçün nəzərdə tutulub), şəhər, yol velosipedi, trial velosipedi (Bu növ velosipedlər tullanmaqla daha sərt yürüşlərdə istifadə olunur), BMX velosipedləri (ən çətin nömrələr göstərmək üçün, süni maneələrdən tullanmaq üçün xüsusi velosiped növüdür), şose velosipedi (yaxşı asfaltlı yollarda sürətli yürüşlər üçün nəzərdə tutulub), Trek velosipedi (Amortizatorlar, ötürmələr və əyləc sistemləri quraşdırılmayan bu şosse velosiped növü trek yarışları üçün nəzərdə tutulub).

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın